Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıdan iki Qərb təşkilatına sərt TƏPKİ

Bakıdan iki Qərb təşkilatına sərt TƏPKİ


Bu gün, 08:37

Prezidenti İlham Əliyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısındakı çıxışı zamanı Avropa Şurası və Avropa Parlamentini beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi kimi qiymətləndirib.

Anaxronizm – hər hansı bir hadisənin, əşyanın, sözün və ya ideyanın öz tarixi dövrünə uyğun gəlməməsi, zaman baxımından səhv salınmasıdır. Atavizm – uzaq əcdadlarda mövcud olmuş, lakin təkamül nəticəsində itmiş bioloji əlamətlərin və ya xüsusiyyətlərin növbəti nəsillərdə qəfildən yenidən ortaya çıxmasıdır. Bu terminlər siyasi, tarixi və bioloji anlamda işlədilir.

Dövlət başçısının bu terminlərə üstünlük verməsindən belə anlaşılır ki, Azərbaycanın hər iki Qərb təsisatı ilə münasibətləri uzun müddət yaxşılaşmayacaq. Belə demək mümkünsə, biz Qərbdən uzaqlaşırıq?

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a bildirib ki, prezidentin bənzətmələrində böyük həqiqət var. Onun sözlərinə görə, Azərbaycanla Qərb arasındakı münasibətlərin gərginləşməsinə də qarşı tərəfin belə yanaşması səbəb olub: “Bu ifadələr təsadüfi ritorik seçim deyil. Həmin qurumların fəaliyyətinə və beynəlxalq münasibətlərdəki roluna verilən siyasi qiymətdir. Lakin bu fikri Azərbaycanın Qərbdən uzaqlaşdığı kimi təsbit etmək düzgün deyil. Avropa Şurası və Avropa Parlamenti ilə münasibətlərdəki problemlər Avropa İttifaqı ölkələri ilə problem demək deyil. Azərbaycanın xarici siyasəti milli maraqlara, qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanır. Azərbaycan xalqı ikili standartları, siyasi təzyiq vasitələrindən istifadəni və daxili işlərə müdaxiləni qəbul edə bilməz”.

Partiya sədri vurğulayıb ki, hər iki qurumun uzun müddət Qarabağ problemi ilə bağlı ədalətsiz mövqe sərgilədiyini heç kim unutmayıb: “Digər tərəfdən, Avropa Azərbaycanın mühüm iqtisadi tərəfdaşlarından biridir. Biz enerji təhlükəsizliyi və nəqliyyat əlaqələri sahəsində əməkdaşlıq edirik. Buna görə də siyasi ziddiyyətlərin bütün sahələrə şamil edilməsi Azərbaycanın öz maraqlarına da uyğun olmazdı”.

Siyasətçi hesab edir ki, prezidentin mesajı Qərbdən qopmaq yox, münasibətlərin əvvəlki yanaşmalar əsasında davam etdirilməsinin mümkün olmadığına dair mesajdır: “Yəni prezident göstərir ki, Azərbaycan tərəfdaşlıq istəyir, diqtə və ikili oyunları qəbul etmir. Əgər Avropa institutları siyasi təzyiq və ittihamlar əvəzinə konstruktiv dialoqa üstünlük versələr, münasibətlərin yaxşılaşması mümkündür”.


Geri qayıt