Əsas Səhifə > Ana xəbər / Güney Press > LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer?

LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer?


Bu gün, 16:06

Həkimlərdən kredit toplamaq, ixtisasartırma kurslarında iştirak etmək və peşə hazırlığını davamlı yeniləmək tələb olunur. Ancaq bu tələbləri yerinə yetirmək üçün yaradılan imkanların kifayət edib-etməməsi sual doğurur.
 
Bu gün LOR həkimləri arasında əsas narazılıq ixtisasartırma kurslarında yer çatışmazlığı ilə bağlıdır. Rəsmi plana görə, 2026–2027-ci tədris ilində LOR üzrə 21 kurs açılır və hər kursa cəmi 6 nəfər qəbul olunur. Yəni 563 LOR həkiminə qarşı cəmi 126 kurs yeri nəzərdə tutulub.
LOR həkimlərin Medicina.az -a bildirdiyinə görə, hazırda əsas problemlərdən biri Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kurslarına düşə bilməmələridir.
İnstitutun 2026–2027-ci tədris ili üçün rəsmi planında otorinolarinqologiya üzrə 21 kurs nəzərdə tutulub. Hər kursa cəmi 6 nəfər qəbul edilir. Bu isə bir tədris ili ərzində 126 yer deməkdir.
Dövlət Statistika Komitəsinin son açıqladığı məlumata görə isə 2025-ci ilin əvvəlinə Azərbaycanda 563 otorinolarinqoloq fəaliyyət göstərib. 563 LOR həkiminin olduğu ölkədə Təkmilləşdirmə İnstitutunun bir illik planında bu ixtisas üzrə 126 kurs yeri var. Üstəlik, 126 yer heç də 126 fərqli LOR həkiminin təlim keçməsi demək deyil. Eyni həkim il ərzində bir neçə fərqli kursda iştirak edə bilər.
Planın özündə də görünür ki, iki kursa LOR həkimləri ilə yanaşı üz-çənə cərrahları qəbul olunur. Kurslardan biri isə xüsusi olaraq dövlət müəssisələrində çalışan bölgə LOR həkimləri üçün nəzərdə tutulub. Deməli, bütün 126 yerin ölkədəki bütün LOR həkimləri üçün eyni şəkildə açıq olduğunu demək olmaz.
Daha bir məqam, bu kurslara digər ixtisaslardan, məsələn, hazırda estetik cərrah kimi fəaliyyət göstərənlər, hətta ümumi cərrahlar da qatılır. Məsələn, tibb üzrə fəlsəfə doktoru, tanınmış LOR, estetik cərrah Məzahir Quliyevin LOR Rinoplastika kursunda 6 həkim iştirak edir və diqqət çəkən məqam kursda bir müddət sertifikatsiz çalışdığı barədə araşdırılma aparılan, rinoplastika burun əməliyyatları icra edən Fuad Abdullayev də yer alıb. Qeyd edək ki, Fuad Abdullayev ixtisasca ümumi cərrahdır.
Səhiyyə Nazirliyi tərəfindən açıqlanan “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin” siyahısında Fuad Paşa oğlu Abdullayevin adı yer almır.
Bəs Fuad Abdullayev niyə LOR kursundadır?
Həkim üçün istənilən boş yer çıxış yolu deyil.
Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, həkimlər davamlı peşəkar inkişaf çərçivəsində 5 il ərzində hər il orta hesabla 50 olmaqla minimum 250 kredit toplamalıdırlar.
Kredit yalnız Təkmilləşdirmə İnstitutunun kurslarından yığılmır. Konfrans, seminar, simpozium, təlim və digər akkreditə olunmuş elmi-tədris tədbirləri də kredit verir. Ona görə 126 kurs yerini bütün kredit toplama sisteminin ümumi imkanları kimi göstərmək düzgün olmaz. Amma bu, kurslarda yer problemini də aradan qaldırmır. Səhiyyə Nazirliyinin sertifikasiya ilə bağlı rəsmi sual-cavabında bəzi hallarda həkimin son beş ildə azı bir dəfə öz ixtisası üzrə ixtisasartırma kursunda iştirak etməsinin vacib olduğu ayrıca göstərilir.
Burada bir sual ortaya çıxır: dövlət həkimdən kurs keçməyi tələb edirsə, həmin kurslarda kifayət qədər yer yaradılıbmı? Həkim üçün istənilən boş yer çıxış yolu deyil. Kurs onun ixtisasına və gördüyü işə uyğun olmalıdır. Tarix iş qrafikinə uyğun gəlməlidir. Bölgədə çalışan həkim üçün isə Bakıya gəlmək əlavə yol və qalma xərci deməkdir. Ona görə də yalnız “126 yer var” deməklə kursların əlçatan olub-olmadığını müəyyən etmək mümkün deyil. Bunun üçün bir neçə suala cavab lazımdır: il ərzində bu kurslarda neçə fərqli LOR həkimi iştirak edir? Neçə həkim yer olmadığı üçün kursa qəbul edilmir? Növbədə nə qədər gözləyirlər?
Eyni həkim bir il ərzində neçə kursda iştirak edir? Altı nəfərlik qrup praktiki məşğələnin keyfiyyəti üçün məqsədəuyğun ola bilər. Amma müraciət edənlərin sayı çoxdursa, əlavə və paralel qruplar açmaq mümkündür. Bunun üçün əlavə müəllim və klinik bazalar cəlb oluna bilər. Nəzəri dərslərin uyğun hissəsi distant formada da təşkil edilə bilər. İnstitutun öz saytında distant təhsil proqramının fəaliyyət göstərdiyi də qeyd olunur. Məsələnin başqa həssas tərəfi qəbulun şəffaflığıdır. Yer az, tələb çox olanda kimin kursa necə qəbul edildiyi tam aydın olmalıdır.
Əks halda həkimlər arasında “kim daha tez yer tapır?”, “üstünlük kimə verilir?” kimi suallar yaranır.
Mövcud rəqəmlər kurslara qəbul zamanı korrupsiya olduğunu sübut etmir. Amma məhdud yerlərin şəffaf olmayan qaydada bölüşdürülməsi belə bir risk yarada bilər. Xüsusilə sertifikasiya vaxtı yaxınlaşan həkim üçün məsələ daha ciddi olur. Kurs lazımdır, yer yoxdur, qəbulun növbəsi və meyarları isə aydın deyil. Həkimin peşəkar fəaliyyəti “kursda yer tapacağammı?” sualından asılı qalmamalıdır.
Dövlət həkimdən davamlı təhsil və kredit tələb edirsə, bunun üçün kifayət qədər və əlçatan imkan da yaratmalıdır.
Mövzu və yaranan suallarla bağlı Səhiyyə Nazirliyi nəzdində Həkimləri Təkmilləşdirmə İnstututuna sorğu göndərdik. İnstitutdan açıqlama hələ gözləmə mərhələsindədir.
Eləcə də cərrah Məzahir Qurbanovla əlaqə saxlamağa cəhd etsək də, həkimdən açıqlama almaq mümkün olmadı.

Geri qayıt