|
Mərkəzi Sinqapurda yerləşən “Chandler Governance Group” tərəfindən hazırlanan “Chandler Yaxşı İdarəetmə İndeksi” (Chandler Good Government Index – CGGI) adlı hesabata görə Azərbaycan “Cəlbedici Bazar” (“Attractive Marketplace”) göstəricisi üzrə 133 ölkə arasında 68-ci sırada yer alıb. Yeniavaz.com xəbər verir ki, bu göstərici üzrə ən yaxşı nəticəni Sinqapur, Finlandiya, Danimarka, İsveçrə və İsveç əldə edib. Ən pis nəticə isə Venesuela, Boliviya, İran, Anqola və Sierra Leoneyə məxsus olub. Keçmiş SSRİ və qonşu ölkələrin 133 ölkə arasındakı mövqeyi aşağıdakı kimi olub: 8 – Estoniya 26 – Litva 38 – Gürcüstan 41 – Latviya 59 – Özbəkistan 68 – Azərbaycan 79 – Türkiyə 81 – Ermənistan 93 – Tacikistan 97 – Qazaxıstan 100 – Moldova 111 – Ukrayna 112 – Rusiya 124 – Qırğızıstan 131 – İran “Chandler Yaxşı İdarəetmə İndeksi” hesabatında yer alan “Cəlbedici Bazar” göstəricisi, hökumətin investisiyalar, ticarət və biznesin inkişafı üçün yaratdığı iqtisadi mühiti qiymətləndirir. Bu göstərici ölkədə iqtisadi ekosistemin yerli və xarici sahibkarlar üçün nə qədər cəlbedici, təhlükəsiz və rəqabətli olduğunu müəyyənləşdirməyə yönəlib. “Cəlbedici Bazar” göstəricisi 4 əsas indikator əsasında hesablanır: Bunlardan birincisi mülkiyyət hüquqlarıdır (“Property Rights”). Bu meyar investorların və vətəndaşların maddi, həmçinin intellektual mülkiyyətinin hüquqi müdafiə səviyyəsini və dövlət tərəfindən qorunma zəmanətini ölçür. İkinci göstərici investisiyaların cəlb edilməsidir (“Investments”). Burada hökumətin xarici və daxili kapitalı ölkə iqtisadiyyatına cəlb etmək bacarığı, biznes üçün təşviq mexanizmləri və investisiya mühitinin əlverişliliyi qiymətləndirilir. Üçüncü göstərici logistika bacarığıdır (“Logistics”). Bu meyar ölkənin nəqliyyat infrastrukturunun keyfiyyətini, ticarət dəhlizlərinə çıxış imkanlarını və yükdaşımaların səmərəliliyini göstərir. Dördüncü göstərici isə sabit biznes qaydalarıdır (“Business Regulations”). Burada sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericiliyin sabitliyi, şəffaflığı, biznesin qeydiyyatı və vergi prosedurlarının proqnozlaşdırıla bilən olması nəzərə alınır. İndeksin məlumatları müxtəlif beynəlxalq mənbələrdən toplanır. Hesablamalarda Dünya Bankı, Dünya İqtisadi Forumu və BMT-nin məlumatları da daxil olmaqla, 60-dan cx qlobal və açıq məlumat mənbəyindən istifadə edilir. Məlumatlar əvvəlcə vahid ölçüyə gətirilir və 0-dan 1-ə qədər şkalada qiymətləndirilir. Daha sonra bu 4 indikatorun hər birinə eyni çəki verilir və onların orta göstəricisi hesablanaraq ölkənin “Cəlbedici Bazar” üzrə yekun balı müəyyən edilir.
Geri qayıt
|