Əsas Səhifə > Güney Press > Məktəblərdə "TikTok" qadağası: Nəyi dəyişəcək?

Məktəblərdə "TikTok" qadağası: Nəyi dəyişəcək?


Bu gün, 17:10

Azərbaycanda məktəblərdə "TikTok"a çıxış məhdudlaşdırılıb.

Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib.

Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub:

"Həmin görüntülər cinayət, narkotik, şiddət və s. məzmunlar daşıyırdı. Təbii ki, bu məhdudlaşma təkcə məktəblə bitməməlidir. Ailədə də uşaqların bu kimi məzmunlardan və platformalardan uzaq durmasına nəzarət edilməlidir".

Maraqlıdır, bu cür məhdudiyyətlər problemin kökünü həll edir, yoxsa sadəcə onun görünən tərəfini aradan qaldırır?

Mövzu ilə bağlı “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, məktəblərdə “TikTok”a çıxışın məhdudlaşdırılması şagirdlərin diqqətini dərsə yönəltmək və təhsil mühitində nizam-intizamı qorumaq baxımından müəyyən əhəmiyyət daşıyır:

"Lakin uşaqların şəxsi telefonları və mobil internet vasitəsilə bu platformadan istifadə etmək imkanları qalır. Buna görə də yalnız texniki məhdudiyyətlərlə problemin köklü həllinə nail olmaq mümkün deyil. Fikrimcə, qadağa problemin görünən tərəfinə təsir edir, onun əsas səbəblərini isə aradan qaldırmır. Əsas məsələ uşaqların sosial şəbəkələrə niyə bu qədər maraq göstərməsi, orada hansı məzmunlarla qarşılaşması və rəqəmsal mühitdən necə istifadə etməsidir. Nəzarətsiz sosial şəbəkə istifadəsi uşaqların dərsə diqqətinə, yuxu rejiminə və psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər".

Onun sözlərinə görə, digər tərəfdən, sərt qadağalar uşaqları alternativ yollar axtarmağa və istifadələrini gizlətməyə də sövq edə bilər:

"Buna görə valideyn nəzarəti, məktəb maarifləndirməsi və uşaqlarla açıq ünsiyyət paralel şəkildə həyata keçirilməlidir. Məktəblərdə rəqəmsal savadlılıq dərslərinin təşkili, dərs zamanı telefon istifadəsinə aydın qaydaların tətbiqi, valideynlərin maarifləndirilməsi və uşaqların idmana, mütaliəyə, yaradıcılığa yönləndirilməsi daha davamlı nəticələr verə bilər".

Sosioloq qeyd edib ki, unutmamalıyıq ki, uşaqları texnologiyadan tamamilə uzaqlaşdırmaq deyil, ondan düzgün istifadə etməyi öyrətmək vacibdir:

"Bu gün “TikTok”a qadağa qoyula bilər, sabah isə başqa bir platforma eyni problemi yarada bilər. Əsl uğur uşağın yalnız nəzarət altında olduğu zaman deyil, nəzarət olmadığı halda da məsuliyyətli seçim edə bilməsidir. Buna görə qadağalar vasitə olmalı, əsas məqsəd isə uşaqlarda rəqəmsal mədəniyyət və özünənəzarət bacarıqlarının formalaşdırılması olmalıdır".


Geri qayıt