Əsas Səhifə > Ana xəbər / Güney Press > Metroda gediş haqqı BAHALAŞIR?

Metroda gediş haqqı BAHALAŞIR?


Bu gün, 06:12

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və ya 3,9 % azdır.

Buna əsasən metroda qiymətlər arta bilərmi?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadmı-ekspert Akif Nasirli “Cebheinfo.az”- a bildirib ki, metro sərnişinlərinin sayının 3,9 faiz azalması özlüyündə gedişhaqqının artırılması üçün əsas sayıla bilməz:

olur.

“Çünki sərnişin axınının azalması ilə tarif siyasəti arasında birbaşa əlaqə yaratmaq üçün ilk növbədə bu azalmanın səbəblərini araşdırmaq lazımdır. Sərnişin sayına əhalinin gündəlik hərəkətliliyi, şəxsi avtomobillərdən və digər ictimai nəqliyyat vasitələrindən istifadə səviyyəsi, iş və təhsil rejimi, eləcə də metro xidmətinin əlçatanlığı təsir göstərir.

Əgər sərnişin azalması gedişhaqqının əvvəlki artımı ilə əlaqədardırsa, tarifin yenidən artırılması əks nəticə verə, müəyyən sərnişinlərin alternativ nəqliyyat vasitələrinə üz tutmasını sürətləndirə bilər. Gedişhaqqının artırılması məsələsinə baxılarkən yalnız sərnişin sayındakı dəyişiklik deyil, Bakı Metropoliteninin xərcləri, gəlirləri, dövlət büdcəsindən aldığı subsidiyalar, enerji və əməkhaqqı xərclərinin dinamikası, həmçinin sərnişindaşımanın maya dəyəri nəzərə alınmalıdır. Metro sosial əhəmiyyətli ictimai nəqliyyat növüdür. Buna görə də tarif qərarı qəbul edilərkən müəssisənin maliyyə dayanıqlığı ilə yanaşı, əhalinin alıcılıq qabiliyyəti və nəqliyyat xərclərinin ailə büdcəsindəki payı da nəzərə alınmalıdır. Sərnişin sayının 3,9 faiz azalması araşdırılmalı göstəricidir, lakin təkbaşına tarif artımının zəruriliyini sübut etmir”.

Onun sözlərinə görə, sərnişin sayının azalması nəticəsində gəlirlərdə azalma yaranarsa, bunu gedişhaqqını artırmadan kompensasiya etmək üçün bir neçə istiqamətdə tədbirlər görmək mümkündür:

“İlk növbədə, xərclərin optimallaşdırılması və enerji səmərəliliyinin artırılması vacibdir. Qatarların hərəkət qrafiki sərnişin axınına uyğunlaşdırıla, xüsusilə aşağı tələbat olan saatlarda resurslardan daha səmərəli istifadə edilə bilər.

Bununla belə, optimallaşdırma qatarların təhlükəsizliyinə, texniki xidmətin keyfiyyətinə və sərnişinlərə göstərilən xidmətin səviyyəsinə xələl gətirməməlidir. Digər istiqamət dövlət dəstəyinin və maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsidir. Metro yalnız kommersiya müəssisəsi deyil, şəhərin nəqliyyat sisteminin əsas elementlərindən biridir. Onun fəaliyyəti tıxacların azalmasına, insanların işə və təhsil müəssisələrinə vaxtında çatmasına, şəhərdə ekoloji vəziyyətin yaxşılaşmasına xidmət edir.

Bu baxımdan, sosial baxımdan əsaslandırılmış tariflərin saxlanılması üçün dövlət büdcəsindən şəffaf və nəticəyönümlü subsidiyaların ayrılması iqtisadi cəhətdən əsaslandırıla bilər. Bununla yanaşı, metronun qeyri-tarif gəlirlərinin artırılması da mühüm imkanlardan biridir.

Stansiyalarda və digər uyğun ərazilərdə reklam sahələrinin daha səmərəli istifadəsi, ticarət və xidmət obyektlərinin icarəsindən gəlirlərin artırılması, kommersiya tərəfdaşlıqlarının genişləndirilməsi əlavə maliyyə mənbələri yarada bilər. Burada əsas məqsəd sərnişinlərdən alınan ödənişləri artırmadan mövcud infrastrukturun iqtisadi potensialından daha yaxşı istifadə etməkdir. Digər vacib məsələ sərnişin sayının azalmasının səbəblərinin dəqiq müəyyənləşdirilməsidir.

Əgər azalma avtobuslarla inteqrasiyanın zəifliyi, marşrutlar arasında uyğunsuzluq, stansiyalara çatım çətinliyi və ya xidmət keyfiyyəti ilə bağlıdırsa, bu problemlərin həlli sərnişin axınının yenidən artmasına kömək edə bilər. Sərnişin sayının artması isə mövcud tarif şəraitində gəlirlərin yüksəlməsinə imkan yaradar.

Nəticə etibarilə, Bakı Metropoliteninin maliyyə dayanıqlığı yalnız gedişhaqqının artırılması hesabına təmin edilməməlidir. Xərclərin səmərəli idarə olunması, dövlət dəstəyinin nəticəyönümlü təşkili, qeyri-tarif gəlirlərinin artırılması və sərnişin axınının bərpası daha kompleks yanaşma tələb edir”.

İqtisadçı qeyd edib ki, tarif artımı yalnız digər imkanlar qiymətləndirildikdən, real maliyyə ehtiyacı əsaslandırıldıqdan və bunun əhali üçün sosial nəticələri hesablandıqdan sonra nəzərdən keçirilə bilər.


Geri qayıt