Əsas Səhifə > Güney Press > İrəvan Bakıya görə BU ADDIMA da gedə bilər
İrəvan Bakıya görə BU ADDIMA da gedə bilərBu gün, 13:16 |
|
Ermənistan Baş naziri Nikol Paşinyanın 2031-ci illə bağlı məlum açıqlaması Azərbaycanla sülh gündəliyi ətrafında yeni və haqlı suallar doğurub. Bu da məntiqlidir. Çünki bir çoxları ilin sonunadək Ermənistanın yeni konstitusiyasının mətninin açıqlanacağı və ardınca qısa zaman kəsiyində referendum keçiriləcəyini gözlədiyi halda, İrəvan ayrı hava çalmağa başlayıb. Başqa sözlə, sülh müqaviləsi önündə axırıncı əngəlin tezliklə aradan qaldırılacağına böyük ümidlər var idi. Lakin İrəvandan verilən son mesajlar nikbinliyi deyil, pessimizmi artırmış oldu. Hərgah, “Hraparak” erməni nəşri yazır ki, Paşinyan Bişkekdə Prezidenti İlham Əliyevlə son görüşdən sonra İrəvan yeni konstitusiyanın qəbulu istiqamətində işləri intensivləşdirib. Qəzetə görə, Bakı iyunda Ermənistanda keçirilmiş seçkilərdən sonra prosesin ləng getməsindən narazıdır. “Nikol Paşinyan yeni konstitusiya məsələsində belə bir yol xəritəsi üzrə irəliləmək qərarına gəlib: ilk növbədə cəmiyyətin müxalif hissəsini belə bi rdəyişikliyin ölkənin rifahı və inkişafı üçün zəruri olduğuna inandırmaq, bunu sübut etmək lazımdır. Hətta müxalifət mediası vasitəsilə reklam kampaniyası aparılması məsələsi də müzakirə olunur”, - məqalədə qeyd olunur. (Teleqraf) Bildirilir ki, ikinci mərhələdə parlament müxalifətinə müraciətlə referendumun keçirilməsini dəstəkləməyə çağırmaq nəzərdə tutulur: “Rədd cavabı olacağı təqdirdə müxalifətdən olan ayrı-ayrı deputatları hakim “Vətəndaş Müqaviləsi” Partiyasının təşəbbüsünü dəstəkləməyin zəruri olduğuna inandırmağa çalışacaqlar. Paşinyan deputatlara təzyiq göstərilməsini, hətta onları müxalifət düşərgəsindən “oğurlamağı” da istisna etməyib. Bütün bunlardan sonra yenə uğursuzluğa düçar olsalar, axırıncı variant kimi erkən seçkilərə getmək, parlamentdə zəruri konstitusiya çoxluğunu əldə etmək və yeni konstitusiyanı qəbul etdirmək planlaşdırılır”. Sonda isə vurğulanır ki, hələlik konkret müddətlər müəyyən edilməsə də, Paşinyan hamını işləri sürətləndirməyə çağırıb... Əslində, “Hraparak”ın yuxarıdakı qeyd və mülahizələri Nikol Paşinyanın az öncə 2031-ci illə bağlı elan elədiyi məlum narrativlə ziddiyyət təşkil eləmir. Ola bilsin, Baş nazir həqiqətən də sülh sənədinin imzalanmasını tezləşdirmək istəyir, ancaq bu zaman öz hakimiyyətini qoruyub saxlamaq da ondan ötrü az əhəmiyyət kəsb eləmir. Bu mənada belə görünür ki, yaxın zamanlarda hakim partiyanın əsas qayğısı hakimiyyət maraqlarını qonşularla barışıq gündəliyi ilə maksimum necə uzlaşdırmaqla bağlı olacaq. Təəssüf ki, Türkə nifrətin hələ də güclü olduğu erməni cəmiyyətini sülhə hazırlamaq gerçəkdən asan deyil. Hərçənd, həmin cəmiyyət bu il iyunun 7-də Paşinyanın partiyasını parlament seçkilərində yenidən qalib eləməklə ona növbəti dəfə sülh anlaşması üçün mandat verib. Qalır ondan necə istifadə eləmək. Bu mümkün olmayacaqsa, erkən seçkilərə də gedilə bilər. Ermənistanda belə hallar olub... Bütün hallarda bu – Ermənistan tərəfinin, Nikol Paşinyan hakimiyyətinin problemi. Azərbaycan üçün mühüm olan isə həmin hakimiyyətin sülh müqaviləsinin imzalanması yönündə tezliklə və konkret hansı addımı atacağı və ya hansı cəhdi göstərəcəyidir. Yəni, sülh və barışıq haqda gəlişigözəl bəyanatlar verməyin zamanı və limiti artıq bitib. Əks təqdirdə Bakı bunu haqlı olaraq zamanı süni şəkildə uzatmaq, yaxud revanşist planlara hazırlaşmaq cəhdi kimi qiymətləndirməyə tam haqqı çatacaq. Sözsüz ki, nöqsan yalnız işləyəndə bəlli olur. Əlini ağdan-qaraya vurmayacaqsansa, konkret çətinlik və əngəlin nədən ibarət olduğu da üzə çıxmayacaq. Qısası, hərəkətə keçmək, nəinki nala-mıxa vurmaq. Atı arabanın arxasından açıb qabağa bağlamağın vaxtı çoxdan çatıb... Musavat.com Geri qayıt |