Əsas Səhifə > Güney Press > Məleykə Abbaszadənin çıxışına KƏSKİN ETİRAZ:
Məleykə Abbaszadənin çıxışına KƏSKİN ETİRAZ:Bu gün, 14:50 |
|
“Dövlət İmtahan Mərkəzinin (DİM) yanaşması tamamilə yanlışdır. DİM ölkədə imtahan təşkil edən ən böyük qurumlardan biridir. DİM hər hansı bir sualı, qəbul imtahanını və ya müzakirə üçün açıq olan tədbiri həyata keçirirsə, birbaşa dəvət etməlidir. Mən heç getməmişəm bu zamana qədər, getməməyimin də səbəbi şəxsi olaraq dəvət olunmamağımdır”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev deyib. O bildirib ki, Dövlət İmtahan Mərkəzi tədbirlərinin əksəriyyətini qapalı formada təşkil edir: “Məsələn, Elm və Təhsil Nazirliyi hər hansı bir tədbirə şəxsi olaraq dəvət edir. Ən azından şəxsi nömrəmizə mesaj yazır ki, bu tarixdə gəlin, filan görüşlə bağlı dəvət edirik. Məsələn, təhsil-tələbə krediti və ya hər hansı layihə ilə bağlı görüş keçirilir, orada müzakirələr aparılır və bizim fikirlərimiz dinlənilir. DİM isə cəmiyyətə elan edir ki, belə bir görüşümüz var, kim istəsə gələ bilər, gəlmək istəyən qeydiyyatdan keçsin. Bu ola bilər şagirdlər üçün, abituriyentlər üçün, müəllimlər üçün. Amma bu ölkədə tanınan bir təhsil mütəxəssisini müzakirə aparmaq üçün dəvət edirsənsə, ona şəxsi olaraq hörmət əlaməti olaraq dəvət etməlisən. Dəvət etdiyin təqdirdə gətirib onu şagirdlərlə bərabər oturtmamalısan. Öz mütəxəssisinlə, o sualı hazırlayanlarla bir yerdə oturtmalısan və müzakirələr aparılmalıdır. Niyə Elm və Təhsil Nazirliyinin bütün layihələrinə, tədbirlərinə girin görün, təhsil ekspertləri sıra ilə düzülüblər orada? Amma niyə görə DİM-ə getmirlər və getmək istəmirlər? Özlərinə bu sualı versinlər”. Ekspert əlavə edib ki, DİM problemlərin aradan qaldırılması üçün mütləq ictimai görüşlər təşkil etməlidir: “Hazırda Türkiyəyə baxdığımız zaman, onlarda "eğitim uzmanları" qəbul imtahanı ilə bağlı bütün müzakirələrdə iştirak edirlər və şəxsən dəvət edirlər. Biz repetitor müəllimlərdən ayrıca görüşməliyik — sualların ümumi vəziyyəti ilə bağlı, təhsil mütəxəssislərindən ayrıca görüş keçirmək lazımdır — ümumi qəbul strategiyası ilə bağlı. Yoxsa yığım bir zala 10-20 nəfər, oturum özüm danışım, adı olsun ki, ictimaiyyətlə görüşdük, belə müzakirə olmur axı. İştirak edənlər de bir daha getməyəcəyini ifadə edirlər. DİM bu zamana qədər bir sıra xətalar eləyir. Bəlkə də sağlam bir görüş həyata keçirilib o səhvlər aradan qaldırılacaq. Məsələn, uşaq qeydiyyatdan keçmir, Tibb ixtisasından haradasa 10-a yaxın boş yer qalır. Qeydiyyatdan keçməyənlərdən sonra həmin o boş qalan yerlərdə ikinci qəbul keçirilsin, abituriyentlər həmin yerlərə qəbul olsunlar, bir neçə ailənin sevinci artsın. Sağlam görüşmə mütləq təşkil olunmalıdır. Sağlam görüşmə təşkil olunduğu təqdirdə, hörmət əlaməti olaraq dəvət olunduğu təqdirdə niyə də getməyək ki?” Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ötən gün keçirilən “Abituryent” jurnalının 35 illiyinə həsr olunmuş tədbirdəki çıxışında müəllim və ekspertləri imtahan proqramları ilə bağlı müzakirələrdə fəal iştiraka çağırıb. Onun sözlərinə görə, məqsəd fərqli fikirləri dinləmək, təklifləri öyrənmək və suallara əvvəlcədən aydınlıq gətirməkdir. Geri qayıt |