Əsas Səhifə > Ana xəbər / Güney Press > Məleykə Abbasazadə iradları dinləmək istəmir

Məleykə Abbasazadə iradları dinləmək istəmir


Bu gün, 01:32

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə imtahan suallarının çətinliyi ilə bağlı yaranan narazılıqlara münasibət bildirib. Bu barədə sosial şəbəkə hesabında paylaşım edən DİM sədri “İstərdim ki, imtahanlardan sonra göstərdiyimiz fəallığı imtahanlardan əvvəlki müzakirələrdə də göstərək. Çünki məqsədimiz narazılıqları sadəcə cavablandırmaq deyil, onları yaradan səbəbləri birlikdə araşdırmaq və qiymətləndirmə sistemini daha da təkmilləşdirməkdir”, – deyə qeyd edib.

M.Abbaszadə vurğulayıb ki, imtahanların çətinlik səviyyəsi barədə obyektiv fikir yürütmək üçün ilk növbədə nəticələri və onların statistik təhlilini görmək lazımdır. İmtahandan dərhal sonra, nəticələr açıqlanmadan formalaşan təəssüratlar heç də həmişə real mənzərəni əks etdirmir. Konkret suallarla bağlı iradların isə apellyasiya mexanizmləri vasitəsilə araşdırılması daha məqsədəuyğundur. DİM sədri hazırda Mərkəzdə imtahan proqramları ilə bağlı seminarların keçirildiyini, lakin bu müzakirələrdə iştirak səviyyəsinin kifayət qədər aşağı olduğunu vurğulayıb. O bildirib ki, imtahanların məzmununu, proqramlarını və modellərini müzakirə etmək üçün ən doğru zaman məhz imtahanlardan əvvəlki dövrdür. Hər il imtahan proqramları və modelləri ictimaiyyətə təqdim olunur, müəllimlər, ekspertlər və digər maraqlı tərəflər müzakirələrə dəvət edilir. Məleykə Abbaszadə ötən il imtahanlarla bağlı gözləntilərlə imtahandan sonrakı qiymətləndirmələr arasındakı fərqi öyrənmək məqsədilə anonim sorğular keçirildiyini də qeyd edib. Sorğular həm imtahandan əvvəl, həm də sonra aparılıb, əldə olunan nəticələr təhlil edilərək məqalə hazırlanıb. DİM sədri hər kəsi məqaləni oxumağa, nəticələrlə tanış olmağa və mövzu ətrafında fikir mübadiləsinə qoşulmağa çağırıb.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a açıqlamasında bildirdi ki, DİM rəhbəri iradlarında haqsızdır və bu, mövcud sistemik problemlərin məsuliyyətini növbəti dəfə ictimaiyyətin, müəllimlərin və müstəqil ekspertlərin üzərinə atmaq cəhdindən başqa bir şey deyildir:

- Məsələyə bir neçə fundamental müstəvidən baxmaq lazımdır. İlk növbədə, DİM sədri bildirir ki, imtahanlardan əvvəl seminarlar keçirilir, lakin iştirak səviyyəsi aşağı olur. Burada haqlı bir sual yaranır: Nə vaxt müəllimlər və müstəqil ekspertlər real dialoqa çağırılıblar ki, oraya getməyiblər? Məsələ sənəd üzərində seminar elan etməkdə deyil, həmin seminarların keçirilmə formatındadır. İllərdir təşkil olunan bu tədbirlər kütləvi müzakirə və təkliflərin qəbul olunması platforması deyil, daha çox DİM-in öz qərarlarını monoqoloq şəraitində diktə etdiyi, tənqidi fikirlərin gözardı edildiyi formallıqdan ibarətdir. İnsanlar dinlənilmədiklərini, təkliflərinin nəzərə alınmadığını gördükdə həmin mexanizmlərə inamlarını itirirlər. Eşidilməyən tərəfdən fəallıq tələb etmək ədalətsizlikdir. Digər tərəfdən, nəticələr açıqlanmadan irad bildirməyin emosional olduğunu demək, əslində imtahandan dərhal sonra yaranan haqlı narazılıq dalğasını yatırtmaq üçün istifadə olunan bir taktikadır.

Ə.Həsənli qeyd etdi ki, şagird, müəllim və ya ekspert imtahan sualının məntiqsizliyini, orta məktəb proqramına uyğunsuzluğunu və ya metodiki cəhətdən qüsurlu olduğunu görmək üçün statistik təhlilin çıxmasını gözləməli deyil. Sualın məzmun xətası və ya standartdan kənara çıxması elə imtahan günü də aydın görünür. Statistik təhlil yalnız sualın nə dərəcədə işlədiyini göstərə bilər, onun məntiqi və ya metodoloji baxımdan dürüst olduğunu müəyyən etmir:

- Eyni zamanda, konkret suallarla bağlı apellyasiya mexanizminə istinad olunsa da, hər il minlərlə abituriyent və müəllim bu prosesin nə qədər formal və qapalı keçirildiyindən gileylənir. Subyektiv qiymətləndirilən açıq suallarda belə DİM-in öz meyarları mütləq doğruluq kimi qəbul edilir, müstəqil ekspertlərin əsaslandırılmış şərhləri isə bir çox halda nəzərə alınmır. İmtahan qiymətləndirmə sisteminin məqsədi şagirdin bilik və bacarığını obyektiv ölçməkdir, onu çaşdırmaq və ya ilişdirmək deyil. Əgər hər il imtahandan sonra eyni narazılıqlar təkrar olunursa, deməli, problem təkcə abituriyentin emosiyasında və ya müəllimin passivliyində deyil, köklü şəkildə DİM-in qiymətləndirmə fəlsəfəsində və ictimaiyyətlə real dialoq qurmaq istəməməsindədir. Qabaqdan gələrək günahı tənqid edənlərdə aramaq əvəzinə, real açıqlıq və dinləmə iradəsi göstərilməlidir.


Geri qayıt