Əsas Səhifə > Güney Press > Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi
Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdiBu gün, 18:01 |
|
Bakıda həkimi baş həkim vəzifəsinə təyin etdirmək vədi ilə 10 min manat almaqda təqsirləndirilən şəxsə 1 il 9 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Qaynarinfo xəbər verir ki, ittihama görə, hadisə 2024-cü ilin avqust ayında baş verib. Təqsirləndirilən şəxs qohumunun iş yoldaşını tibb müəssisələrindən birinə baş həkim vəzifəsinə təyin etdirə biləcəyini bildirib. Bunun üçün 25 min manat tələb edib, ilkin ödəniş kimi isə 10 min manat alıb. Məhkəmə materiallarında qeyd olunub ki, təqsirləndirilən şəxs Səhiyyə Nazirliyində tanışlarının olduğunu və məsələni həll edə biləcəyini deyib. Razılaşmaya əsasən, pulun 10 min manatı əvvəlcədən, qalan 15 min manatı isə iş başa çatdıqdan sonra ödənilməli idi. 2024-cü ilin avqust ayının ortalarında zərərçəkmiş həkim tələb olunan ilkin məbləği iş yoldaşı vasitəsilə təqsirləndirilən şəxsə çatdırıb. Pul təcili tibbi yardım stansiyalarından birinin həyətində verilib. Lakin vəd edilən təyinat baş tutmayıb. Məhkəmədə ifadə verən zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxsi əvvəllər tanımayıb və onunla birbaşa danışmayıb. İş yerini dəyişmək istədiyini dostuna söylədikdən sonra həmin şəxs ona kömək edə biləcək qohumunun olduğunu deyib. Zərərçəkmiş razılaşaraq 10 min manat verib. İşin nəticəsiz qalmasından sonra zərərçəkmişin dostu pulu öz vəsaiti hesabına geri qaytarıb. O, bunun üçün ailəsinə məxsus qızılları girov qoyaraq bankdan 10 min manat kredit götürüb. Şahidlərin ifadələrinə görə, təqsirləndirilən şəxs kreditin ödənişini üzərinə götürsə də, ödənişləri həyata keçirməyib. Nəticədə borcu zərərçəkmişin dostu özü bağlamalı olub. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyib. O, zərərçəkmişi tanımadığını, heç vaxt görmədiyini və kimisə baş həkim vəzifəsinə təyin etdirmək imkanının olmadığını bildirib. Onun sözlərinə görə, 10 min manatı qohumundan borc alıb və məbləği hissə-hissə qaytarmaq barədə razılaşıblar. O, müəyyən ödənişlər etdiyini də iddia edib. Lakin təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyətlər yaranıb. İbtidai istintaq zamanı o, işin həlli üçün 25 min manat tələb etdiyini, 10 min manat aldığını və həmin pulu şəxsi ehtiyaclarına xərclədiyini bildirib. Həmçinin zərərçəkmişi vəzifəyə təyin etdirmək niyyətinin olmadığını etiraf edib. Məhkəmədə isə həmin ifadənin müdafiəçinin iştirakı olmadan alındığını və məzmununu təsdiqləmədiyini deyib. Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) ilə təqsirli bilib və ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Onun tutulduğu və həbsdə olduğu ümumilikdə 7 ay 11 günlük müddət 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 9 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Geri qayıt |