Əsas Səhifə > Ana xəbər / Güney Press > Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır

Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır


Bu gün, 04:50

ABŞ Prezidenti Donald Trampın tərəfdarı və respublikaçıların iri donorlarından olan Konstantin Sokolov Ermənistanda mis biznesini genişləndirməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, amerikalı investor bu barədə “Bloomberg”ə müsahibəsində danışıb.

“Regionda mövcudluğumu genişləndirməkdə çox maraqlıyam, çünki bütövlükdə onun potensialına qəti inanıram”, – Sokolov bildirib.

Agentliyin məlumatına görə, investor sentyabrda Ermənistanın ikinci ən böyük mis istehsalçısı olan “Teğut” şirkətini alıb. Müəssisə məhsulunun böyük hissəsini Çinə göndərir. Lakin dekabrda mövcud müqavilənin müddəti başa çatdıqdan sonra Sokolov tədarükü ABŞ-yə yönəltmək niyyətindədir. O, sövdələşmənin əsas məqsədlərindən birinin Ermənistanın kritik əhəmiyyətli mineral ehtiyatlarını ABŞ-nin təchizat zəncirlərinə daxil etmək olduğunu deyib.

İnvestor illik istehsalı 120–130 min ton mis konsentratına çatdırmağı da planlaşdırır. Bu həcmdə konsentratın tərkibində təxminən 26–28 min ton mis olacaq. Yeni istehsal güclərinin 2030-cu ildə işə salınması, 2031-ci ildə isə tam gücü ilə fəaliyyətə başlaması nəzərdə tutulur.

Sokolov 1975-ci ildə Leninqradda, indiki Sankt-Peterburqda doğulub və SSRİ dağıldıqdan sonra ABŞ-yə köçüb. Trampın ikinci prezidentlik dövründə respublikaçıların kampaniyalarına və siyasi təşkilatlarına 12 milyon dollardan çox ianə ayırıb.

Onun Ermənistandakı biznes maraqları mədənçiliklə məhdudlaşmır. Sokolov çinli investor Çje Çjanla birlikdə “Viva Armenia” mobil operatorunun sahibliyində iştirak edir. Şirkətin rəsmi məlumatına görə, operator 2024-cü ilin yanvarında Rusiyanın MTS qrupundan çıxaraq Kiprdə qeydiyyatdan keçmiş “Fedilco Group Limited” şirkətinə keçib. Sokolov və Çjan həmin şirkətin son benefisiarlarıdır.

Sokolov həmçinin ABŞ-də fəaliyyət göstərən “IJS Investments” və İsveçrənin Sürix şəhərində yerləşən “Gotthard Investment AG” investisiya şirkətlərinin təsisçisidir. Onun biznes maraqları telekommunikasiya, energetika, maliyyə xidmətləri və daşınmaz əmlakı əhatə edir.

“Reuters”in məlumatına görə, Sokolov Cənubi Qafqaz və Mərkəzi Asiyada investisiyalar üçün nəzərdə tutulan 201 milyon dollarlıq “Trans-Caspian Enterprise Fund” fonduna da rəhbərlik edir. Onun özəl investisiya şirkətinin nümayəndəsi bildirib ki, fondun Sokolova məxsus müəssisələrə sərmayə yatırması qadağandır.


Geri qayıt