Əsas Səhifə > Ana xəbər / Cəmiyyət > Vətəndaşları gözləyən pensiya təhlükəsi

Vətəndaşları gözləyən pensiya təhlükəsi


9-10-2026, 05:50

Yaşa görə sosial müavinət alanların sayının yüksək olması hansı iqtisadi və sosial amillərlə bağlıdır? Vətəndaşların əmək pensiyası hüququ qazana bilməməsində qeyri-rəsmi məşğulluğun və kifayət qədər sığorta stajının olmamasının rolu nə qədərdir?

Referans Media-ya açıqlama verən iqtisadçı Günay Hüseynova bildirib ki, hazırda stajına görə deyil, sosial müavinət alan şəxslərin sayının müəyyən qədər çox olmasının əsas səbəblərindən biri qeyri-rəsmi məşğulluq, həmçinin illər əvvəl ölkədə mövcud olmuş müharibə şəraitidir.

Onun sözlərinə görə, 1990-cı illərdə bir sıra zavod və fabriklərin fəaliyyətini dayandırması, Qarabağ bölgəsindən təxminən 1 milyon məcburi köçkünün gəlməsi həmin dövrdə məşğulluqla bağlı ciddi çətinliklər yaradıb.

“Yəni, vaxtilə məşğulluqla bağlı yaranan çətinlik bu gün bir sıra vətəndaşların əmək pensiyası deyil, yaşa görə sosial müavinət almasına səbəb olan amillərdən biridir”, – deyə ekspert bildirib.

Günay Hüseynova qeyd edib ki, digər mühüm məsələ əvvəlki pensiya sistemi ilə bağlıdır. Onun sözlərinə görə, əvvəlki illərdə pensiya sistemində islahatlar indiki qədər sərt olmayıb və vətəndaşlar da bu məsələlər barədə kifayət qədər məlumatlı deyildilər.

“Məsələn, kimsə işləyib, illər sonra məlum olub ki, rəsmi qeydiyyata alınmayıb. İndi də bu kimi hallar var. Sadəcə, fərq ondadır ki, indi vətəndaş özü müəyyən hallarda bu şəraitə razı olur, eyni zamanda ciddi yoxlamalar da aparılmır”, – deyə o əlavə edib.

İqtisadçı bildirib ki, xarici ölkələrdə, xüsusilə Avropa ölkələrində əmək münasibətlərinə daha ciddi nəzarət həyata keçirilir. İş yerləri mütəmadi yoxlanılır, vətəndaş normal iş saatından artıq işlədildikdə isə hər əlavə saat üçün əməkhaqqının bir neçə qatı məbləğində ödəniş tətbiq olunur.

“Bizdə isə əksər sahibkarların ‘hökmranlığı’ hələ də mövcuddur. Vətəndaş əmək müfəttişliyinə sübutlu şəkildə şikayət etməlidir ki, bu hal təsbit olunsun. Vətəndaşların əksəriyyəti kredit, ipoteka və digər borclarını ödəyir. Şəxsin etirazı işdən çıxarılma ilə nəticələndiyi üçün onun maliyyə yükü daha da ağırlaşır”, – deyə Günay Hüseynova vurğulayıb.

Onun fikrincə, bu kimi halların qarşısının alınması, başqa sözlə, vətəndaşların gələcəkdə əmək pensiyası əvəzinə yaşa görə sosial müavinət almaq məcburiyyətində qalmaması üçün ciddi yoxlamalara və sərt cəza tədbirlərinə ehtiyac var.


Geri qayıt