A. Əsədov Bakının ən böyük problemlərindən biri olan yollardakı çuxurların doldurulması və bu problemi həll etməli olan qurumun hansı olması haqqında danışıb:
“Ölkədə təmir olunan və ya təmir olunacaq yollar tikilərkən bir neçə məsələyə diqqət yetirilir bu yolların hansı qurum tərəfindən və necə təmir edilməsi. Məsələn, dünya ölkələrində müxtəlif praktika mövcuddur. Türkiyədə yolların təmirini bələdiyyələr həyata keçirir, Rusiyada isə bunun üçün xüsusi qurum fəaliyyət göstərir. Hər ölkədə bu sahəyə cavabdeh olan müvafiq qurum olur. Onlar monitorinq apararaq hansı yolun nə dərəcədə təmirsiz olduğunu müəyyənləşdirirlər. Əgər yollardakı çuxurlar məsafə etibarilə çoxdursa, yol əsaslı təmirə yönləndirilir, əgər azdırsa, həmin işlər müvafiq şirkət tərəfindən aparılır.
Hazırkı dövrdə yolların təmiri ilə bağlı digər vacib məqam bu prosesə nəzarət edən qurumun müəyyənləşdirilməsidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, buraya müvafiq icra hakimiyyəti orqanı, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi daxildir ki, bu da yolların təmirinə məsul olan qurumları əks etdirir. Buna baxmayaraq, Biləcəri tunelinin yenidən qurulması və inşası ilə bağlı ilk dəfə olaraq bələdiyyənin gördüyü iş var idi ki, bu da bələdiyyələrə olan etimadı və onların görə biləcəyi işlərin miqyasını səciyyələndirir.”