Əsas Səhifə > Güney Press > “Maşın, geyim, pul davası edirlər, ad günü etməklə yarışırlar
“Maşın, geyim, pul davası edirlər, ad günü etməklə yarışırlarBu gün, 11:35 |
|
“İndiki gənclərə, sənətçilərə baxıram və təəccüblənirəm. Onlar istəyirlər ki, hər şeyə asanlıqla, əziyyət və zəhmət çəkmədən nail olsunlar. Məsəl də var ki, “halva, halva deməklə ağız şirin olmur”. Onlar istəyirlər ki, halvanı bişirib, gətirib hazır onların qarşısına qoysunlar. Amma bizlər belə olmamışıq. Bir-birimizdən paltar, ayaqqabı alıb geyinmişik. Mənim bir ayaqqabım var idi, uzunboğaz, qışda geyinirdim. 4-5 dəfə ona yamaq vurdurmuşdum. Çəkməçi deyirdi ki, “ay qızım, bu ayaqqabını tulla getsin, artıq yamaq da yamaq götürmür”. Xahiş edirdim ki, yamağı yamağın üstündən vursun. Yazıq kişi o qədər əziyyət çəkirdi ki.. Bizi harasa konsertə, toya gedəndə, evə metro ilə gəlirdik. İndiki müğənnilər toydan çıxıb ya taksiyə minirlər, ya da öz şəxsi avtomobilləri ilə gedirlər”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Sevinc Sarıyeva deyib.
O daha sonra gənclərin laqeydliyindən danışıb:
“Bugünlərdə eşitdim ki, efirlərdən birində musiqi yarışması başlayır. Götürüb bir neçə tələbəmə zəng etdim ki, bəlkə siz də qatılasız? Mənə dedilər ki, “yox, ay müəllim, toya gedib pulumu qazanıram da”. Deyirəm ki, indi 200 qazanırsan, amma efirdə tanınandan sonra 500 də qazana bilərsən. Halbuki sabah o pulu qazananda deməyəcək ki, “sağ olsun Sevinc müəllim, məni yönləndirdi”. Pulsuz efirdi də. Özü də mükafat verirlər. Biz sevinərdik ki, kimsə bizi efirə çıxarır. İndikilər maşın, geyim, davası edirlər, bir-birləri ilə bəhsə girirlər. Çox təəssüf ki, indiki gənclər sənət öyrənməmiş, ilk növbədə pul qazanmağa qaçırlar. Desən ki, “Mahur” oxu, gözlərini döyəcəklər. Bir “Segah” bilirlər, bir də “Şur”. Vəssalam! Bununla da bitir. Maşın yarışması, pul yarışması, ad günü yarışması gedir. Mən bu yaşa çatmışam, hələ də özümə ad günü keçirməmişəm. Məcbur edirlər ki, ad gününü keçirt. Amma hələ ad günü nədir bilmirəm. Mənim ad günüm səhnədə olacaq. Ad günü də keçirin, amma sənət öyrənin də. Toylar bu gün var, sabah yoxdur. Sənət həmişə qalacaq”.
Əməkdar artist deyir ki, musiqi yarışmaları istedadlı gəncləri üzə çıxarır:
“Mən çox istərdim ki, efirlərimizdə musiqi yarışmaları çox olsun və istedadlı gənclərimiz üzə çıxsın. Belə olan halda müəyyən dırnaqarası “oxuyan”-lar meydandan sıxışdırılıb çıxarılacaq. Arb televiziyasında gözəl bir səs yarışması başlayır. Orada Samir Cəfərov, Vüqar Camalzadə, Elnarə Xəlilova, İlhamə Qasımova kimi peşəkarlar var. Vüqar Camalzadənin o qədər gözəl kompozisiyaları var ki.. Bütün musiqiçilər istəyir ki, onunla konsert versin, səhnəni paylaşsın. Bu yarışmanı təşkil edən peşəkar komandaya, sənətkarlara, Arb kanalının rəhbərliyinə təşəkkür edirəm. Mən də ora bir neçə istedadlı tələbəmi göndərmişəm. Nə qədər ki, “Yeni ulduz”, “Xalq ulduzu”, “Azəristar” yarışmaları var idi, ortada “şəngül-şüngül” oxuyanlar yox idi. İndi onlar “meydan sulayırlar”. Açılışlara böyük qiymətlərə gedirlər. Hələ bu azmış kimi böyük sənətkarlara söz də atırlar. Filankəs mənim toyuma gəlmədi, bəhmənkəs nəmər yazdırmadı. O qədər eqoları var ki, artıq bunu gizlədə bilmirlər. Mən sevinərdim Arif Babayev mənə zəng edib desin ki, “qızım, gəl filan restorana, dostumun oğlunun toyudur”. Mən gedib orada heç maddiyat da ummazdım. Dəfələrlə olub da. İndikilər elə bil ki, böyük sənətkarlarla tay-tuşdurlar. Böyüyə hörmət bilmirlər. Bunlar böyük şərtdir”.
Geri qayıt |