Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı?
Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı?Bu gün, 09:41 |
|
Bu gün Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammiti çərçivəsində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığını genişləndirmək, strateji tərəfdaşlıqları möhkəmləndirmək və beynəlxalq nəqliyyat əlaqələrində mövqeyini gücləndirmək imkanlarını müzakirə edir.“Nezavisimaya qazeta”nın yazdığına görə, sammitdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkə Azərbaycanla münasibətlərini yeni iqtisadi layihələr, investisiyalar və nəqliyyat əlaqələri vasitəsilə dərinləşdirməyə çalışır. Rusiya nəşri Azərbaycan-Özbəkistan münasibətlərində iqtisadi əməkdaşlığın xüsusi yer tutduğunu vurğulayır. Özbəkistan parlamentinin Senat sədrinin birinci müavini Sadiq Səfəyev bildirib ki, Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində iqtisadi əməkdaşlıq və Qarabağın birgə inkişafı ilə bağlı bir sıra sazişlərin imzalanması planlaşdırılır.Tərəflər bu istiqamətdə artıq müəyyən təcrübə toplayıblar. Füzulidə Özbəkistanın təşəbbüsü ilə Mirzə Uluqbəy adına məktəb tikilib, Xankəndidə isə tikiş istehsalı müəssisəsi yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyev avqust ayında Daşkəndin işğaldan azad edilmiş ərazilərin bərpasına və yeni iş yerlərinin yaradılmasına verdiyi töhfəni xüsusi qeyd edib. Yeni razılaşmaların həmin əməkdaşlığı genişləndirəcəyi gözlənilir. 2026-cı ilin avqustunda iki ölkənin prezidentləri Əbədi dostluq haqqında müqavilə imzalayıblar. Mirziyoyevin sözlərinə görə, birgə layihələrin ümumi portfeli 5 milyard dolları ötür. Tərəflər qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyirlər. Bununla belə, layihələrin ümumi dəyəri faktiki yatırılmış investisiyaların həcmi demək deyil. Birgə investisiya şirkətinin kapitalı 500 milyon dollar təşkil edir. Avqustda İlham Əliyev bu vəsaitin təxminən 160 milyon dollarının konkret layihələr üçün müəyyənləşdirildiyini bildirib. Layihələr arasında Özbəkistanda mehmanxana və yaşayış komplekslərinin tikintisi də var.Azərbaycan bank sektorunun Özbəkistanda mövcudluğunu genişləndirməsi də diqqət çəkən istiqamətlərdəndir. Avqust ayında Azərbaycan Beynəlxalq Bankının (ABB) Özbəkistanın Davr Bankının nəzarət paketini əldə etməsini nəzərdə tutan ABB Darv layihəsinə start verilib. Bu əməkdaşlıq iki ölkənin biznes dairələri arasında maliyyə əməliyyatlarının və qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsinə şərait yarada bilər. Nəqliyyat sahəsində də əməkdaşlıq dərinləşir. İlham Əliyevin açıqladığı məlumatlara görə, 2025-ci ildə iki ölkə arasında tranzit daşımalarının həcmi 1,4 milyon ton olub. 2026-cı ilin ilk yarısında isə bu göstərici 675 min tona çatıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz çoxdur. Mirziyoyev avqust ayında Xəzərdə birgə donanmanın yaradılması istiqamətində işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıb.Bu əməkdaşlıq Özbəkistana istehsal etdiyi məhsulları beynəlxalq bazarlara çıxarmaq üçün əlavə imkanlar yaradır. Azərbaycan isə tranzit yükdaşımalarının artırılmasında və liman infrastrukturunun daha səmərəli istifadəsində maraqlıdır. Azərbaycan, Qazaxıstan və Özbəkistan, eyni zamanda, Xəzər dənizi vasitəsilə elektrik enerjisinin ötürülməsini və gələcəkdə Avropaya ixracını nəzərdə tutan yaşıl enerji dəhlizi üzərində işləyirlər. Hələlik bu təşəbbüs hazırlıq mərhələsindədir. Nəşr yazır ki, rəsmi Bakı Qırğızıstanla münasibətlərdə də mühüm addımlar atır. Oktyabrın 13-də Azərbaycan parlamenti iki ölkə arasında 2026-cı il iyulun 31-də Çolpon-Atada imzalanmış Müttəfiqlik münasibətləri haqqında müqaviləni, beynəlxalq avtomobil daşımalarına dair sazişi və birgə inkişaf fondunun fəaliyyəti ilə bağlı dəyişiklikləri təsdiqləyib. Bu qərarlar iyul ayında əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində növbəti mərhələdir. Beləliklə, Bakıda keçirilən sammit yalnız çoxtərəfli diplomatik görüş deyil, həm də Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi və siyasi əlaqələrinin genişləndirilməsi üçün mühüm platformadır. Özbəkistan istehsal və ixrac imkanlarını artırmağa, Qırğızıstan investisiya və nəqliyyat əməkdaşlığını inkişaf etdirməyə, Azərbaycan isə Mərkəzi Asiya ilə Avropa arasında bağlantılarını gücləndirməyə çalışır. “Nezavisimaya qazeta”nın təqdim etdiyi mənzərədə Bakının regional əməkdaşlıq mərkəzi kimi rolu ön plana çıxır. Sammitin real nəticələri isə imzalanacaq sənədlərin nə dərəcədə icra olunacağından, investisiyaların həcminin artmasından və nəzərdə tutulan layihələrin nə vaxt həyata keçiriləcəyindən asılı olacaq. Musavat.com Geri qayıt |