Əsas Səhifə > Ana xəbər / Güney Press > Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki...

Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki...


Bu gün, 06:08

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının (YAP) partiyanın İdarə Heyətinin VIII Qurultayda seçilmiş tərkibdə ilk iclası keçirilib. İclasda Prezident Administrasiyasının sabiq aparat rəhbəri Ramiz Mehdiyevin YAP sıralarından çıxarılmasına qərar verilib. Həmçinin, onun dövlət təltiflərindən məhrum edilməsi təklif olunub. İclas iştirakçıları dövlətə xəyanətdə, hakimiyyəti qeyri-qanuni yollarla ələ keçirməyə cəhddə və digər cinayət əməllərində təqsiləndirilən Ramiz Mehdiyevin YAP sıralarında təmsil olunmağa mənəvi-siyasi haqqının çatmadığını, onun partiya üzvlüyündən xaric olunmasına tərəfdar olduqlarını vurğulayıblar. Elə eyni arqumentlərə əsasən də sabiq aparat rəhbərinin dövlət təltiflərindən məhrum olunmasının vacib olduğu qeyd olunub.

Dövlətə xəyanətdə ittiham edilənin dövlət təltiflər daşıması absurddur

Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsinin zəruri edən bir sıra amillər var ki, bunlardan biri sabiq aparat rəhbərinin rəsmi şəkildə dövlətə xəyanətdə ittiham olunmasıdır. Əlaqədar dövlət qurumları tərəfindən bununla bağlı təqdim edilən faktlar bu ittihamın doğruluğuna demək olar ki, şübhə yeri qoymur. Baxmayarq ki, Ramiz Mehdiyevə qarşı irəli sürülən bütün ittihamlar kimi bu ittihamın da nə dərəcədə əsaslı olduğuna məhkəmə qərar verəcək. Lakin Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum olunması ilə bağlı təkliflərin məhkəmə hökmündən öncə iəli sürülməsi onu deməyə əsas verir ki, sabiq aparat rəhbərinə qarşı irəli sürülən ittihamların doğruluğu, bu ittihamların cəmiyyətdə doğurduğu mənfi rezonans YAP təmsilçilərinə də yaxşı bəllidir. Buna görə də onlar Ramiz Mehdiyevi YAP sıralarından uzaqlaşdırmaqla yanaşı, onun dövlət təltiflərindən də məhrum edilməsinin vacib hesab edirlər. Hansı ki, onların bu yanaşması istər məntiqi, istərsə də əxlaqi baxımdan doğrudur və təqdir edilməlidir. Çünki dövlətə xəyanətdə ittiham edilənin dövlət təltifləri daşıması absurddur.

Dövlətçilik prinsipləri Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruri edir

Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruri edən amillərdən biri də dövlətçilik prinsipləri, bu prinsiplərin müqəddəsliyidir.

Dövlətçilik prinsiplərinin başında dövlətə, onun maraq və mənafeylərinə sədaqət dayanır ki, keçmiş aparat rəhbərinə qarşı irəli sürülən ittihamlara əsasən deyə bilərik ki, Ramiz Mehdiyev məhz bu prinsipə xəyanət edib, mənafeyini qorumalı olduğu dövlətin mənafeyinə zidd addımlar atıb. Belə olan halda onun dövlət təltifləri daşıması yolverilməzdir və dövlətçilik prinsipləri ilə açıq ziddiyyət təşkil edir. Bu ziddiyyətin aradan qaldırılmasının zəruriliyi Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini tələb edir.

Ramiz Mehdiyevin dövlət təltifləri daşımaqda davam etməsi dövlətçiliyimizin gələcəyi baxımından da qəbuledilməzdir

Sabiq aparat rəhbərinin dövlət təltiflərindən məhrum edilməsi dövlətçilik ənənəmizlə yanaşı, dövlətçiliyimizin gələcəyi baxımından da önəmlidir. Çünki dövlətçilik ənənələrimizin qorunması, gələcək dövlətçiliyimizin mənəvi-ideoloji təməllərinin sağlamlığı dövlətə xəyanət edən şəxslərin sərt şəkildə cəzalandırılmasını tələb edir. Dövlətə xəyanət edənlərə münasibətdə yumşaq və qətiyyətsiz yanaşma gənc nəslin vətənpərvərlik tərbiyəsinə zərbə vura, onlarda çaşqınlıq yaratmaqla yanaşı, dövlətin ədalətinə inamsızlıq hissi yarada bilər. Bu isə kritik məqamlarda, böhranlı vəziyyətlərdə digər şəxslərin də dövlət maraqlarından deyil, şəxsi maraqlar aspektindən çıxış etməsinə səbəb ola bilər ki, bu da dövlət üçün faciədir.

Bu baxımdan Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi zəruridir. Bu, ədalətin öz yerini tapması ilə yanaşı, dövlətçilik prinsipləri baxımından da ictimaiyyətə ünvanlanan ciddi mesaj ola bilər. Hər kəs bir daha əmin olar ki, dövlətin xidmətin mükafatı kimi dövlətə xəyanətin cəzası da mövcuddur və kimliyindən asılı olmayaraq heç kim bu cəzanın fövqündə dayana bilməz.

Seymur ƏLİYEV- moderator.az


Geri qayıt