Əsas Səhifə > Ana xəbər / Güney Press > Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər
Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilərBu gün, 08:59 |
|
Ermənistan dəmiryol xətlərini keçmiş müttəfiqinin idarəçiliyindən almaq istəyir - Moskvanın qərarı isə... Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib. Onun sözlərinə görə, tərəflər Ermənistanın dəmir yolu infrastrukturunun inkişafı ilə bağlı işçi müzakirələr aparacaqlar. Gündəlikdə Qars və Naxçıvan istiqamətində dəmir yolu hissələrinin mümkün tikintisi və bərpası məsələləri də yer alır. Naxçıvan istiqamətində dəmir yolu bağlantısının müzakirə olunması Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqələrinin qurulması regional kommunikasiyaların inkişafı baxımından mühüm məsələlərdən biridir. Ermənistan ərazisindən keçəcək nəqliyyat bağlantısının reallaşması isə bölgədə yükdaşımaların marşrutlarına, iqtisadi əlaqələrə və regional nəqliyyat xəritəsinə təsir göstərə bilər. Söhbət hələlik mümkün tikinti və bərpa layihələrinin müzakirəsindən gedir. Layihənin hansı marşrut üzrə həyata keçiriləcəyi, maliyyələşmənin necə təşkil olunacağı və idarəetmənin kimə həvalə ediləcəyi barədə də əlavə məlumat açıqlanmayıb. Məsələnin digər mühüm tərəfi Rusiyanın Ermənistanın dəmir yolu sistemindəki mövqeyidir. Hazırda Ermənistanın dəmir yollarının idarə olunması Rusiya tərəfi ilə bağlanmış konsessiya müqaviləsi əsasında həyata keçirilir. Paşinyan hökuməti isə bu müqavilənin gələcəyini yenidən müzakirəyə çıxarıb. Bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksey Overçuk Moskvanın konsessiya müqaviləsinin ləğvi ilə bağlı İrəvandan rəsmi müraciət almadığını bildirmişdi. Paşinyan isə Ermənistan hökumətinin müqaviləni ləğv etmək üçün hüquqi vasitələrinin və əsaslarının olduğunu desə də, məsələnin siyasi xarakter daşıdığını vurğulayıb. Belozerovun səfəri bu baxımdan həm də Moskva ilə İrəvan arasında dəmir yolu infrastrukturunun gələcəyi ilə bağlı danışıqların davamı kimi diqqət çəkir. Ermənistanın nəqliyyat layihələrini inkişaf etdirmək istəyi ilə Rusiyanın mövcud konsessiya hüquqları arasında hansı razılaşmanın əldə olunacağı hələ bəlli deyil. Azərbaycan baxımından əsas məsələ Naxçıvanla nəqliyyat əlaqəsinin real layihəyə çevrilməsi, dəmir yolu bağlantısının hansı şərtlərlə qurulması və regional kommunikasiyaların açılmasının praktik nəticələridir. İrəvanda keçiriləcək müzakirələrin bu istiqamətdə konkret qərarlarla nəticələnib-nəticələnməyəcəyi isə səfərdən sonra aydınlaşa bilər. Deputat Elşad Musayevin “Yeni Müsavat” bildirdiyinə görə, bəli, Ermənistan dəmir yollarını Rusiyanın idarəçiliyindən çıxara bilər: “Lakin bunun üçün təkcə siyasi qərar kifayət etmir. Əslində hüquqi müqavilələrin yenidən nəzərdən keçirilməsi, alternativ operatorun tapılması, maliyyələşdirmə, infrastrukturun texniki idarəçiliyi və regional nəqliyyat əlaqələrinin bərpası lazımdır. Ermənistanın əsas çətinliyi də məhz budur ki, suverenliyini gücləndirmək istəyi ilə dəmir yolunu işlək vəziyyətdə saxlamaq üçün maliyyə imkanlarını uzlaşdıra bilmir. Müqavilə 2008-ci ildə 30 illik müddətə bağlanıb və müəyyən şərtlərlə əlavə 10 il uzadılma imkanı nəzərdə tutur. Yəni 2038-ci ilə qədər davam etməsi deməkdir. Mən bir hüquqşünas kimi deyə bilərəm ki, Ermənistan dəmir yollarını milliləşdirmək məcburiyyətində deyil, çünki infrastruktur onsuz da mülkiyyətindədir. Dəyişdirilməli olan əsas məsələ idarəetmə hüquqlarının kimə və hansı şərtlərlə verilməsidir. Paşinyan Rusiya operatorunun başqa şirkətlə əvəzlənməsi ideyasını açıq şəkildə gündəmə gətirib. Türkiyə ilə Naxçıvanı birləşdirməsi nəzərdə tutulan dəmir yolu layihəsi gələcəkdə regional yüklər üçün alternativ yarada bilər. Ermənistan da bunu hesablayır. Bundan əlavə, Ermənistanın xarici ticarətində Gürcüstan istiqaməti mühüm rol oynayır. Dəmir yolu və avtomobil yolları ilə daşımaların inkişafı Ermənistanın tək bir nəqliyyat xəttindən asılılığını azaltmağa kömək edə bilər. İndi İrəvanın narahatlığı ondan ibarətdir ki, beynəlxalq yük sahibləri Rusiya idarəçiliyindəki xətdən istifadə etmək istəməsələr, yeni regional layihələrdən əldə ediləcək gəlirlərin bir hissəsi Ermənistandan yan keçə bilər”. Deputat yada salıb ki, Qazaxıstan, Qətər və BƏƏ kimi ölkələrin idarəetməni öz üzərinə götürməsi müzakirə olunub, amma hələ yekun razılaşma yoxdur: “Moskvanın mövqeyinə gəldikdə, Rusiyanın Dəmir Yollarını Ermənistanın idarəçiliyinə qaytarmaq istəməməsi təkcə bizneslə bağlı deyil. Burada Rusiya-Ermənistan münasibətləri, Moskvanın Cənubi Qafqazdakı təsir imkanları, Azərbaycanla nəqliyyat əlaqələri, Türkiyə istiqaməti və Ermənistanın Qərblə yaxınlaşması kimi bir-biri ilə əlaqəli amillər var. Əgər Ermənistan gələcəkdə Azərbaycan, Türkiyə və İranla yeni dəmir yolu marşrutları açarsa, ölkənin iqtisadi əlaqələri şaxələnə bilər. İdarəetmə də Rusiyadan başqa şirkətə keçərsə, Moskvanın bu infrastrukturdakı birbaşa korporativ mövqeyi zəifləyər. Bu, Rusiyanın Ermənistan üzərində bütün təsirinin itməsi demək deyil. Amma təsir vasitələrindən birinin azalması deməkdir. Üstəlik, idarəetmə Qərb şirkətinə və ya Qərb maliyyə institutlarının etibar etdiyi operatora keçərsə, Ermənistanın nəqliyyat infrastrukturu beynəlxalq investisiyalar üçün daha əlçatan ola bilər. Əksinə, Rusiya ilə əlaqəli şirkətin idarəetmədə qalması bəzi beynəlxalq tərəfdaşlar üçün əlavə hüquqi və sanksiya riskləri yarada bilər”. Geri qayıt |