Əsas Səhifə > Ana xəbər / Güney Press > Rubindən Azərbaycana qarşı qalmaqallı ittihamlar
Rubindən Azərbaycana qarşı qalmaqallı ittihamlarBu gün, 09:22 |
|
Amerikalı ekspert Maykl Rubin “Middle East Forum” nəşrində dərc olunan məqaləsində Azərbaycan-Ermənistan sülh prosesinin iflasa uğramaq təhlükəsi ilə üzləşdiyini yazır. Musavat.com xəbər verir ki, müəllif ABŞ Prezidenti Donald Trampın 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla əldə etdiyi razılaşmanın gələcəyini şübhə altına alır. Rubin iddia edir ki, Paşinyan sülh sazişinə nail olmaq üçün güzəştlərə getsə də, Azərbaycanın tələbləri artmaqda davam edir. Onun fikrincə, Azərbaycan tərəfinin məqsədi sülh deyil, danışıqlardan istifadə edərək Ermənistanın güzəştlər əldə etmək və sonradan bu ölkənin mövcudluğunu qəbul etməməkdir. Rubin Trampın təşəbbüsü ilə gündəmə gələn Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini də tənqid edir. O, Azərbaycan və Türkiyənin Ermənistanla nəqliyyat əlaqələrini açacağı təqdirdə belə bir dəhlizə ehtiyac qalmayacağını yazır. Həmçinin Azərbaycanın 2022-ci ildə İran ərazisindən keçən marşrut yaratmağa başlamasını alternativ kimi göstərir. Bu yanaşma Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru bağlantısına olan ehtiyacını arxa plana keçirir. TRIPP yalnız Ermənistanın tranzit imkanları ilə bağlı layihə deyil, həm də Azərbaycanın nəqliyyat və iqtisadi maraqlarına xidmət edən marşrutdur. Vaşinqton bəyannaməsində dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət prinsiplərinin təsbit olunması da mühüm məqamdır. Məqalədə Ağrı dağı ilə bağlı da iddia irəli sürülür. Rubin yazır ki, İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu dağın Ermənistanın rəmzləri sırasından çıxarılmasını tələb edir, Paşinyan isə bununla razılaşır. Rubinin yazısında ən mübahisəli məqam isə Xocalı faciəsi ilə bağlıdır. Müəllif Xocalı soyqırımını “əsasən uydurulmuş” faciə kimi xarakterizə edir. Rubin ABŞ diplomatlarını da tənqid edir. O, Vaşinqtonun və Dövlət Departamentinin Cənubi Qafqaz münaqişəsinin tarixi köklərini və dini amilin rolunu düzgün anlamadığını iddia edir. Müəllif hətta Qətərin ianələrinin Corctaun Universitetində tədris proqramlarına təsir göstərdiyini yazaraq ABŞ diplomatlarının regiona dair baxışlarının təhrif oluna biləcəyini irəli sürür. Ermənistan Konstitusiyası ilə bağlı məsələyə də toxunan Rubin hüquqi problemlərin düzgün qiymətləndirilmədiyini bildirir. Halbuki Ermənistanın Müstəqillik Bəyannaməsinə konstitusiyanın giriş hissəsində istinad edilməsi Azərbaycanla Ermənistan arasında real hüquqi mübahisə mövzusudur. Bakı bu istinadın gələcək ərazi iddialarına zəmin yarada biləcəyindən narahatdır. Müəllif məqaləsinin sonunda daha sərt proqnoz irəli sürür. O yazır ki, Tramp sülh prosesinin təhlükə altında olduğunu qəbul etməsə, Paşinyan isə uğursuz diplomatik addımlarını davam etdirsə, hər iki liderin tarixi mirası “Ermənistanda xristianlığın sonu” ola bilər. Geri qayıt |