|
Abşeron rayon Saray qəsəbəsində yerləşən "AzBelşin” MMC qanunsuz olaqraq səkini zəbt edilərək genişləndirib. Bu qanunsuzluq da avtomobillər üçün nəzərdə tutulan ərazidə hərəkətin qarşısı kəsib. Həmçinin qanunsuz zəbt olunaraq genişləndirilən səkidə ağır texnikalar yerləşdirilib. Qanunsuz genişləndirilən səki avtomobillərin yolda dönüşünə də ciddi təhlükə yaratmaqdadır. Yaxınlıqda yaşayan vətəndaşlar da avtomobilləri ilə ərazidə hərəkət edə bilməmələrindən şikayətçidirlər. Demək olar ki, qanunsuz səki genişlədirilməsi həm avtomobil həm də yaxınlıqda yaşayan insanların hərəkətini ciddi formada məhdudlaşdırıb. Bəs görəsən "Azərtexnika Belşin” MMC sahibləri vətəndaşların sərbəst hərəkət hüququnu, yol təhlükəsizliyini və qanunvericiliyin tələblərini nədən görməzdən gəir!?
Redaksiyamıza müraciət edən Vətən Müharibəsi Qazisinin şikayətinə görə, Abşeron rayonunun Saray qəsəbəsində, Bakı-Sumqayıt şosesinin 21-ci kilometrliyində yerləşən "Azərtexnika Belşin” MMC-nin sahiblərinin ərazidə həyata keçirdikləri qanunsuzluqlar ciddi narahatlıqlar doğurub. Beləki, ərazidə yerləşən obyektin qarşısında insanların gündəlik istifadə etdiyi səki boyunca hərəkət imkanlarının məhdudlaşdırıldığı, üstəlik, piyada hərəkəti üçün nəzərdə tutulan sahədə ağır texnikaların yerləşdirilməsi vətəndaşlara ciddi təhlükə sayıla bilər. Söhbət istənilən bir ərazidən deyil, avtomobil və xüsusi təyinatlı texnikalarla bağlı fəaliyyət göstərən kommersiya obyektinin qarşısından gedir. Belə bir şəraitdə ortaya haqlı sual çıxır ki, sahibkar hansı əsasla insanların ümumi istifadəsində olan ərazidə səkini qanunsuz olaraq zəbt edib genişləndirib?
Səki kiminsə şəxsi anbarı, satış meydançası və ya ağır texnikaların nümayiş etdirildiyi dayanacaq deyil. Bu ərazi ilk növbədə piyadaların təhlükəsiz və maneəsiz hərəkəti üçün nəzərdə tutulub. Onu ağır texnikalarla tutmaq isə vətəndaşları ya daralmış sahədən keçməyə, ya da vəziyyətdən asılı olaraq avtomobil yoluna çıxmağa məcbur edir. Bu da xüsusilə uşaqlar, yaşlılar, hərəkət məhdudiyyətli şəxslər və uşaq arabası ilə hərəkət edən valideynlər üçün əlavə risk yaradır.
Əgər obyektin ərazisi genişləndirilərkən səkinin sərhədləri dəyişdirilibsə, bunun hansı layihə və hüquqi əsasla həyata keçirildiyi açıqlanmalıdır. Əgər səki ictimai istifadədə qalırsa, onun üzərində ağır texnikaların yerləşdirilməsinə kim icazə verib? Yoxsa heç bir icazə olmadan ictimai ərazi faktiki olaraq kommersiya məqsədləri üçün istifadə edilir?
Sahibkarlıq fəaliyyəti qanunla qorunur, lakin bu hüquq başqalarının hüquqlarını məhdudlaşdırmaq, piyadaların hərəkətinə mane olmaq və ictimai ərazini özbaşına zəbt etmək imkanı vermir.
Qanunvericilik nə deyir?
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsi avtomobil yollarında, prospektlərdə, küçələrdə və səkilərdə yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına dair tələbləri müəyyən edir. Məcəllənin 354.0.1-ci maddəsi müvafiq icazə olmadan və ya icazənin şərtləri pozulmaqla yolun hərəkət hissəsində və səkilərdə materialların yığılmasını, predmetlərin saxlanılmasını, eləcə də yol hərəkətinin təhlükəsizliyinə maneə yaradılmasını əhatə edir. 354.0.4-cü maddə isə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasını nəzərdə tutur. Maddənin müvafiq hissələrində nəzərdə tutulan əməllərin hüquqi tərkibi təsdiqlənərsə, fiziki şəxslər 80 manatdan 100 manatadək, vəzifəli şəxslər 400 manatdan 500 manatadək, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manatadək cərimə edilə bilərlər. .
Burada əsas məsələ yalnız cərimənin məbləği deyil. Əsas məsələ ictimai istifadədə olan səkinin hansı hüquqi əsasla bu vəziyyətə salınması, ağır texnikaların yerləşdirilməsi üçün hər hansı icazənin mövcudluğu və piyadaların təhlükəsizliyinin təmin edilib-edilməməsidir. Səlahiyyətli qurumlar əraziyə baxış keçirməli, səkinin faktiki sərhədlərini və mülkiyyət statusunu müəyyənləşdirməli, icazə sənədlərini yoxlamalı və qanun pozuntusu təsdiqlənərsə, müvafiq tədbirlər görməlidirlər.
Araşdırma zamanı obyektin kommersiya fəaliyyəti və ərazidən istifadə qaydaları ilə yanaşı, reklam qanunvericiliyinin tələbləri də ayrıca yoxlanılmalıdır.
“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, açıq məkanda reklam yerləşdirilməsi üçün qanunla nəzərdə tutulan icazə proseduru və müvafiq müqavilə tələbləri yerinə yetirilməlidir. Qanunun 26.9-cu maddəsi isə yol hərəkəti iştirakçılarına maneə törədən, onların həyat və sağlamlığı üçün təhlükə yarada bilən reklam daşıyıcılarının yerləşdirilməsini qadağan edir. .Amma, “Azərtexnika” bu qadağalara mhəl qoymamaqdadır.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsi açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyən edir. Müvafiq pozuntu təsdiqlənərsə, fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək, hüquqi şəxslər isə 5 000 manatdan 10 000 manatadək cərimə edilə bilərlər. .
Bununla belə, mühüm bir məqamı vurğulamaq lazımdır ki, obyektin qarşısında şinlərin və ya texnikaların yerləşdirilməsi öz-özlüyündə avtomatik olaraq reklam qanunvericiliyinin pozulması demək deyil. Reklamla bağlı məsuliyyət məsələsi konkret reklam qurğusunun, lövhənin və ya digər reklam daşıyıcısının mövcudluğu, onun yerləşdirilmə qaydası və tələb olunan icazələrin olub-olmaması əsasında qiymətləndirilməlidir.
Demək ki, aidiyyəti qurumlar yalnız səkiyə müdaxilə faktını deyil, ərazidəki reklam vasitələrinin qanunauyğunluğunu da araşdırmalıdırlar.
Araşdırma zamanı şirkətlə bağlı daha bir məqama rast gəldik. Belə ki, 2024-cü il fevralın 8-də yerli mətbuatda yayılan xəbərlərdə “AzBelşin” MMC barəsində gömrük qaydaları əleyhinə inzibati xəta protokolu tərtib edildiyi bildirilib. Məlumatlarda protokolun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə əlaqəli olduğu qeyd olunub.
Həmin maddəyə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər isə 1 500 manat məbləğində cərimə edilə bilərlər.
Lakin apardığımız araşdırma zamanı sözügedən protokolun sonrakı taleyi, iş üzrə yekun qərarın qəbul edilib-edilməməsi və şirkətin məsuliyyətə cəlb olunub-olunmaması barədə əlavə məlumat əldə edə bilmədik.
Digər tərəfdən, 2025-ci ildə yerli mətbuatda yayılan məlumatlarda Belarus Ticarət və Sənaye Palatasının sədri Mixail Myatlikovun açıqlamasına istinadən, Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumunda ümumi dəyəri 18,9 milyon dollar olan müqavilələrin imzalandığı bildirilib. İmzalanan razılaşmalar arasında 2025-2026-cı illərdə regiona şin tədarükü ilə bağlı “Belşina” ASC, “Azərtexnika” MMC və “AzBelşin” MMC arasında əməkdaşlıq memorandumu da yer alıb.
Hazırda Saray qəsəbəsində, Bakı-Sumqayıt şosesinin 21-ci kilometrliyində qeydə alınan vəziyyətlə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə, “AzBelşin” MMC-yə və “Azərtexnika” MMC-yə sorğular ünvanlamışıq. Sorğularda ərazidə səkinin zəbt edilməsi iddiası, ağır texnikaların yerləşdirilməsinin hüquqi əsasları və mümkün qanun pozuntuları ilə bağlı məsələlərə aydınlıq gətirilməsi istənilib.
Qurumların və şirkətlərin cavabları daxil olduğu təqdirdə, onların mövqeyini dərc etməyə hazırıq.
Bildirək ki, mövzu ilə bağlı geniş videoreportaj təqdim edəcəyik.
paytaxt.org




Geri qayıt
|