Əsas Səhifə > Ana xəbər / Güney Press > “Vəziyyəti yenidən pisləşib, cəzaçəkmə müəssisəsinə təcili yardım çağırılıb”

“Vəziyyəti yenidən pisləşib, cəzaçəkmə müəssisəsinə təcili yardım çağırılıb”


Bu gün, 05:12

Uzun müddət Azərbaycan Beynəlxalq Banka rəhbərlik etmiş, 11 ildir həbsdə olan Cahangir Hacıyevin bacısı onun vəziyyətinin son vaxtlar daha da pisləşdiyini bildirir.

Bu barədə Bizimyol.info xəbər portalına açıqlama verən Əminə Hacıyeva deyib ki, qardaşının təcili intensiv müalicəyə ehtiyacı var.

Bacısının sözlərinə görə, oktyabrın 14-də Cahangir Hacıyevin səhhəti yenidən kəskin şəkildə pisləşib. Nəticədə onun saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsinə Təcili Tibbi Yardım çağırılıb.

“Həmin vaxt Cahangir Hacıyevin təzyiqi kəskin qalxıb – qan təzyiqi 185-190, nəbzi isə 50-dən aşağı olub. Kəskin aritmiya, aortanın genişlənməsi, beynin oksigen çatızmazlığı – hipoksiyadan əziyyət çəkir. Onun saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsi Qaradağ rayonu, Qızıldaş qəsəbəsində, xeyli kənarda yerləşir. Müəssisəyə çağırılan təcili yardım da çox gec gəlir. Bəzən saatdan da gec olur. Müəssisənin özündə də günortadan sonra həkim olmur. Bu da kritik vəziyyətlərdə ciddi problemdir. Bu da xəstə məhbuslar üçün ağır nəticələrə gətirib çıxara bilər”, - deyə Əminə Hacıyeva bildirib.

O, əlavə edib ki, Cahangir Hacıyevin koronar angioqrafiya müayinəsinə (ürəyin damarlarında daralma və ya tutulmanı müəyyən etmək üçün aparılan müayinə) ehtiyacı var.

Əminə Hacıyeva bir neçə gün əvvəl qardaşının vəziyyətilə bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. O, ərizəsində yazıb ki, oktyabrın 5-dən 6-na keçən gecə Cahangir Hacıyevdə güclü ürək aritmiyası baş verib və o, cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinə köçürülüb. Bir neçə saat ərzində həkimlər onun vəziyyətini sabitləşdirmək üçün müdaxilələr edib. Müayinələrdən sonra orqanizmdə oksigen çatışmazlığının olduğu və bunun belə ağır tutmalara, eləcə də səhhətinin pisləşməsinə səbəb ola biləcəyi bildirilib.

1961-ci il təvəllüdlü Cahangir Hacıyev 14 il (2001-2015) ərzində Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri olub. 2015-ci il martın 18-də bu vəzifədən istefa verib, həmin ilin dekabrında isə Beynəlxalq Bankın vəsaitlərinin mənimsənilməsi və israf olunmasıyla bağlı cinayət işi üzrə həbs olunub. O, külli miqdarda mənimsəmə, dələduzluq və s. ittihamlarla 15 il azadlıqdan məhrum edilib. Bir neçə il sonra onun haqqında ikinci hökm çıxarılaraq, cəzası 16 il 3 ay olub.


Geri qayıt