Əsas Səhifə > Güney Press > Həbibbəyli niyə tələsmir ki?..

Həbibbəyli niyə tələsmir ki?..


Bu gün, 11:11

AMEA prezidenti İsa Həbibəyli bildirib ki, Ramiz Mehdiyevin həqiqi üzvlükdən çıxarılması məsələsinə məhkəmə qərarından sonra baxılacaq. Maraqlıdır ki, məhkəmə qərarı olmadan artıq YAP Mehdiyevi üzvlükdən çıxarıb, hətta titullarından məhrum edilməsi təşəbbüsü qaldırıb.

Tribuna.az xəbər verir ki, hakim partiya Mehdiyevlə bağlı məhkəmə hökmünü gözləmədiyi halda bu qərarı versə də, AMEA prezidenti nədənsə akademikin hələ də həqiqi üzv kimi qalmasını davam etdirir. Görəsən, Həbibəyli Mehdiyevin AMEA üzvü kimi qalmasında nə üçün maraqlıdır? Əgər söhbət məhkəmə qərarından gedirsə, yəni təqsirsizlik prezumpsiyasını nəzərdə tutursa, o zaman YAP niyə Mehdiyevi üzvlükdən xaric edə bilir, amma AMEA rəhbərliyi yox?! Yəni ya Həbibəyli hakim partiya ilə razılaşmır, ya da onun Mehdiyevə xüsusi hörməti və rəğbəti var ki, məhkəmə hökmünə qədər sabiq PA rəhbərini uzaqlaşdırmaq istəmir.

Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub. Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.


Geri qayıt