Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan himni, İran bayrağı, farsca şüarlar...
Azərbaycan himni, İran bayrağı, farsca şüarlar...Bu gün, 11:36 |
|
“SEPAH tərəfindən yaradılmış və özünü “Müsəlman Birliyi Hərəkatı” aldandıran terrorçu qruplaşmanın Almaniyadakı tör-töküntülərinin keçirdikləri aksiyada Azərbaycan himninin səsləndirilməsi, üçrəngli bayrağımızın qaldırılması fonunda İran bayraqlarının nümayiş etdirilməsi və fars dilində şüarların yer aldığı plakatlardan istifadə olunması, İranın xüsusi xidmət orqanlarının iştirakı ilə hazırlandığı şübhə doğurmayan bu “küçə yürüşü”nün ətrafında dağınıq və ziddiyyətli bir fonun yaradılmasına xidmət edir və çox güman ki, bu məqsədyönlü xarakter daşıyır”. Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib. Onun fikrincə ilk növbədə “aksiya”da dövlət atrubutlarından, o cümlədən himndən istifadəyə diqqət çəkmək lazımdır: “Bununla SEPAH-ın Ələmdar Bünyadov adlı nökərinin və ətrafındakı xainlərin məqsədi təmsil etdikləri qanundankənar təşkilatın siyasi müxalifət olduqlarını və siyasi hakimiyyətə iddialarını nümayiş etdirməkdən ibarətdir. Bununla onlar Qərb təsisatlarının dəstəyini qazanmaq və Azərbaycana qarşı Qərbin ideoloji mərkəzlərinə istifadəyə yararlı olduqlarını nümayiş etdirmək istəyirlər. Himn və bayraqdan istifadə ilə verilən başqa bir mesaj isə siyasi islamçıların İran modelinin, guya dünyəviliyin əleyhinə olmadıqlarını vurğulamaqdan ibarətdir və bununla onlar Azərbaycanın dövlət rəmzlərinə hörmətlə yanaşdıqlarını və hətta “vətənpərvər” olduqlarını da önə çəkməklə, gerçək mahiyyətlərini gizlətməyə, məqsədlərinin Azərbaycan dövlətçiliyinə qarşı çıxış etməkdən ibarət olmadığını önə çəkməyə çalışırlar. Parlamentari onu da açıqladı ki, İranın xüsusi xidmət orqanları tərəfindən ələ alınan, terror aksiyaları gerçəkləşdirən və gerçəkləşdirməyə çalışan şəxslərlə bağlı Azərbaycan məhkəmələri tərəfindən əməlləri sübuta yetirilmiş onlarla dövlət xaini var: “O da məlumdur ki, İran vətəndaşları, o cümlədən ölkənin ən böyük iki xalqından biri olan Azərbaycan türkləri rejimdən öz hüquq və azadlıqlarını tələb edir, dini atributları daşımaqdan imtina edirlər və İran rejiminin bu etirazlar qarşısında artıq qısamüddətli də olsa geriyə çəkilmək məcburiyyətində olduğunu müşahidə edirik. Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində tətbiq olunan geyim qaydaları ətrafında saxta, yalan və böhtan xarakterli narrativlər əsasında fon yaratmağa çalışan və bunu guya hicaba qadağa qoyulubmuş kimi təqdim edən, prosesi Avropanın küçə və meydanlarına daşımaqla Azərbaycana qarşı Qərbdəki ortaqları tərəfindən ikinci cəbhə açılmasına çalışan İranın dini-siyasi rejimi, bununla çürüməkdə olan ideologiyalarına yeni nəfəs vermək istəyirlər. Yəni öz siyasiləşmiş dinin girovuna çevrilmiş vətəndaşlarına demək istəyirlər ki, siz islam respublikasının vətəndaşı ola-ola baş örtüyündən imtina etmək istəyirsiniz, amma dünyəvi dövlətin vətəndaşları bunun əksini istəyirlər. Bu saxta, qondarma ideyalar üzərindən ətrafa bölücülük yayan rejimin özünüqoruma istintiktindən və bir qədər də, təəssüflər olsun ki, regiondakı başıpozuq siyasi islamçıların təbliğat və təxribatından qaynaqlanan davranışlardır. E.Mirzəbəyli fikirlərinə belə yekun vurdu: “Bütün bunlar sübuta yetirir ki, dövlətçiliyimizə qarşı həyata keçirilən bu təxribatların içərisində yer alan casus şəbəkələrini, hansı dövlətə birbaşa və dolayısıyla bağlı olmağından asılı olmayaraq, ədalət məhkəməsinin qarşısında dayanmalarını təmin etmək lazımdır. Azərbaycanda azərbaycançılıq ideyasından başqa heç bir kənar ideologiyaya yer olmamalıdır”. Geri qayıt |