|
Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə, Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin həcmi 74 milyard 3 milyon dollar (125,8 milyard manat) təşkil edib. Yeniavaz.com xəbər verir ki, Neft Fondunun investisiya portfelindəki vəsaitlərin 26,3%-i və ya 19,2 milyard dolları Avropa regionunda yerləşən ölkələrdə saxlanılır. Qeyd edək ki, son bir il ərzində Avropada saxlanılan vəsaitlərin payı azalıb. Belə ki, ötən ilin oktyabr ayının əvvəlinə olan göstəricilərə əsasən, investisiya portfelinin 29,1%-i və ya 20,4 milyard dolları Avropada yerləşirdi. Şimali Amerikada saxlanılan vəsaitlərin payı eyni dövrdə 24,8%-dən 27,4%-ə qədər artıb. Dollar ifadəsində bu göstərici 17,4 milyard dollardan 20,3 milyard dollara yüksəlib. Neft Fondunun ümumi investisiya portfelinin 32,3%-i və ya 23,9 milyard dolları qızılda saxlanılır. Ötən ilin eyni dövründə bu göstərici müvafiq olaraq 32,8% və ya 23 milyard dollar dəyərində olub. Bunlardan başqa, Neft Fondunun investisiya portfelinin 9,5%-i Asiya ölkələrində (ötən il 8,5% olub), 1,9%-i Yaxın Şərq ölkələrində (ötən il 1,4%), 1,4%-i beynəlxalq maliyyə təşkilatlarında (ötən il 2,3%), 1,1%-i Avstraliya və Yeni Zelandiyada (ötən il 1%), 0,1%-i isə Latın Amerikası ölkələrində (dəyişməyib) saxlanılıb.
Geri qayıt
|