Əsas Səhifə > Güney Press > Avrasiya Universitetinin tələbələri bezib:
Avrasiya Universitetinin tələbələri bezib:Bu gün, 16:14 |
|
Bakı Avrasiya Universitetinin tələbələri təhsil ocağının yerləşdiyi ərazidə uzun müddətdir davam edən yol tikintisi işlərindən narazıdırlar.
“Bakupost”a müraciət edən bir qrup tələbənin sözlərinə görə, Həsən Əliyev küçəsində təxminən iki ildir davam edən təmir işləri universitetə gediş-gəlişi xeyli çətinləşdirib.
Tələbələr bildirirlər ki, küləkli havalarda ərazi toz-torpağa bürünür, yağışlı günlərdə isə yollar palçıq içində qalır. Onların sözlərinə görə, tikintinin nə vaxt başa çatacağı da bəlli deyil:
“Deyəsən, biz universiteti bitirəcəyik, təmir işləri davam edəcək. Universitetə gedib-gələrkən onsuz da dərsə gecikməməyə çalışırıq, bir də yolun vəziyyəti ilə mübarizə aparmalı oluruq".
Tələbələri narahat edən digər məsələ isə piyadaların və avtomobillərin eyni yoldan istifadə etməsidir. Onlar bunun təhlükəli vəziyyət yaratdığını deyirlər:
"Bu ərazidə iki universitet var və hər gün çoxlu tələbə həmin yoldan istifadə edir. Tələbə dərsə gedəndə dərsini fikirləşsin, yoxsa yolu necə təhlükəsiz keçəcəyini? Təsəvvür edin, sürücü avtomobili sürətlə idarə edir, tələbə isə yolu keçməyə çalışır. Allah eləməsin, diqqətsizlik üzündən qəza baş versə, məsuliyyəti kim daşıyacaq? Bəzi sürücülər avtomobildə oturub tələbələrin onlara yol verməsini gözləyirlər. Tələbə dərsə gecikir, yolu tələsik keçməyə çalışır, sonra da buna görə irad eşidir. Bəs tələbə nə etsin? Həm dərsə vaxtında çatsın, həm avtomobillərdən qorunsun, həm də heç kimə mane olmasın? Biz təmirə qarşı deyilik, əlbəttə, yollar düzəlməlidir. Amma iki ilə yaxın davam edən təmir zamanı insanların rahatlığı və təhlükəsizliyi də nəzərə alınmalıdır”.
Yol tikintisi işlərinin nə vaxt başa çatacağını öyrənmək üçün "Bakupost" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladı. Agentlikdən işlərin nə vaxt yekunlaşacağı ilə bağlı dəqiq tarix
verilmədi.
Qurumdan bildirildi ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı” çərçivəsində "Koroğlu"- Həsən Əliyev küçəsi istiqamətində uzunluğu 3,9 km olan yeni avtomobil yolunun inşası həyata keçirilir.
Qeyd olunub ki, ərazidə aparılan işlər sözügedən layihənin tərkib hissəsidir. Tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Layihənin icrası təsdiq olunmuş iş qrafikinə uyğun olaraq davam etdirilir.
Geri qayıt |