Əsas Səhifə > Güney Press > Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir?
Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir?Bu gün, 19:01 |
|
Azərbaycanda Aİ-92 (“Regular”), Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı müasir avtomobil benzinlərindən istifadə olunur. Aİ-92 (“Avro-3”) qiyməti 1 litr üçün 1,15 AZN, Aİ-95 (“Avro-5”) isə 1 litr üçün 1,60 AZN təşkil edir. Qeyd edək ki, vətəndaşlar daha çox Aİ-92 markalı yanacağa üstünlük verirlər ki, bu da digər markalı benzinlərdən nisbətən daha ucuz olması ilə bağlıdır. Azərbaycana Aİ-92 markalı avtomobil benzini əsasən Rusiya və son dövrlərdə (2026-cı ildən etibarən) isə İraqdan idxal olunur. Rusiya Azərbaycanın Aİ-92 markalı benzin idxalında ən böyük paya sahib olan ölkədir. 2026-cı ilin rəsmi statistika göstəricilərinə əsasən, Azərbaycan son 16 ildə ilk dəfə olaraq İraqdan da Aİ-92 benzini idxal etməyə başlayıb. Qeyd edək ki, bir müddət əvvəl Aİ-92 markalı benzinlə bağlı müəyyən problem yaranmışdı. Belə ki, sürücülər ötən dövrlə müqayisədə benzin sərfiyyatınn artdığını bildirirdilər. Bu problem keyfiyyət göstəricilərinin aşağı olması ilə əsaslandırılırdı. Məhz son vaxtlar sürücülər Aİ-92 markalı benzinin keyfiyyəti ilə bağlı müəyyən problemlərlə üzləşdiklərini qeyd edirlər. Bildirirlər ki, uzun müddət Aİ-92 markalı benzinlə çalışan avtomobil artıq bu marka yanacağla çalışmır. Maraqlıdır, Aİ-92 markalı benzinlə bağlı mövcud problem nədən qaynaqlanır, bu məhz adıçəkilən benzinin keyfiyyəti ilə bağlıdır? Bununla bağlı neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev "Cebhinfo.az”-a açıqlamasında bildirib ki, hazırda fəaliyyətdə olan neft emalı zavodları (NEZ) neft bazarlarında bir neçə funksiyanı yerinə yetirir: “Onlar enerji təchizatının sabitliyini təmin edir, tələb və təklifi balanslaşdırır, həmçinin geosiyasi böhranlar və “yaşıl enerji”yə keçid dövründə enerji çatışmazlığı riskini minimuma endirirlər. Bazarda neft qıtlığı yarananda ona ilk reaksiya verən neft emalı zavodlarıdır. Böhran anında onlar (NEZ-lər) istehsal (emal) həcmini tənzimləyir, xammal ehtiyatlarını dəyişir, texniki xidmət (əsaslı və cari təmir) cədvəlini tənzimləyir (dəyişir) və məhsul axınının istiqamətini dəyişdirir. Neft emalı zavodlarının gələcəyi köklü bir transformasiya ilə bağlıdır: qlobal enerji keçidi şəraitində ənənəvi mühərrik yanacağı istehsalından qabaqcıl neft-kimya emalına, artırılmış enerji səmərəliliyinə və azaldılmış karbon izinə doğru keçid. SOCAR aktivində olan neft emalı zavodu təhlükəsizliyi və səmərəliliyi təmin etmək üçün ciddi texnoloji, ekoloji, iqtisadi və tənzimləyici tələblərə cavab verməlidir. Əsas meyarlara yüksək neft emalı dərinliyi (90-94 %-dən çox), istehsal olunan yanacaqların ekoloji standartlara (məsələn, “Avro-5” və daha yüksək) uyğunluğu, həmçinin avtomatlaşdırma və ətraf mühitin mühafizəsi sistemlərinin tətbiqi daxildir. Hazırda Heydər Əliyev adına Neft Emalı Zavodunda illərdir aparılan genişmiqyaslı moderinləşdirmə və yenidənqurma işləri nəticəsində zavodun “Nelson Mürəkkəblik İndeksi” (Nelson Complexity İndex-NCİ) 10-11 bənd səviyyəsinə yüksəlib. Belə olan təqdirdə Heydər Əliyev adına Neft Emalı Zavodunda pərakəndə satış seqmentinə aşağı keyfiyyətli Aİ-92 markalı avtomobil benzininin daxil olması şübhəli görünür. Nəzərə almaq lazımdır ki, yaşadığımız coğrafiyada ciddi yanacaq qıtlığı mövcuddur. Bazara ölkədən kənar mənbələrdən aşağı keyfiyyətli yanacağın daxil olması mümkündür. Məsələn, İraq və Türkmənistana məxsus aşağı keyfiyyətli Aİ-92 markalı benzin qonşu bazarlarda mövcuddur”. Geri qayıt |