Əsas Səhifə > Güney Press > Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu

Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu


Dünən, 23:08

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın TRİPP marşrutu – Zəngəzur dəhlizi ilə bağlı açıqlaması Azərbaycanda sərt reaksiyalara səbəb olub.

Musavat.com-un məlumatına görə, Ermənistan XİN başçısının bu marşrut üzrə yalnız dəmir yolunun çəkiləcəyini deməsi sülh razılaşmasının pozulması kimi qiymətləndirilir.
Deputat Sahib Alıyev Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın TRİP-lə bağlı son açıqlaması axır vaxtlarda onun ölkəsinin Azərbaycanla sülh və normallaşma prosesinə yanaşmada yeritdiyi və heç də birmənalı olmayan siyasətin tərkib hissəsidir: “Ona görə “birmənalı olmayan” deyirəm ki, Nikol Paşinyan bir tərəfdən Bişkekdə Azərbaycan Prezidenti ilə görüşdə konstruktivlik göstərir, digər tərəfdən anklav və eksklavlarla bağlı səsləndirilməsində nə niyyət güdüldüyü bəlli olmayan açıqlamalar verir. Və sonra da aydın olur ki, onun dedikləri heç də hökumətlərarası komissiyanın gündəminə çıxarılmayıb. Ümumiyyətlə, hər iki tərəfin razılığına əsasən sərhədlərin delimitasiyasının şimal-cənub istiqaməti üzrə aparılmalı olduğu halda, bir-birə belə bir yenilikdə məqsəd nədir? Bəli, Azərbaycan bildirib ki, TRİP-in tikintisində real addımlar atılacağı təqdirdə, növbədənkənar olaraq onun başlanğıcında və qurtaracağında delimitasiya aparmaq mümkündür. Amma onlar, guya, bu ilin yayında dəhlizdən keçəcək kommunikasiyaların texniki-iqtisadi əsaslandırılmasını başa çatdırmalı idilər.

İndi bəlli olur ki, burada ən azından yarım illik bir gecikmə gözlənilir”. S.Alıyev qeyd etdi ki, Ermənistanda tikinti ilə bağlı hər hansı tender keçirilməyib, podratçının kimliyi bilinmir: “Əvəzində Ermənistanın xarici işlər naziri deyir ki, relyefin mürəkkəbliyi və yerin darlığı səbəbindən o dəhlizdən ancaq dəmir yolu və elektrik xətləri keçə bilər. Avtomobil yolu ilə neft və qaz kəmərləri üçün isə başqa marşrutlar nəzərdə tutulur. Neft və qaz kəmərləri tutaq ki, aydındır, bəs avtomobil yolu üçün ən qısa marşrut ortadaykən nədən başqa yerdən keçməlidir? O da maneəsiz keçid olacaqmı? Njdeizmin de-fakto dövlət ideologiyası olduğu bir ölkədəki o keçiddə azərbaycanlıların təhlükəsizliyini kim təmin edəcək? Mirzoyanın bu açıqlamasında məqsəd nədir? TRİP-in dəhliz statusunu aradan qaldırmaq, yoxsa əvvəlki razılaşdırmanın üstündən xətt çəkib bir neçə yerdə eyni vaxtda delimitasiya aparmaq niyyəti ilə bu kommunikasiya xətləri belə dağıdılır? Və unudulur ki, ABŞ Prezidenti də öz çıxışında adı çəkilən bütün bu kommunikasiya xətlərinin məhz TRİP marşrutu üzrə reallaşdırılacağını bildirmişdi”.

Deputat xatırladıb ki, A.Mirzoyan parlamentə Xarici Məsələlər komissiyasında yeni Konstitusiya haqda da danışaraq buna Azərbaycan tələb etdiyi üçün deyil də, özlərinin istəmələri səbəbindən gedəcəklərini deyir: “Yaxşı, elə olsun. Amma o da, Ermənistan parlamentindəkilər də gözəl bilirlər ki, Konstitusiyalarına dəyişiklik etmədən, Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistanınkı kimi təsbit olunması oradan götürülmədən hər hansı sülh anlaşmasından söhbət gedə bilməz.

Qəribədir ki, Mirzoyanın ilk növbədə özlərinin qəbulunda maraqlı olduqlarını dediyi Yeni Konstitusiya layihəsindən hələ də bir xəbər yoxdur. Halbuki onlar həmin layihənin əvvəl bu ilin martında, sonra isə seçkidən 2-3 ay sonra ictimaiyyətə təqdim ediləcəyini demişdilər. Unudulub. Bəlkə, ona görə ki, Ermənistan reallığı Paşinyanın “Real Ermənistan”ından fərqlənir və getdikcə bu fərq həm artır, həm də daha qabarıq görünür. Nikol Paşinyan 2026–2031-ci illər üçün təqdim etdiyi yeni dövlət proqramında artıq “Qarabağ hərəkatı” və onun ideologiyasının yer almadığını deyirdi. Yaxşı, doğrudan da elədirsə, onda Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların və beynəlxalq təşkilatların təmsilçilərinin Qarabağla Şərqi Zəngəzura səfərlərinə qarşı Ermənistan Xarici İşlər Nazirliyinin, eləcə də digər dövlət qurumlarının təşkil etdikləri kampaniyalar nə üçün idi? Yaxşı, deyək ki, burada onları öz toplumlarını və dünyanı necə aldatdıqları faş olunarkən yüngül bir təbəssüm qıcıqlandırmışdı, ona görə belə edir, nəlbəkidə fırtına yaradırdılar”.

S.Alıyev Ermənistanın dəyişən ritorikası ilə paralel olaraq atılan qəbulolunmaz addımlara da diqqət çəkib: “Bəs oktyabrın 19-da orduya yeni təyinatın arxasında nə durur? Xankəndindəki keçmiş hərbi xuntanın sonuncu “təhsil naziri” Norayr Mkrtçyan hansı məntiq və niyyətlə Ermənistan Silahlı Qüvvələrinin Mənəvi-Psixoloji Təminat İdarəsinə rəis təyin edilib? “Təhsil naziri”ndən də əvvəl qondarma qurumun “Müdafiə Ordusu” komandanının mənəvi-psixoloji işlər üzrə müavini işləmiş Mkrtçyan orada heç də Qarabağdakı keçmiş hərbi xuntanın yeganə təmsilçisi deyil. Bu il avqustun 31-də Qarabağda diviziya komandirinin müavini qismində Azərbaycana qarşı vuruşan Samvel Qriqoryan da 3-cü Ordu Korpusunun komandiri vəzifəsinə gətirildi. Əgər nəzərə alsaq ki, Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Edvard Asryanın da Qarabağ keçmişi var, onda orada ordunun məhz revanşist və münaqişəyönümlü ideologiya ilə formalaşdırıldığı, Qarabağ mirasının dövlət institutlarına inteqrasiya olduğu açıq-aydın görünməkdədir. Və belə çıxır ki, Ermənistan rəhbərliyinin sülh ritorikası ilə əməli üst-üstə düşmür, sülh müqaviləsinin imzalanmasının ləngidilməsi də qətiyyən səbəbsiz deyil”.


Geri qayıt