Əsas Səhifə > Güney Press > Buğda idxalında Rusiyadan asılılıq artır: ərzaq təhlükəsizliyimizə risk?
Buğda idxalında Rusiyadan asılılıq artır: ərzaq təhlükəsizliyimizə risk?Dünən, 22:43 |
|
Azərbaycanın Rusiyadan buğda idxalını dörd dəfə artırması ərzaq təhlükəsizliyi və çörəyin qiyməti ilə bağlı sualları yenidən gündəmə gətirir. Buğda un və çörək istehsalının əsas xammalı olduğundan, onun idxal həcmindəki dəyişikliklər həm daxili istehsalın vəziyyəti, həm də ölkənin xarici tədarükdən asılılığı baxımından əhəmiyyətlidir. Bəs Rusiyadan buğda idxalının kəskin artması Azərbaycanda yerli istehsalın tələbatı ödəmək imkanları barədə nə deyir? İdxalın artması çörəyin qiymətinə təsir göstərə bilərmi və ərzaq təhlükəsizliyi baxımından bir ölkədən asılılığın güclənməsi hansı riskləri yaradır? İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a bildirib ki, Azərbaycanın ərzaqlıq buğdaya olan tələbatını tamamilə yerli istehsal hesabına ödəməsi real görünmür:" Bunun əsas səbəbləri torpaq fondunun məhdudluğu, torpaqların məhsuldarlığı və ölkənin iqlim şəraitidir. Burada məsələyə emosional yanaşmaq lazım deyil. Hər ölkə bütün kənd təsərrüfatı məhsullarını istədiyi həcmdə istehsal edə bilməz. Azərbaycanın da torpaq ehtiyatları, torpaqların məhsuldarlığı və iqlim şəraiti buna imkan vermir. Hazırda ölkə taxıla olan ümumi tələbatının 55-60 faizini yerli istehsal hesabına ödəyir. Amma ərzaqlıq buğdaya olan tələbatın yalnız 25 faizi yerli istehsal hesabına qarşılanır. Yığılan taxılın qalan hissəsinin bir qismi isə yem istehsalında istifadə olunan texniki buğdadır. Bu vəziyyət fermerlərin daha çox gəlir əldə etmək istəməməsi ilə bağlı deyil. Sadəcə, ərzaqlıq buğda istehsalını istənilən səviyyəyə çatdırmaq mümkün olmur. Aqrotexniki qaydaların təkmilləşdirilməsi yolu ilə yerli istehsalı artırmaq mümkündür. Hökumət də ərzaqlıq buğda istehsalının mövcud 25 faizdən 75 faizə çatdırılmasını hədəfləyir. Qarabağ və Şərqi Zəngəzur torpaqlarının əkin dövriyyəsinə cəlb edilməsi, suvarma sistemlərinin təkmilləşdirilməsi, torpaqların konsolidasiyası, süni intellektin tətbiqi və daha səmərəli idarəetmə bu istiqamətdə imkanlar yaradır. Ancaq bu tədbirlər yerli istehsal hesabına tələbatın tam ödəniləcəyinə zəmanət vermir”. Ekspert vurğulayıb ki, buğda idxalının artması öz-özlüyündə çörəyin bahalaşması demək deyil:"Əksinə, idxal daxili bazarda rəqabəti gücləndirərək qiymətlərin artmasının qarşısını almağa kömək edə bilər. İdxalın artması ilə çörəyin bahalaşması arasında birbaşa əlaqə yoxdur. Təsəvvür edin ki, idxal yoxdur. Bu halda qiymətlər kəskin bahalaşa bilər. İdxalın mövcudluğu daxili bazarda alternativ təklif yaradır. Dünya bazarında taxılın qiyməti yüksəlirsə, yerli fermerin də məhsulunu daha baha satmaq imkanı yaranır. Belə vəziyyətdə fermeri məhsulunu məcburi şəkildə ucuz qiymətə satmağa vadar etmək düzgün deyil. Buna görə də dünya bazarında qiymət artımını yalnız idxalla əlaqələndirmək doğru yanaşma deyil”. İqtisadçı hesab edir ki, Rusiyadan buğda idxalının dörd dəfəyə yaxın artmasını yalnız daxili tələbatın yüksəlməsi ilə izah etmək olmaz:"Bu dəyişiklik digər təchizatçı ölkələrdən idxalın azalması ilə də bağlı ola bilər. Biz taxılı əsasən üç istiqamətdən – Qazaxıstan, Ukrayna və Rusiyadan alırdıq. Ukraynada müharibə səbəbindən tədarük və logistika kanallarında problemlər yaranıb. Qazaxıstandan idxal isə illər üzrə dəyişir və bağlanan müqavilələrdən asılıdır. Bu ölkənin də hər zaman eyni həcmdə taxıl tədarük edəcəyinə zəmanət yoxdur. Rusiyadan idxalın artması, Qazaxıstandan idxalın isə əhəmiyyətli dərəcədə azalması ümumi mənzərəyə təsir göstərir. Bu, Azərbaycanın daha çox çörək istehlak etməsi demək deyil. Ümumi idxalda da artım var. Bundan başqa, taxıl yığımının az olduğu dövrlərdə ehtiyatların formalaşdırılması və anbarların doldurulması məqsədilə əlavə alışlar həyata keçirilə bilər. Dövlət ehtiyatlarının yaradılması da idxal həcminə təsir edən amillərdəndir. Azərbaycanın buğda tədarükündə bir ölkədən asılılığının artması ərzaq təhlükəsizliyi baxımından risk yaradır. Buna görə də idxal mənbələrinin şaxələndirilməsi vacibdir. Strateji əhəmiyyət daşıyan məhsullar üzrə tədarükü mümkün qədər çox istiqamətdən həyata keçirmək lazımdır. Rusiyadan asılılığın güclənməsi riskdir. Buna görə də Mərkəzi Asiya ölkələrindən, o cümlədən Qazaxıstandan buğda alışının artırılması imkanlarını nəzərdən keçirməliyik. Eyni zamanda, yerli istehsalı artırmaq, suvarma və idarəetmə ilə bağlı problemləri həll etmək, Qarabağ və Şərqi Zəngəzurda əkin sahələrinin genişləndirilməsi imkanlarından istifadə etmək lazımdır. Dövlətin taxıl ehtiyatları da daim kifayət qədər həcmdə saxlanılmalıdır”. Müsahibimiz bildirib ki, dünya bazarında buğdanın bahalaşması, daşınma və logistika xərclərinin artması, eləcə də idxalla bağlı vergi dəyişiklikləri Azərbaycanda qiymətlərə təsir göstərə bilər: “Təqribən 10 ilə yaxındır ki, buğda idxalına vergi tətbiq edilmir. Əgər bu güzəştin müddəti uzadılmasa və vergi tətbiq olunsa, həmin xərc də məhsulun qiymətinə təsir göstərə bilər. Məncə, ilin sonunda güzəştin müddətinin uzadılması ehtimalı var. Ancaq bu qərardan asılı olaraq idxal xərcləri dəyişə bilər”. Geri qayıt |