Əsas Səhifə > Ana xəbər / Güney Press > ABŞ-İran gərginliyi fonunda rəsmi Bakı üçün YOL XƏRİTƏSİ

ABŞ-İran gərginliyi fonunda rəsmi Bakı üçün YOL XƏRİTƏSİ


Bu gün, 05:59

ABŞ ilə İran arasında hərbi qarşıdurmanın yenidən genişlənməsi ehtimalı Azərbaycanın milli təhlükəsizliyi, iqtisadi maraqları və regional siyasəti baxımından ciddi suallar doğurur. İranla uzun sərhədə malik olan Azərbaycanın mümkün eskalasiya şəraitində hərbi riskləri, siyasi təzyiqləri və iqtisadi itkiləri necə idarə edəcəyi xüsusi əhəmiyyət daşıyır.

  • ABŞ–İran qarşıdurması yenidən genişmiqyaslı müharibəyə çevrilərsə, Azərbaycanın birbaşa hərbi təhlükə ilə üzləşməsi ehtimalı nə dərəcədə realdır və Bakı sərhəd təhlükəsizliyini qorumaq üçün hansı qabaqlayıcı tədbirləri görməlidir?
  • Vaşinqton və Tehran arasında qarşıdurmanın dərinləşməsi Azərbaycanı tərəf seçməyə məcbur edən siyasi təzyiqlərə səbəb ola bilərmi? Belə bir şəraitdə Bakı öz strateji tərəfdaşlıqlarını qorumaqla yanaşı, iqtisadi itkiləri minimuma endirmək və regional sabitliyi saxlamaq üçün hansı diplomatik xətti yürütməlidir?

Politoloq Elman Telmanoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ–İran qarşıdurmasının genişmiqyaslı müharibəyə çevrilməsi Azərbaycan üçün ciddi təhlükəsizlik riskləri yarada bilər. Lakin bu, ölkəmizin birbaşa hərbi münaqişəyə cəlb olunacağı demək deyil. Əsas risklər sərhəd insidentləri, raket və pilotsuz uçuş aparatları təhlükəsi, eləcə də regional sabitliyin pozulması ilə bağlıdır.

Azərbaycan sərhəd nəzarətini və hava hücumundan müdafiə imkanlarını gücləndirməli, strateji infrastrukturu qorumalı və mümkün fövqəladə hallara hazır olmalıdır. Eyni zamanda, İranla diplomatik əlaqələr saxlanılmalı və ən əsası, münaqişədən kənarda qalmaq siyasəti qorunmalıdır.

“Qarşıdurmanın dərinləşməsi Azərbaycan üzərində siyasi təzyiqləri artıra bilər. Bakı ABŞ və Avropa ilə əməkdaşlığını, Türkiyə və İsraillə strateji münasibətlərini qorumaqla yanaşı, İranla qonşuluq əlaqələrini də nəzərə almalıdır. Azərbaycanın əsas məqsədi tərəflərdən birinin mövqeyinə bağlanmaq deyil, milli maraqlarını və müstəqil qərarvermə imkanlarını qorumaqdır”, – deyə o bildirib.

Politoloq vurğulayıb ki, iqtisadi itkiləri azaltmaq üçün enerji ixracının və nəqliyyat marşrutlarının təhlükəsizliyi təmin edilməli, alternativ təchizat imkanları gücləndirilməlidir. Diplomatik müstəvidə isə Bakı bütün tərəflərlə dialoqu davam etdirməli, eskalasiyanın azaldılmasına çalışmalı və ölkənin suverenliyinə qarşı mümkün təhdidlərə prinsipial yanaşmalıdır. Bu, həm regional sabitliyin qorunmasına, həm də Azərbaycanın strateji maraqlarının müdafiəsinə xidmət edər.


Geri qayıt