Əsas Səhifə > Ana xəbər / Güney Press > “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI

“BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI


Bu gün, 16:36

“BEFİT BAKU” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) fitnes klubu valyuta qaydalarını pozmaqda ittiham edilib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Protokoldan görünür ki, şirkət tərəfindən 74 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.

“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 74130 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, “BEFİT BAKU” MMC tərəfindən 74 min ABŞ dolları ölkə xaricinə, “OOO FİTNES DOM” şirkətinin hesabına köçürülüb.

Məhkəməyə təqdim olunan gömrük bəyannaməsindən görünüb ki, həmin müqavilə üzrə mal idxal olunub.

Məhkəmənin qərarı ilə “BEFİT BAKU” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş protokolda qeyd olunan inzibati xəta tərkibi olmadığından iş üzrə xitam verilib.

Qeyd edək ki, "BEFIT BAKU" paytaxtda "Crescent Mall" ticarət mərkəzində fəaliyyət göstərən yeni nəsil, premium sinifli fitnes klubdur.


Geri qayıt