Əsas Səhifə > Ana xəbər / Güney Press > Bank olmayan kredit təşkilatlarının SONU gəlir?
Bank olmayan kredit təşkilatlarının SONU gəlir?Bu gün, 08:11 |
|
Ölkədə rəsmi lisenziya ilə fəaliyyət göstərən 51 bank olmayan kredit təşkilatı (BOKT) mövcuddur. Mərkəzi Bankın (AMB) baş direktoru Şahin Mahmudzadə bildirib ki, Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır. Onun sözlərinə görə, AMB xaricdən borclanan BOKT-ların valyuta risklərini hedcinq yolu ilə sığortalayır, bununla da onların maliyyələşmə xərclərini dolayısı ilə aşağı salır, eyni zamanda bankların rəqabət qabiliyyətini qoruyur: Lakin xarici maliyyələşməni dəstəkləyən tədbirləri, o cümlədən hedcinq imkanlarını yaratmaqla bazarda alternativ maliyyələşmə imkanlarını qoruyuruq. Nəticədə BOKT-lar maliyyələşmə üçün alternativ mənbələrdən istifadə edə bilir və bankların daha yüksək faiz tətbiq etmək imkanları məhdudlaşır. Bu da kredit faizlərinə və təklif olunan kreditlərin məbləğinə təsir göstərə bilər". O zaman BOKT-ların fəaliyyətinə xitam verməlidirmi? İqtisadçı Xalid Kərimli Musavat.com-a bildirib ki, BOKT-lərin maliyyələşməsinin əsas mənbələri sahibkarların qoyduğu vəsaitlər və banklardan götürülən kreditlərdir: “Lakin bu mənbələrin imkanları məhdud olduğundan, alternativ maliyyələşmə kanallarına ehtiyac yaranır. Məsələ ondan ibarətdir ki, Mərkəzi Bankın baş direktorunun dediyinə görə, qurum BOKT-lərin alternativ maliyyələşmə mənbələri üzərində işləyir. BOKT-lər haradan maliyyələşir? Birincisi, sahibkar gəlib pul qoyur. İkincisi, banklardan borc götürür. Sahibkarın qoyduğu pulun da müəyyən həddi var. Bir sahibkar nə qədər pul qoya bilər ki? Yəni bu halda BOKT inkişaf edə bilməyəcək”. Onun sözlərinə görə, ikinci yol banklardan borc götürməkdir: “Mərkəzi Bank isə deyir ki, BOKT-lərin xaricdən də maliyyələşməsinə imkan yaradıram. Yəni BOKT xaricdən dollar, avro və ya digər xarici valyutada borc götürə bilər. Burada BOKT-nin riskini sığortalamaq üçün müəyyən xidmət haqqı qarşılığında hedcinq mexanizmi tətbiq olunur. Hedcinq nə deməkdir? O deməkdir ki, sabah dolların və ya digər xarici valyutanın məzənnəsi qalxanda BOKT həmin artımdan qorunmaq imkanı əldə edir və bunun üçün müəyyən haqq ödəyir. Məzənnə qalxmasa belə, BOKT həmin müddət ərzində hedcinq xidmətinə görə ödəniş etmiş olur. Necə ki, məsələn, biz avtomobilimizi KASKO ilə sığortalayırıq. Hadisə baş verməyəndə KASKO sığortasına ödədiyimiz pul xərcimiz olur. Amma hadisə baş verəndə sığortanın şərtlərindən asılı olaraq, zərərimizin qarşılanması ilə üstünlük əldə edirik. Hedcinq də buna bənzəyir. Bu, maliyyə risklərinin sığortalanması mexanizmidir". İqtisadçı vurğulayıb ki, Mərkəzi Bankın məqsədi BOKT-lərin yalnız ölkə daxilində deyil, xarici bazarlardan da maliyyə resursları cəlb etməsinə şərait yaratmaqdır: "Mərkəzi Bank deyir ki, BOKT-lərin təkcə ölkə daxilində deyil, xaricdə də maliyyələşməsi üçün imkanlar yaradılsın. Onlar xaricdən xarici valyutada borc götürsünlər, sonra isə valyuta riskini sığortalamaq, yəni hedcinq etmək üçün müvafiq mexanizmlərdən istifadə etsinlər". Xalid Kərimli BOKT-lərin fəaliyyətinin dayandırılmasının əleyhinə olduğunu deyib: "BOKT-lər qətiyyən bağlanmamalıdır. BOKT-lər bağlansa, nə baş verəcək? İnsanların sələmçilərə üz tutması arta bilər. Mərkəzi Bank BOKT-lərin fəaliyyətini genişləndirməklə vətəndaşların maliyyə ehtiyaclarının ödənilməsi üçün alternativ kanal yaradır. Əsas borc verən qurumlar banklardır. Kreditləşmənin təxminən 98 faizi bankların, qalan 2 faizə qədər hissəsi isə BOKT-lərin, kredit ittifaqlarının, lombardların və digər bu kimi təşkilatların payına düşür. Mərkəzi Bank həmin kiçik seqmentlə bağlı da deyir ki, bankdan kredit ala bilməyən vətəndaşların alternativ maliyyə mənbələrinə çıxışı olsun. İnsanlar gedib sələmçilərə, qara bazara üz tutmasınlar. Yəni BOKT-lərin mövcudluğu həm biznes, həm də maliyyə sektoru üçün vacibdir. Amma nəzərə almaq lazımdır ki, BOKT-lər əsasən banklardan kredit ala bilməyən müştərilərə vəsait verirlər. Banklar həmin şəxslərə niyə kredit vermir? Çünki onları daha riskli müştərilər hesab edirlər. BOKT-lərin özlərinin də maliyyələşmə xərcləri yüksək ola bilər. Beləliklə, həm vəsaitin cəlb olunması baha başa gəlir, həm də daha riskli müştərilərə kredit verildiyinə görə faiz dərəcələri nisbətən yüksək olur". Geri qayıt |