Əsas Səhifə > Manşet / Ölkə > "Hüquqi mübarizəmi sona qədər davam etdirəcəyəm"
"Hüquqi mübarizəmi sona qədər davam etdirəcəyəm"17-09-2026, 10:57 |
|
Naxçıvan Ali Məhkəməsi etirazçı müəllim Aysel Quliyevanın apellyasiya şikayətindən sonra onun əleyhinə çıxarılmış məhkəmə qərarını ləğv edib. Lakin iş yenidən baxılması üçün aşağı instansiya məhkəməsinə göndərilməyib.
Quliyevanın sözlərinə görə, ona NDU rəhbərliyi tərəfindən verilmiş töhmətin ləğvi tələbi ilə yenidən ümumi qaydada məhkəməyə müraciət edə biləcəyi bildirilib.
Keçmiş NDU müəlliminin sözlərinə görə, Ali Məhkəmə əvvəlki qərarı onun ilkin iddia ərizəsində NDU rektoru Elbrus İsayevin imzaladığı töhmət əmrinin nömrəsinin göstərilməməsini əsas gətirərək ləğv edib:
“Mən ilkin ərizədə töhmət əmrinin nömrəsini göstərə bilməzdim, çünki həmin əmri dəfələrlə NDU-dan tələb etsəm də, mənə təqdim etməmişdilər. İşə 10 ay baxıldıqdan sonra mənə bildirildi ki, ümumi qaydada yenidən müraciət edib prosesi başdan başlaya bilərəm. Yəni 10 ay davam edən məhkəmə prosesini yenidən keçməliyəm. Görünür, hesab edirlər ki, bunu etməyəcəyəm. Amma edəcəyəm. Hüquqi mübarizəmi sona qədər davam etdirəcəyəm.”
“Gündəlik Naxçıvan”ın əldə etdiyi Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsindən görünür ki, Quliyeva NDU-nun 12 may 2025-ci il tarixli, 242 nömrəli töhmət əmrinin qanunsuz hesab edilərək ləğv olunmasını tələb edib.
Hakim Aslan Heydərov işə baxarkən universitet tərəfindən Quliyevaya intizam tənbehi verilməsi zamanı prosedur qaydalarının pozulduğu qənaətinə gəlib. Lakin töhmətin verilməsi üçün əsasların mövcud olduğunu hesab edərək onun iddiasını təmin etməyib.
Məhkəmə sənədindən o da görünür ki, Quliyeva ilkin ərizədə töhmət əmrinin nömrəsini göstərməsə də, 11 mart 2026-cı ildə iddiasını dəqiqləşdirərək 242 nömrəli əmri konkret qeyd edib. Şəhər Məhkəməsinin yekun qətnaməsində də mübahisənin məhz həmin əmrlə bağlı olduğu göstərilib.
Əmr nömrəsinin sonradan iddiaya əlavə edildiyi və Şəhər Məhkəməsinin həmin əmrin mahiyyəti üzrə qərar verdiyi nəzərə alınanda, ilkin ərizədə nömrənin olmamasının 10 ay sonra qərarın ləğvinə əsas gətirilməsi sual doğurur.
Aysel Quliyeva ilə NDU rəhbərliyi arasında mübahisə ötən il başlayıb. NDU-nun Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bir qrup tələbəsi dekan müavini Abbas Əhmədovun onları döydüyünü və təhqir etdiyini iddia edərək “Gündəlik Naxçıvan”a müraciət etmişdi. Tələbələr bildirirdilər ki, universitet rəhbərliyi Əhmədovu cəzalandırmaq əvəzinə, onları müdafiə edən Aysel Quliyevaya təzyiq göstərib.
Quliyevanın sözlərinə görə, həmin hadisələrdən sonra ona töhmət verilib, daha sonra isə universitetdəki işinə xitam verilib.
Geri qayıt |