Əsas Səhifə > Güney Press > Azərbaycanla sülh ertələnir, Zəngəzur isə...
Azərbaycanla sülh ertələnir, Zəngəzur isə...Bu gün, 12:58 |
|
Ermənistan Azərbaycanla sülh prosesinin yekunlaşdırılması istiqamətində siyasi və hüquqi məsələlərlə üzləşdiyi bir vaxtda ABŞ-la TRIPP layihəsini iqtisadi əməkdaşlığın yeni mərhələsi kimi təqdim edir. Musavat.com-un siyasət şöbəsi yazır ki, ölkənin xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasının iclasında layihəni Ermənistanla ABŞ arasında iqtisadi əməkdaşlığın misli görünməmiş səviyyəsi kimi xarakterizə edib. Nazirin açıqlamasından görünür ki, rəsmi İrəvan TRIPP-i yalnız nəqliyyat infrastrukturu deyil, həm də iqtisadi imkanlar, təhlükəsizlik, gömrük və miqrasiya prosedurları ilə bağlı geniş əməkdaşlıq mexanizmi kimi təqdim edir. Bununla yanaşı, layihənin idarə olunmasında özəl şirkətlərin və Ermənistan vətəndaşlarının iştirakına da imkan nəzərdə tutulur. Mirzoyanın açıqlaması Ermənistan daxilində TRIPP ətrafında aparılan müzakirələr baxımından da diqqət çəkir. Layihənin ölkənin suverenliyinə, təhlükəsizliyinə və uzunmüddətli maraqlarına mümkün təsirləri barədə narahatlıqların olduğu şəraitdə hakimiyyət onun iqtisadi tərəflərini ön plana çıxarır. Bu yanaşma müxalifətin layihə ilə bağlı iradlarına cavab vermək və TRIPP-in Ermənistanın əleyhinə yönəlmiş təşəbbüs olmadığını əsaslandırmaq cəhdi kimi də qiymətləndirilə bilər. Diqqətçəkən məqamlardan biri də front office və back office xidmətlərinin özəl şirkətlərə və ya Ermənistan vətəndaşlarına həvalə oluna bilməsidir. Bu, xidmətlərin təşkili və idarə edilməsində qeyri-dövlət iştirakının nəzərdə tutulduğunu göstərir. Bununla belə, həmin xidmətlərin dəqiq həcmi, səlahiyyət bölgüsü və hüquqi məsuliyyət mexanizmləri barədə konkret məlumatlar olmadan layihənin idarəetmə modelinə dair yekun nəticə çıxarmaq tezdir. Bununla belə, layihənin uğuru tərəflərin üzərinə götürdükləri öhdəliklərin icrasından, sərhəd və gömrük prosedurlarının praktik tətbiqindən, eləcə də Azərbaycanın Naxçıvanla əlaqəsinin hansı şərtlərlə təmin olunacağından asılı olacaq. Ermənistan üçün tranzit gəlirləri və investisiyalar nə qədər əhəmiyyətlidirsə, Azərbaycan üçün də bağlantının etibarlı, davamlı və praktik baxımdan işlək olması bir o qədər vacibdir. Azərbaycanla siyasi razılaşmaların gecikməsi TRIPP-in iqtisadi perspektivlərini də məhdudlaşdıra bilərmi? Deputat Elşad Musayev Musavat.com-a bildirib ki, siyasi razılaşmaların gecikməsi öz təsirini göstərməyə bilməz. Onun fikrincə, layihənin kommersiya uğuru yalnız dəmir yolu və avtomobil yollarının çəkilməsindən asılı deyil. Deputat hesab edir ki, sərhədlərin açıq olması, tranzit qaydalarının sabitliyi, investorlara verilən hüquqi təminatlar olduqca vacibdir. Elşad Musayevin fikrincə, Zəngəzur dəhlizinin perspektivi həm də ölkələr arasında qarşılıqlı etimaddan asılıdır: "Azərbaycan və Ermənistan liderləri sülh sazişinin mətniniparafladılar və TRIPP daxil olmaqla regional kommunikasiyaların açılması istiqamətində siyasi çərçivə formalaşdırıldı. Amma Ermənistan bu prosesi hələ də uzadır. Mirzoyan və digər erməni rəsmilərinin bəyanatları sözdən əmələ keçmir. Bəli, hökumət müxalifətə cavab olaraq layihənin iqtisadi əhəmiyyətini cəmiyyətə göstərmək istəyir. Amma təkcə sözlə deyil, əməllə xalqa faydasını hiss etdirmək lazımdır. Bu da Azərbaycanla əlaqələri sahmana salmaqdan asılıdır. Yəni sülh müqaviləsi yoxdursa, Zəngəzur koridorunun açılması dayanıqlı təhlükəsizlik məsələsində sual işarəsi qoyacaq. Bəli, tam siyasi normallaşma olmadan məhdud iqtisadi əməkdaşlıq mümkündür. Lakin belə əməkdaşlıqla tammiqyaslı beynəlxalq dəhlizin iqtisadi səmərəsi eyni deyil. Ermənistan bu faktoru nəzərə almalıdır". TRIPP-in ilkin mərhələdə böyük kapital qoyuluşu tələb etdiyini söyləyən deputat deyib ki, bir sıra texniki işlərə, infrastruktur qurulmasına nəhəng maliyyə lazımdır: "Əvvəla, dəmir yolu, avtomobil yolu, sərhəd terminalları üçün maliyyə tələb olunur. İkincisi, rəqəmsal gömrük sistemləri, enerji xətləri və logistika mərkəzləri yalnız siyasi razılaşmaların deyil, uzunmüddətli maliyyələşdirmənin mövcudluğunu tələb edir. Yaxşı, gələcək gəlirlər qoyulan kapitalı və onun riskini kompensasiya edəcəkmi? Zənnimcə, qeyd etdiyiniz həmin siyasi qeyri-müəyyənlik bu sualın cavabını zəiflədir. Təsəvvür edək ki, marşrutun texniki gücü ildə böyük həcmdə yük daşımağa imkan verir. Əgər siyasi gərginlik səbəbindən daşıyıcılar müqavilə bağlamaqdan çəkinirsə, sərhəd prosedurları tez-tez dəyişirsə, onda layihənin istifadəsi nəzərdə tutulan həcmdən az ola bilər”. Bundan başqa, deputata görə, Azərbaycanın öz ərazisindəki infrastrukturun hazırlanması ilə Ermənistan ərazisindəki hissənin gecikməsi arasında vaxt uyğunsuzluğu yaranarsa, hazır infrastruktura yatırılan kapitalın iqtisadi qaytarılması da gecikə bilər: “Hər halda, Ermənistan riskləri nəzərə almalı, qulağa xoşagələn sözləri səsləndirməklə yanaşı, sülh sazişi ilə bağlı sonuncu tələbimizi də yerinə yetirməlidir ki, "Tramp yolu"nun faydaları stabil olsun". Geri qayıt |