Əsas Səhifə > Güney Press > “Bir yerə iki nəfər rəhbərlik edə bilməz”

“Bir yerə iki nəfər rəhbərlik edə bilməz”


Bu gün, 17:20

TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi Azərbaycanda səhiyyə sisteminin idarə olunması ilə bağlı yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Bəs bu dəyişiklik səhiyyə sektorunda hansı yeniliklərə yol açacaq?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev qərarı müsbət qiymətləndirdiyini bildirib.

Onun sözlərinə görə, TƏBİB-lə Səhiyyə Nazirliyinin vahid idarəetmə sistemi çərçivəsində fəaliyyət göstərməsi səhiyyə sahəsində mövcud olan bir sıra problemlərin aradan qaldırılmasına kömək edə bilər.

Ekspert qeyd edib ki, bu məsələyə təxminən bir il əvvəl də münasibət bildirib və qurumların birləşdirilməsinin tərəfdarı olub.

“Bir nazirliyi bir neçə yerə böləndə iş prosesində bürokratik əngəllər də artır. Son vaxtlar əhalinin səhiyyə sahəsində, xüsusilə də gözləmə müddətləri və xidmətlərin təşkili ilə bağlı narazılıqları müşahidə olunurdu. TƏBİB-in ayrı, Səhiyyə Nazirliyinin isə fərqli sistemlər vasitəsilə idarə olunması müəyyən çətinliklər yaradırdı. Bu qurumların vahid sistem çərçivəsində fəaliyyət göstərməsi işlərin daha səmərəli təşkilinə müsbət təsir edə bilər”, – deyə Aydın Əliyev vurğulayıb.

Dosent hesab edir ki, idarəetmədə səlahiyyətlərin və məsuliyyətin bölüşdürülməsi də mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, eyni sahəyə paralel şəkildə rəhbərlik edən strukturların mövcudluğu idarəetmədə əlavə çətinliklər yarada bilər.

Aydın Əliyev, həmçinin dövlət qurumlarının parçalanmasının inzibati aparatın genişlənməsinə və əlavə xərclərə səbəb ola biləcəyini bildirib. O, qeyd edib ki, məmurların sayının artması dövlət büdcəsinə əlavə yük yaradır və nəticədə bu, əhalinin sosial rifahına da mənfi təsir göstərir.

Ekspert TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsini idarəetmənin sadələşdirilməsi və dövlət vəsaitlərindən daha səmərəli istifadə baxımından müsbət addım hesab etdiyini vurğulayıb.


Geri qayıt