Əsas Səhifə > Güney Press > “Paşinyan Putinin qubernatorudur”
“Paşinyan Putinin qubernatorudur”Bu gün, 17:44 |
|
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-də TRIPP layihəsi çərçivəsində Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişinin ratifikasiya layihəsinin müzakirəsi zamanı Azərbaycanla sülh prosesinin reallaşmasına mane olan bəyanatla çıxış edib. Mirzoyan bildirib ki, Azərbaycan Ermənistan Konstitusiyasına dəyişiklik olunmasını, sonra sülh müqaviləsinin imzalanmasını təklif edir. Lakin nazir Ermənistan Konstitusiyasında narahatlıq yaradacaq heç nə olmadığını və Azərbaycanın mövqeyini bölüşmədiklərini deyib. Bu isə yaxın perspektivdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını şübhə altına alır. Rəsmi İrəvanın mövqeyini təhlil etmək üçün “Cebheinfo.az”-ın suallarını sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırıb: - Ermənistan hakimiyyəti konstitusiyanın yeni mətninin bu ilin sonuna qədər dərc olunacağını deyirdi. Mirzoyanın sözləri konstitusiyaya dəyişiklik edilməyəcəyindən xəbər verir? - Ermənistan rəhbərliyinin fikri bir ilin ərzində dəyişib. Onlar 2025-ci ilin avqust ayında Vaşinqton görüşündə başqa söz deyirdilər. Donald Tramp Paşinyana deyib ki, sizin ev tapşırığınız var. İndi isə onlar ev tapşırığını yerinə yetirmək istəmirlər. Yəni sülh prosesinin öz məntiqi var. Ermənistanın Azərbaycana qarşı işğalının aradan götürülməsinin məntiqi məlumdur. İlk növbədə, 2020-ci ildə ərazilər işğaldan azad edilib. Lakin işğalın digər komponentləri hələ qalmaqdadır. Söhbət ideologiyadan, hüquqi işğaldan, saxta tarixdən və sairədən gedir. Hiss olunur ki, Ermənistan bunları ləğv etmək istəmir. Konstitusiyadan başqa parlament tərəfindən qəbul olunmuş onlarla, yüzlərlə hüquqi-normativ aktlar var. İşğalın rəsmiləşdirilməsi üçün xeyli addımlar atılıb. Bunlar aradan götürülməsə, sülhdən danışmaq mümkün deyil. Həmçinin, Zəngəzur mahalı vaxtilə Ermənistana verilib. Hətta kommunistlər belə, Azərbaycanın bir hissəsinə təcrid və blokada tətbiq olunmasını nəzərdə tutmayıblar. Əgər Almatı Bəyannaməsinə istinad etsək, görərik ki, Azərbaycan-Ermənistan sərhədini müəyyən etmək üçün hansısa dövrün xəritələri əsas götürülməlidir. Azərbaycanla Ermənistan isə Sovet dövrünün xəritələrinin əsas götürülməsi barədə razılığa gəliblər. Sovel dövrünün sərhədlərinin müxtəlif konfiqurasiyaları var. Amma onların heç birində Naxçıvan Muxtar Respublikasının Azərbaycandan ayrılması nəzərdə tutulmayıb. Əvvəllər Azəırbaycanın mülkiyyətində olan dəmir yolu var idi, digər yollar açıq idi. İndi isə münaqişə nəticəsində Ermənistan köhnə sərhədlərdən imtina edib. Yeni sərhədlərin müəyyənləşməsi də bu mövzu ilə bağlı olmalıdır. Əgər Ermənistan əvvəllər 10 noyabr Bəyanatından imtina edirdisə, indi isə TRIPP layihəsinin icrasından yayınır. May ayında ABŞ-nin Dövlət katibinin İrəvana getməsi və hansısa sənədi elektron formada imzalaması göstərir ki, Marko Rubio Ararat Mirzoyandan TRIPP layihəsinin nə üçün yerinə yetirilmədiyini soruşub. Ermənistan da “Tramp marşrutu”nu açmamaq taktikasını Rusiyanın təsiri altında həyata keçirir. Ararat Mirzoyanın Vaşinqtona səfəri də məhz bununla bağlıdır. Doğrudur, TRIPP layihəsi ilə bağlı danışıqlarda Azərbaycan iştirak etmir. Amma faktiki olaraq, ABŞ danışıqların gedişi ilə bağlı bütün məlumatları Azərbaycana verir. Azərbaycanın razılığı olmasa, Ermənistanla heç bir razılaşma mümkün deyil. Çünki bu və ya digər şərtlərə razılıq verən tərəf Azərbaycandır. Veto hüququ bizdədir. Sadəcə olaraq, Ermənistan ictimaiyyətində narazılıq yaranmaması üçün Azərbaycan danışıqlarda birbaşa iştirak etmir. Əslində, bu yol ilk növbədə Azərbaycannın digər bölgələri ilə Naxçıvan arasında maneəsiz və təhlükəsiz hərəkəti təmin etmək üçündür. Buna baxmayaraq, Ermənistan nə münaqişəyə son qoymaq, nə də konstitusiyanı dəyişmək istəyir. Ona görə də Paşinyan yaxasına Ermənistanın xəritəsinin maketini taxır, sülh müqaviləsinin imzalanmasını ləngidir. -Nikol Paşinyan bildirib ki, 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsi imzalanacaq və ratifikasiya ediləcək. Sizcə, Paşinyan “2031-ci il” deməklə öz hakimiyyəti dövründə sülhə nail olacağına işarə edir, yoxsa bu, sülhdən yayınmaq üçün manipulyasiyadır? - Paşinyan hakimiyyəti saxlamaq istəyir. Ataların bir sözü var: “Erməni keşiklikdən imtina edər, ermənilikdən əl çəkməz”. Paşinyan ermənilikdən çıxmaq istəmir. O, gələcəkdə Azərbaycanın zəif bir ölkə olmasını istəyir. Biz də buna yol vermərik. Ermənistanın anneksiya strategiyası iki istiqamətdən ibarət olub. Birincisi, Naxçıvanı Azərbaycandan ayırıb təcrid etmək. İkincisi, Qarabağı Ermənistana birləşdirmək. Ona görə də səhərdən axşama qədər Laçın dəhlizindən danışırdılar. Azərbaycan Qarabağ məsələsini həll etdi. Naxçıvan məsələsində isə Ermənistan güzəştə getmək istəmir. Sülh müqaviləsinin ləngiməsinin səbəbkarı da Ermənistandır. Vaşinqton danışıqlarının məqsədi də bu idi. T ramp demədi ki, TRIPP layihəsini başqa ərazidən çəkəcəyəm. Azərbaycanın bir parçası gələcəkdə ayrı olacaq? Buna kim razılıq verər? - Ararat Mirzoyan bildirib ki, Ermənistan istənilən vaxt və istənilən yerdə sülh müqaviləsi imzalamağa hazırdır. Ermənistan konstitusiyasına dəyişiklik edilmədən sülh mümkündürmü? - Xeyr. Azərbaycanın xarici işlər naziri də bəyan edəcək ki, Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən sonra biz sülh müqaviləsini imzalamağa hazırıq. Ararat Mirzoyanın açıqlamasından sonra bu bəyanatın səslənməsi gözləniləndir və vacibdir. - Dediniz ki, Tramp Paşinyana ev tapşırığı verib, lakin Ermənistan bu tapşırığı yerinə yetirmir. Bunun səbəbi nədir? Tramp administrasiyasının diqqətinin İrandakı müharibəyə yönəlməsi, yoxsa Rusiyanın təzyiqləri? - Bəli, Ermənistan sülhdən yayınır. Amma bunun səbəbi Rusiyanın təziyqləri yox, Ermənistandakı qubernatoruna icazə verməməsidir. Onlar öz aralarında teatr qurublar, narazılıq görüntüsü yaradıblar. Guya Paşinyan Putinə cavab qaytarır. Mən əvvəldən demişəm ki, bu, aldadıcı gedişdir. Bəs deyirdilər Paşinyan Qərbə gedir? Əgər o, Rusiyadan uzaqlaşıb Qərbə yaxınlaşmaq istəyirsə, Zəngəzur dəhlizini açsın. Təəssüf ki, bir çox insanların real addımları təhlil etməyə təcrübələri çatmır. Mənim bəzi məmurlarla görüşlərim olur və bilirəm ki, orada real vəziyyət belədir. Təbliğati baxımdan, Paşinyan bizi aldatmaq istəyir. Onun özünü səmimi insan kimi aparması, Göyçə gölündə çimməsi, “pirojki” yeməsi bu təbliğatın elementləridir. - Noyabrın 3-də ABŞ-də Konqresə keçiriləcək aralıq seçkilərdə erməni diasporuna daha yaxın olan demokratların qələbəsi proqnozlaşdırılır. Bu baş verəcəyi təqdirdə Nikol Paşinyanın əlini gücləndirə və sülhdən yayınması üçün manevr imkanlarını artıra bilərmi? - Mən belə hesab etmirəm. Çünki Konqresdə “Armenian Kokus” deyilən qruplar var. Onların iştirakçıları həm respublikaçılar, həm də demokratlardır. Onlar hər tərəfə təsir göstəriblər. Həmin təşkilatın üzvləri, yəni erməni diasporunun təsiri altında olan konqresmenlərin sayı dəyişmir. Onların arasında indi demokratlar çox, Respublikaçılar az olacaq. Əksinə olanda, Tramp “907-ci düzəliş”i ləğv edə bilir? Yox. Problem ondadır ki, Ermənistan əhalisinin əksəriyyəti xaricdə yaşayır. Onlar öz həyat tərzini bu şəkildə istifadə edir və özlərini vətənpərvər kimi göstərirlər. Əslində, onların bu fəaliyyəti Ermənistanın ziyanınadır. “Cebheinfo.az” Geri qayıt |