Əsas Səhifə > Ana xəbər / Güney Press > Fikir ayrılığı olar, yol ayrılığı olmasın
Fikir ayrılığı olar, yol ayrılığı olmasınBu gün, 06:28 |
|
Qardaşlar arasında fikir ayrılıqları ola bilər, əsas odur, yol ayrılıqları olmasın.Türkiyədə Azərbaycanla bağlı xüsusi təşkil olunmuş bir kampaniya var. Türkiyə Prezidentinin baş müşavirinin, AKP-li millət vəkillərinin, iqtidara bağlı hərəkatların və medianın çıxışları bu kampaniyanın arxasında kimin dayandığını göstərir. Hətta bəzi şəxslər - iqtidara yaxın insanlar efirə çıxıb deyir ki, Azərbaycan Türkiyədən uzaqlaşsa, bunun bədəlini ağır ödəyəcək. Yəni cəzalandırılacaq. Açıq aşkar təhdid və müstəqil dövlətə təhqir, hətta qardaşa xəyanətdir bu üslub. Nə Azərbaycandan, nə Türkiyədən heç kim bir-biri haqqında bu üslubda danışmalı deyil. Qardaşlar savaşmaz; savaş düşmənlə, rəqiblə aparılır. Qardaşlar küsər, inciyə bilər, ancaq nəticədə oturub danışar, qucaqlaşıb barışar. Azərbaycan və Türkiyə toplumları, hər halda tam əksəriyyəti bir-birinə qardaş kimi baxır. Ancaq fikir ayrılıqları zamanı söz atışmaları da qaçılmaz olur. Bu söz atışmalarında qardaş Türkiyədən səslənən bəzi əsassız iddialar, hətta zaman-zaman ağır ittihamlar da gəlir. Deyirlər, guya Azərbaycan Türkiyədən uzaqlaşır. Xeyr, Azərbaycan Türkiyə toplumundan, Türkiyə dövlətindən uzaqlaşmır, Türkiyə iqtidarı qürurumuz olan Türk dövlətini, türk toplumunu dünyəvilikdən uzaqlaşdırır. Həqiqət budur. AKP Türkiyəni dünyəvilikdən uzaqlaşdırdıqca, Azərbaycanın dövlət ilkələri ilə, Azərbaycan dövlətinin konseptual əsasları ilə toqquşur. Türkiyəni, Türk toplumunu cəhalətə təslim edib, gerilikçi zehniyyətə məğlub edib, bir Yaxın Şərq ölkəsinə çevirmək, ərəb cəmiyyətlərinə bənzətmək istəyirlər, yoxsa mənə elə gəlir?! Arnold Toynbi bir kitabında yazır ki, Romalılar Elladaya hücum çəkib, döyüşdə məğlub etmişdilər, ancaq Ellin mədəniyyətinə... məğlub oldular. Bunun eynisi Türkiyədə baş verdi: uzun illər özləri şərait yaradıb, gücləndirdikləri "Xidmət" Hərəkatına 2013-cü ildən sonra savaş elan edən hakim partiya 2016-cı ildə nurçulara qalib gəlsə də, əslində nurçuluğa uduzdu. Dövlət içində paralel dövlət, cəmiyyət içində fərqli cəmiyyət olaraq formalaşan, oturuşan bir təriqəti darmadağın edəndən sonra özün də məğlub etdiyinə çevrilirsən. Fürsətcil təriqətçi zehniyyəti gətirib, Türk dövlətinin mərkəzinə yerləşdirmək öz tarixi, öz mənəvi mədəniyyəti, öz din kültürü olan etnosa qarşı edilmiş ən böyük yanlışdır. Bu gün Azərbaycanın atdığı addımları yanlış anlayan da, yanlış yozan da məhz həmin xurafatçı düşüncə sahibləridir (əslində buna "düşüncə" deməyin özü də yanlış olar). Gözlərini cəhalət örtmüş, beyinləri ehkamlarla çoxdan "yuyulmuş" bilincsiz-bilgisiz fanatiklər dünyəvi dövlətçilik fəlsəfəsini necə anlaya, necə qavraya bilər?! Qadının baş örtüsünə dini-siyasi, hətta geosiyasi anlam yükləyən, qadın geyimi üzərindən diplomatik kontekst yaradan adamlara elmdən, dünyadan, dünyəviikdən nə anladacaqsan?! Nə anlayacaq?! Heç nə. Yüzminlərlə şəhidin qanı ilə suvarılmış məmləkəti, bir sivil, demokratik respublikanı - Türkiyə Cümhuriyyətini gətirib, bir ortabab təriqət dövlətinə çevirən iqtidar bunun bədəlini Azərbaycana niyə ödətdirməlidir ki?! Sən törətdiyin əməlin təqsirini niyə qardaşına yükləyəsən ki?! Odur ki, Azərbaycan öz daxilində dünyəvi qaydalarla yaşayır. Hətta nəinki qardaş öz qardaşının, hətta oğul atanın şəxsi həyatına şəxsin razılığı olmadan qarışa bilməz, öz həyat tərzini diqtə edə bilməz. Cəmiyyətdə də elə ailələr, fərdlər çoxdur: iki bacıdan biri hicablıdır, biri hicabsız. Ana dini geyim kimi bildiyi libasa bürünüb gəzir, qızı modern üslubda geyinib... Əgər AKP iqtidarı Türkiyəni İran kimi İslam Respublikasına çevirməyi öz qarşısına nəqsəd kimi qoyubsa və addım-addım (hətta iri addımlarla!) Qərbi Asiya bataqlığına doğru gedirsə, bunun vəbalını Azərbaycan niyə daşımalıdır?! Mustafa Kamal Atatürkü çox sevən, onun xatirəsini ürəyinin başında, ruhunun dərinliklərində də olsa, yaşadırsa, onun qoyub getdiyi dövlət prinsiplərinin pozulmasına imkan verməz. Bu mənada Azərbaycan dövləti Türkiyə iqtidarı ilə fikir ayrılıqları yaşasa da, bir xalqın iki ayrılmaz parçaları olan Qafqaz və Anadolu türkləri ilə hər zaman həmrəyik! Məncə, əsas olan da budur. ....Bir daha təkrar edim: Azərbaycan Türkiyədən uzaqlaşmır, Türkiyə özü-özündən - dövlətçilik prinsiplərindən və ortaq din mədəniyyətindən özünü kənarlaşdırır. Həm də öz istəyi ilə... Bahəddin Həzi, Bizimyol.info Geri qayıt |