Əsas Səhifə > Güney Press > Hər rayonda icra başçısına ehtiyac yoxdur: 14 icra nümayəndəsi olmalıdır
Hər rayonda icra başçısına ehtiyac yoxdur: 14 icra nümayəndəsi olmalıdırBu gün, 11:00 |
|
TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi ilə Azərbaycanda dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, nazirlik və komitələrin fəaliyyətinin optimallaşdırılması, eləcə də icra hakimiyyəti orqanlarının strukturunun dəyişdirilməsi məsələsi yenidən gündəmə gəlib. Bəzi ekspertlər deyirlər ki, dövlət qurumlarının sayının və idarəetmə xərclərinin optimallaşdırılması büdcə vəsaitlərindən daha səmərəli istifadəyə imkan yarada bilər. Modern.az-a açıqlama verən sabiq deputat, iqtisadçı Vahid Əhmədov bildirib ki, Azərbaycanda operativ idarəetməni təmin etmək üçün struktur islahatlarının davam etdirilməsinə ciddi ehtiyac var. Onun sözlərinə görə, ölkədə nazirliklərin, komitələrin və digər hökumət qurumlarının sayı idarəetmə baxımından optimallaşdırılmalıdır: “Ümumiyyətlə, struktur islahatları getməlidir. Cənab Prezident tərəfindən bu istiqamətdə islahatlar aparılır. Hesab edirəm ki, məsələləri operativ həll etmək üçün çevik idarəetmə strukturu olmalıdır. Bu qədər nazirlik, komitə və hökumət təşkilatları Azərbaycan üçün çox böyükdür. Büdcədən buna görə xeyli vəsait ayrılır. Bu qədər nazirliyin, komitənin və hökumət təşkilatının olmasına ehtiyac yoxdur. Onların birləşdirilərək operativ idarəetmə strukturunun qurulmasına böyük ehtiyac var”. Vahid Əhmədov TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi məsələsinə də münasibət bildirib. O, səhiyyə sisteminin vahid mərkəzdən idarə olunmasını düzgün yanaşma hesab edib: “TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi çox düzgün addım oldu. Səhiyyə vahid mərkəzdən idarə edilməlidir. Bunu iki yerə bölmək, hətta icbari tibbi sığortanı ayırmaq problemdir. İcbari tibbi sığortada da, səhiyyənin özündə də problemlər yarandı. Nəhayət, cənab Prezident düzgün qərar verərək məsələni həll etdi”. İqtisadçı qeyd edib ki, digər sahələrdə də qurumların birləşdirilməsi imkanlarına baxılmalıdır. Onun fikrincə, Nazirlər Kabinetinin mövcud strukturu sovet dövründən qalan idarəetmə modelinə əsaslanır və bu sahədə ciddi dəyişikliklərə ehtiyac var. “İndi konkret olaraq hansı nazirliklərin və qurumların birləşdirilməli olduğunu sadalamaq istəmirəm, çünki bu məsələlərə diqqətlə baxılmalıdır. Dünyada gedən iqtisadi proseslər, gəlirlərin azalması operativ idarəetmə strukturunun Azərbaycanda qurulmasını diqtə edir. Buna çox böyük ehtiyac var”, – deyə o vurğulayıb. Vahid Əhmədov icra hakimiyyəti orqanlarının strukturunun da dəyişdirilməsini təklif edib. Onun fikrincə, ölkədəki 14 iqtisadi rayon üzrə idarəetmə modelinin tətbiqi və hər rayon üzrə Prezidentin nümayəndəsinin fəaliyyət göstərməsi alternativ yanaşma ola bilər. “Azərbaycanda 14 iqtisadi rayon var. Hər iqtisadi rayon üzrə bir nəfər Prezident nümayəndəsi olmalı və operativ idarəetməni həyata keçirməlidir. Hər rayonda icra başçısına ehtiyac yoxdur”, – deyə sabiq deputat bildirib. İqtisadçı əlavə edib ki, dünyada baş verən müharibələr qlobal iqtisadiyyata ciddi təsir göstərib və Azərbaycanda ümumi daxili məhsulun artım tempi aşağıdır. Onun sözlərinə görə, hazırda neftin qiymətinin yüksək olması müəyyən qədər problemləri yumşaltsa da, gələcəkdə bu vəziyyət dəyişə bilər. “İndi neftin qiymətinin yüksək olması müəyyən qədər problemi aradan qaldırır. Amma neftin qiyməti həmişə belə olmayacaq. İran məsələsi həll olunub Hörmüz boğazı açılanda neftin qiyməti aşağı düşəcək”, – deyə Vahid Əhmədov fikirlərini yekunlaşdırıb. Geri qayıt |