Əsas Səhifə > Manşet / Siyasət > AYNA: Azərbaycan YALANÇI Nəqliyyat Agentliyi...

AYNA: Azərbaycan YALANÇI Nəqliyyat Agentliyi...


15-09-2026, 10:23

"AYNA-ya həm də Azərbaycan Yalançı Nəqliyyat Agentliyi desək yanılmarıq..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Elşad Məmmədli yazıb.
Jurnalist özünün etiraz dolu postunda daha sonra belə davam edir: "Sentyabrın 3-də bu quruma rəsmi məktub da yazaraq, dəfələrlə reportaj da hazırlanaraq problem çatdırılıb ki, Ceyranbatan qəsəbəsinin 20 mindən çox sakini illərdir avtobus problemi yaşayır. İnsanlar səhər küçələrdə qalır. Qəsəbənin özünün paytaxta gələn avtobusu yoxdur, təsəvvür edirsiniz? Bu qədər insan Sumqayıt-Baku (595, 594, 500 saylı) xəttinə buraxılan avtobusların ümidinə qalıb. Onlar da səhərlər birmənalı şəkildə dolu gəlir, çox az hallarda 2-3 nəfər boş yer olanda Ceyranbatanda saxlayırlar.
Təklif etdik ki, heç olmasa səhər 07-08:30 aralığında bir neçə avtobusun (594, 595) il sərnişion indirmə məntəqəsi Ceyranbatan olsun, yaxud da ayrıca avtobus verin bu qəsəbəyə.
Sonuncu məktubumuzu bir neçə gün öncə paylaşmışdım, vəd vermişdilər ki, məsələnin həlli üçün müvafiq addımlar atacaqlar.
Bu gün baş verənləri isə sözlə ifadə etmək mümkün deyil: Səhər saat 6:40-da dayanacağa çatanda gördüm ki, 50-dən çox insan - əksəri tələbə - yol kənarında toplaşıb. 07:20-dək mən də gözlədim, bu müddətdə təxminən 200 adam dayanacaqda yığışdı, amma 595, 594 heç biri saxlamadı, 500 də ümumiyyətlə gəlib çıxmadı.
Təxminən 07:25-də bir avtobus saxladı, sürücü dedi cəmi 2 yer var, vəssalam! Camaat minə bilmədi!
Məcbur qalıb qayıdıb maşınıma minib üzü paytaxta doğru hərəkətə qərar verdik: Çünki özüm işə, qızım dərsə gecikirdi. Mühəndislik universitetinin qarşısında tıxac başladı və biz avtovağzala 08:32-də çatdıq.
(Hələ o hissəsini də deyim ki, 08:35-də 2 nömrəli avtobus mindik, "Şamaxinka"yadək yarım saata zorla gəldi, orada dayanacaqda sərnişinlər avtobusa minmək üçün ölüm-dirim mübarizəsi aparırdılar! Bizim avtobus da o qədər tıxandı ki, adamlar "Nizami"yədək qucaq-qucağa gəldilər...)
Belə çıxır ki, AYNA Ceyranbatan sakinlərinə yalnız "şirin" yalan vədlər verib! İnsanların yollarda tıxacalarda qalması, dərsə, işə gecikməsi veclərinə də deyil.
Bu problemi həll etmək nə problemdir ki? Edilmirsə, deməli, sabotajdır, saymazlıqdır! Həm xalqa, həm də hökumətə qarşı...
İllərdir bu ciddi problemi demədiyimiz ünvan qalmadı. Əlacımız bircə ona qalır ki, ölkə rəhbərliyindən kömək istəyək!"

Geri qayıt