Əsas Səhifə > Güney Press > Həbsdə olan Azərbaycan əsilli müğənni:

Həbsdə olan Azərbaycan əsilli müğənni:


Bu gün, 12:52

Türkiyədə əxlaqsız məzmunların yayılması ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən müğənni Tuğba Ekinci ilk dəfə açıqlama verib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəkili vasitəsilə ictimaiyyətə müraciət edən sənətçi barəsində irəli sürülən ittihamları rədd edib.

Kızılcahamam Respublika Baş Prokurorluğunun koordinasiyası ilə beş vilayətdə keçirilən əməliyyat zamanı saxlanılan Ekinci Türkiyə Cinayət Məcəlləsinin 226-cı maddəsi əsasında həbs olunub. Müğənni bildirib ki, istintaqa səbəb olan bikinili görüntülərini şəxsi “Instagram” hesabının hekayə bölməsində paylaşıb. Onun sözlərinə görə, həmin videolarda evində idman edib və görüntülərin nümayişkaranə xarakter daşıması barədə iddialar əsassızdır.

Ekinci videonun bəzi hissələrinin kontekstdən çıxarıldığını, həmin paylaşımlardan heç bir maddi gəlir əldə etmədiyini vurğulayıb.

“20 ildən artıqdır ki, sənət fəaliyyətimi şərəflə davam etdirirəm. İndi isə kontekstdən çıxarılaraq yayılan bikinili video səbəbindən, heç bir konkret sübut olmadan həbsdəyəm. Bu ölkədə gözəl olmaq cinayətdirmi? Heç bir ödənişli abunə hesabım yoxdur, heç kimdən bir qəpik belə almamışam. Heç kim mənim namusuma ləkə gətirə bilməz”, – müğənni bildirib.

Sənətçi 80 yaşlı anasının baş verənlərdən ciddi şəkildə təsirləndiyini də qeyd edib.

Ekinci Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, ədliyyə nazirinə və məhkəmə orqanlarına müraciət edərək məsələnin tezliklə aydınlaşdırılacağına inandığını bildirib.

Qeyd edək ki, Türkiyənin tanınmış pop müğənnisi və aktrisası Tuğba Ekinçi ata tərəfdən əslən Azərbaycanın Gəncə şəhərindəndir. 1977-ci il iyunun 9-da anadan olub.


Geri qayıt