Əsas Səhifə > Ana xəbər / Güney Press > Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək?
Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək?Bu gün, 06:14 |
|
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir. Bu, Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsində öz əksini tapıb. Yeni islahat tədbirləri pensiyaların indeksasiya mexanizminin daha təkmil, ədalətli və optimal şəkildə qurulmasına istiqamətlənib. Bu məqsədlə hər il orta aylıq əməkhaqqına (1 avqust 2026-cı il tarixə 1176,7 manat) qədər olan pensiyaların indeksasiya faizi tam tətbiq edilməklə, pensiya orta aylıq əməkhaqqından yüksək olduqda isə yüksək olan hissəsinə 0,2-0,5 əmsalları tətbiq olunmaqla indeksləşdirmənin aparılması nəzərdə tutulur. Hazırda pensiyaçıların 90 faizdən çoxunun pensiyalarının orta aylıq əməkhaqqına qədər məbləğlərdə olduğunu nəzərə alsaq, bu yeni mexanizm onlara şamil olunmayacaq və pensiyaları əvvəli qaydada, yəni indeksasiya faizi tam tətbiq edilməklə indeksləşdirilib artırılacaq. Digər pensiyaçıların (10 faizə yaxın pensiyaçının) pensiyalarının orta aylıq əməkhaqqına qədər olan hissəsinə də indeksasiya faizi tam tətbiq edilməklə indeksləşdirilib artırılacaq, pensiyalarının yalnız bundan yüksək olan hissəsinə yeni mexanizm (0,2-0,5 əmsalları) tətbiq olunacaq. Qəbul edilən yeni qanun layihəsi, 10 faizə yaxın pensiyaçıya tətbiq olunacaq yeni mexanizmin hansı müsbət rolu olacaq? Məsələ ilə bağlı iqtisadçı-ekspert Asif İbrahimov "Cebheinfo.az"-a bildirib ki, pensiyaların indeksasiyası ilə bağlı yeni mexanizmi müəyyən mənada müsbət addım hesab etmək olar: "Çünki pensiya alan vətəndaşların pensiyalarının əvvəlki qaydada, indeksasiya faizi tam tətbiq edilməklə artırılması nəzərdə tutulur. Bu, sosial müdafiənin qorunması baxımından əhəmiyyətlidir. Lakin məsələyə yalnız pensiyaların artırılması kimi deyil, insanların real alıcılıq qabiliyyətinin qorunması baxımından yanaşmaq lazımdır. Burada əsas sual budur ki, pensiya artır, amma vətəndaşın həyat şəraiti yaxşılaşırmı? Ərzaq, dərman, kommunal xidmətlər və digər zəruri xərclər bahalaşırsa, pensiyanın nominal artımı heç də həmişə real rifah artımı demək deyil. Ona görə indeksasiya mexanizmi yalnız orta aylıq əməkhaqqına deyil, inflyasiyanın əhalinin gündəlik xərclərinə təsirinə də uyğunlaşdırılmalıdır" Ekspertin sözlərinə görə, pensiyanın orta aylıq əməkhaqqından yüksək olan hissəsinə 0,2–0,5 əmsallarının tətbiqi isə ayrıca müzakirə tələb edir: "Bir tərəfdən, bu yanaşma pensiyalar arasında fərqin artmasını məhdudlaşdıra və dövlət büdcəsinə düşən yükü azalda bilər. Digər tərəfdən, yüksək pensiya alan hər bir şəxsin varlı olduğunu düşünmək düzgün deyil. İnsan uzun illər işləyib, yüksək sosial sığorta haqqı ödəyibsə, onun qazandığı pensiya hüququ da nəzərə alınmalıdır. Buna görə əmsalların hansı meyarlarla tətbiq ediləcəyi şəffaf olmalıdır. Mən hesab edirəm ki, pensiya siyasətinin əsas məqsədi təkcə pensiyalar arasındakı fərqi tənzimləmək deyil, hər bir pensiyaçının layiqli həyat səviyyəsini təmin etmək olmalıdır. Bunun üçün minimum pensiyanın real alıcılıq qabiliyyəti qorunmalı, indeksasiya inflyasiyanın təsirini nəzərə almalı, aşağı pensiyalı vətəndaşların sosial müdafiəsi gücləndirilməlidir. Eyni zamanda, uzunmüddətli əmək fəaliyyəti və ödənilmiş sosial sığorta haqları nəticəsində formalaşan pensiya hüquqları da qorunmalıdır. Ümumilikdə götürəndə bu yeni mexanizm müəyyən müsbət cəhətlərə malikdir, amma onu tam ədalətli pensiya islahatı hesab etmək hələ tezdir. İslahatın uğuru tətbiq edilən əmsallarla deyil, pensiyaçının gündəlik həyatında yaratdığı real dəyişikliklə ölçülməlidir. Əsas meyar budur: pensiya artımından sonra insanın ərzağa, dərmana və digər zəruri ehtiyaclarına ayırdığı vəsait daha yetərli olacaqmı? Sosial siyasətin nəticəsi məhz bu suala verilən cavabla müəyyən edilməlidir". Geri qayıt |