Əsas Səhifə > Ana xəbər / Güney Press > Başkənd və Kərkinin taleyi masada
Başkənd və Kərkinin taleyi masadaBu gün, 11:09 |
|
Prezident Əliyev Türkmənistanda Paşinyana nə deyib? Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən həftə verdiyi açıqlamada Azərbaycanla ərazi mübadiləsi ehtimalını istisna etməyib. Musavat.com “Hraparak”a istinadən verdiyi məlumatına görə, ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis ilə birgə mətbuat konfransında Mirzoyana, xüsusilə, Azərbaycanla Ermənistanın nəzarətindəki kəndlərin dəyişdirilməsi ehtimalı barədə sual ünvanlanıb. Ermənistan XİN rəhbəri cavabında müxtəlif imkanların mövcud olduğunu, bu variantların müzakirə edildiyini və müzakirələrin davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, tərəflər məsələyə konstruktiv yanaşırlar. Mirzoyan müzakirələrin yekun nəticəsini proqnozlaşdırmaq istəməsə də, ərazi mübadiləsinin mümkün həll yollarından biri olduğunu vurğulayıb. Nazir belə bir qərarın ümumxalq müzakirəsinə çıxarılmasının nəzərdə tutulduğunu da qeyd edib. Nəşr yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan anklav və eksklavların taleyi ilə bağlı indiyədək bir neçə fərqli yanaşma səsləndirib. Nəşrin məlumatına görə, əvvəlki variantlardan biri Başkəndin (Artsvaşen) Azərbaycana, Kərki və digər üç anklav ərazisinin isə Ermənistana verilməsini nəzərdə tutub. Lakin Paşinyan ötən həftə fərqli yanaşma ilə çıxış edib. Söhbət “kəndlərin yerdəyişməsi” adlandırılan variantdan gedir. Ermənistan baş naziri anklav və eksklavların mövcud olmamalı olduğunu bildirib. Bu yanaşma anklavların özləri ilə yanaşı, onların ətrafındakı müəyyən ərazilərin də müvafiq tərəfə verilməsini nəzərdə tutur. Məqsəd sərhədin bir neçə dəfə keçilməsinə ehtiyac yaratmadan həmin yaşayış məntəqələrinə çıxışı təmin etməkdir. Paşinyan məsələnin hələ müzakirə mərhələsində olduğunu və yekun qərarın verilmədiyini açıqlayıb. “Hraparak” hakimiyyət dairələrindəki mənbələrinə istinadən iddia edir ki, tərəflər məhz sonuncu varianta üstünlük veriblər. Nəşrin yazdığına görə, bu, Türkmənistanda son görüşlərində Azərbaycan Prezidenti İlham Əliyevin Paşinyan qarşısında irəli sürdüyü tələbdir. Məqalədə həmçinin iddia olunur ki, Paşinyanın Ermənistana qayıtdıqdan sonra Konstitusiya dəyişiklikləri prosesini sürətləndirməsi və anklavlar məsələsini yenidən gündəmə gətirməsi bu müzakirələrlə əlaqəlidir. İddiaya görə, sülh sazişinin imzalanması üçün həllini gözləyən məsələlərdən biri də anklavların taleyidir. O da iddia olunur ki, Ermənistan hakimiyyəti “anklavlarla bağlı qərarların qəbul edilməsi zamanı parlament müxalifətinin və cəmiyyətin müqaviməti ilə üzləşə bilər”. Qeyd olunur ki, hakim “Vətəndaş müqaviləsi” partiyasının parlamentdə konstitusion çoxluğu yoxdur. Buna görə də müvafiq layihənin referendum mərhələsinə çıxarılması üçün müxalifət deputatlarının dəstəyinə ehtiyac yarana bilər. Nəşrin mənbələri hesab edir ki, hakimiyyət ictimaiyyətin və müxalifətin dəstəyini qazanmaq üçün müxtəlif siyasi vasitələrdən istifadə edə, mümkün müharibə təhlükəsini ön plana çıxara bilər. Bu ssenariyə əsasən, referendum baş tutmasa, mümkün hərbi qarşıdurmaya görə məsuliyyət müxalifətin üzərinə qoyulmağa çalışıla bilər. Azərbaycanın mövqeyindən əsas prinsip ərazi məsələlərinin beynəlxalq hüquq, qarşılıqlı razılaşma və dövlətlərin suverenliyi əsasında həll edilməsidir. Əgər anklavların qaytarılması sülh prosesinin bir hissəsi kimi razılaşdırılarsa, bu, sərhəd mübahisələrinin aradan qaldırılmasına və gələcəkdə qarşılıqlı iddiaların azaldılmasına töhfə verə bilər. Eyni zamanda, mümkün razılaşmanın şərtləri, ərazilərin dəqiq sərhədləri, yaşayış məntəqələrinə çıxış yolları və təhlükəsizlik təminatları aydın olmalıdır. Ermənistan daxilində bu məsələnin siyasi mübarizə predmetinə çevrilməsi isə tərəflərin əldə edə biləcəyi razılaşmanın ictimai qəbuluna təsir göstərə bilər. Musavat.com Geri qayıt |