Əsas Səhifə > Manşet / Cəmiyyət > "Məzuniyyət pulumuzu verib, sonra da maaşımızdan tuturlar..."

"Məzuniyyət pulumuzu verib, sonra da maaşımızdan tuturlar..."


15-09-2026, 11:41

Naxçıvanda “Regest Tikinti Materialları” MMC-nin işçilərə verdiyi məzuniyyət pulunu sonradan onların maaşından geri tutduğu bildirilir.
Bu haqda “Gündəlik Naxçıvan”a şirkətin əməkdaşları şikayət ediblər. Onların sözlərinə görə, məzuniyyətə çıxarkən ödənilən vəsait sonrakı aylarda əməkhaqlarından çıxılır.
İşçilər buna etiraz edənlərin işdən çıxarılmaqla hədələndiyini də iddia edirlər.
İşçilər bildirirlər ki, çoxları işini itirmək qorxusundan buna etiraz edə bilmir:
“Biz bilirik ki, məzuniyyət pulu işçinin haqqıdır. Bu pulu verib sonra maaşdan geri tutmaq düzgün deyil. Əgər işçiyə məzuniyyət pulu verilibsə, həmin məbləğin sonradan əməkhaqqından çıxılması bizim haqqımızın tapdanmasıdır.
Burada heç kim etiraz etməyə cəsarət etmir. Hamı qorxur ki, işini itirsə, başqa iş tapa bilməyəcək. Ona görə də çoxu susmağa məcbur olur. Şirkət rəhbərliyi də bundan istifadə edir.”
Onlar belə məzunuyyətin öz mahiyyətini də itirdiyini deyirlər:
“Adam məzuniyyətə çıxır ki, bir az dincəlsin, ailəsi ilə vaxt keçirsin. Amma bilirsən ki, verilən pul gələn ay maaşından çıxılacaq, məzuniyyət sənə əlavə maddi sıxıntı yaradır. Belə olanda məzuniyyətin nə mənası qalır?”

Geri qayıt