Əsas Səhifə > Ana xəbər / Güney Press > HÜQUQİ ŞƏXS TABELİKDƏ OLA BİLMƏZ!
HÜQUQİ ŞƏXS TABELİKDƏ OLA BİLMƏZ!Bu gün, 06:31 |
|
"Bundan sonra publik hüquqi şəxs olan TƏBİB-in adında “Səhiyyə Nazirliyinin tabeliyində” ifadəsi yazılacaq. Publik hüquqi şəxslərimizin çoxunun adında bu ifadə var: “filan Nazirliyin tabeliyində”, “filan orqanın tabeliyində”. Hətta dövlətə məxsus bəzi kommersiya hüquqi şəxslərinin də adında belə ifadə var: “filan orqanın tabeliyində səhmdar cəmiyyəti/məhdud məsuliyyətli cəmiyyət”..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "SSRİ-dən qalma bu yanaşma hüquqi savadsızlıqdan irəli gəlir. Hüquqi şəxs tabelikdə ola bilməz. Çünki adından da göründüyü kimi o, ŞƏXSDİR. Yəni müstəqil subyektdir. Ən azı əməliyyat müstəqilliyinə malik olmalıdır. Onun payçısı (səhmdarı), üzvü ola bilər, üzərində nəzarət edən qurum (hesabat verdiyi) ola bilər. Korporativ idarəetmə standartlarına uyğun hüquqi şəxsin orqanları ola bilər və həmin orqanlara müvafiq dövlət qurumlarının nümayəndələri daxil ola bilər.
Hüquqi şəxsin adında tabelikdə olması təsbit edilibsə, deməli, o, artıq, şəxs, hüquqi şəxs deyil. Sadəcə müvafiq dövlət orqanının idarəsidir (şöbəsidir). Elə reallıqda da publik (və kommersiya) hüquqi şəxslərimizin əksəriyyəti müvafiq nazirliklərin idarələri (şöbəsi) kimi fəaliyyət göstərirlər. Heç bir müstəqilliyi, heç olmasa muxtariyyəti yoxdur. Məsələn, hətta işçiləri də özləri sərbəst işə qəbul edə bilmirlər və s. Nazirlərimiz də o qədər görməmişdilər ki, reallıqda şöbə kimi idarə etdikləri bu hüquqi şəxslərin adında “tabeliy”in vurğulanmasını istəyirlər.
Bəs onda onlar niyə müvafiq nazirliyin idarəsi (şöbəsi) kimi deyil, hüquqi şəxs kimi yaradılırlar? Səbəb çox primitivdir: dövlət orqanları və dövlət qulluqçuları üçün mövcud olan məhdudiyyətlərin yanından ötmək üçün. Məsələn, işçilərə xüsusi maaşlar vermək, onların iş yerindən əlavə fəaliyyətlərinə imkan vermək və i.a. Və yaxud vəsaitdən istədikləri kimi istifadə etmək və s.
Bütün bunlar ölkəmizdə hüquq elminin və təhsilinin yoxluğunun nəticəsidir. Nazirlərin çoxunun hüquq təhsilinə (diplomuna) malik olması, hətta xaricdə oxumaqları da dadımıza çatmır..."
Geri qayıt |