Əsas Səhifə > Güney Press > Dünya bazarında neftin qiyməti oktyabrın 20-də YENİDƏN bahalaşıb

Dünya bazarında neftin qiyməti oktyabrın 20-də YENİDƏN bahalaşıb


Bu gün, 10:29

Dünya bazarında neft oktyabrın 20-də bahalaşıb. Yaxın Şərqdə enerji infrastrukturu və dəniz daşımaları ilə bağlı təhlükələr fonunda Brent beş aylıq maksimuma yaxın səviyyədə qalıb.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə saat 08:36-da Brent fyuçersləri 0,5% artaraq bir barel üçün 110,10 dollara çatıb. WTI-nin daha fəal ticarət olunan dekabr müqaviləsi 0,4% bahalaşaraq 98,93 dollar olub. Bu gün müddəti bitən noyabr müqaviləsi isə 103,91 dollardan ticarət edilib. Kotirovkalar səhər sessiyasına aiddir.

Əvvəlki sessiyada Brent 0,3% ucuzlaşaraq 109,55 dollarla bağlanmışdı. ABŞ-nin Rusiyaya qarşı bəzi yeni sanksiyalara güzəşt verməsi əlavə təklif gözləntiləri yaratsa da, qiymətlər gün ərzindəki itkilərin böyük hissəsini geri qaytarmışdı.

“The Wall Street Journal”ın istinad etdiyi “ANZ Research” analitiklərinə görə, Yaxın Şərqdə artan təchizat riskləri yanacaq bazarını sabitləşdirmək səylərinin təsirini məhdudlaşdıra bilər. ABŞ energetika naziri Kris Rayt neft axınlarının münaqişədən əvvəlki səviyyənin təxminən 80%-nə bərpa olunduğunu bildirib. Bununla belə, analitiklər mövcud tədbirlərin bazardakı gərginliyi aradan qaldırmaq üçün yetərli olmayacağını düşünürlər.

Təklifi artırmaq üçün Beynəlxalq Enerji Agentliyinə üzv ölkələr ehtiyatlardan qalan təxminən 100 milyon barelin buraxılmasını sürətləndirmək barədə razılığa gəliblər. Oktyabrın 15-də açıqlanan qərara 20 milyon bareldən çox dizelin mümkün qədər tez bazara çıxarılması daxildir. Söhbət martda başlanmış proqramın tamamlanmasından gedir. Agentlik hasilat və emal imkanları olan ölkələri, xüsusilə dizel üzrə, istehsalı artırmağa çağırıb.

ABŞ Enerji İnformasiyası Administrasiyası isə oktyabr hesabatında Brent-in dördüncü rübdə orta qiymətini 105 dollar proqnozlaşdırır. Bu, əvvəlki qiymətləndirmədən 14 dollar çoxdur. Qurum dizel çatışmazlığının emal müəssisələrinin xam neftə tələbini artırdığını bildirir. Hasilat və daşımaların tədricən bərpası fərziyyəsi əsasında 2027-ci il üçün orta qiymət 84 dollar gözlənilir. Lakin bu proqnoz oktyabrın 1-dək olan məlumatlara əsaslandığından son hücumları və sonrakı siyasi qərarları əhatə etmir.


Geri qayıt