Əsas Səhifə > Manşet / Sosial > “Canişin erası” xəstəliyinə tutulan Naxçıvan duzu

“Canişin erası” xəstəliyinə tutulan Naxçıvan duzu


22-09-2026, 08:22
"Bütün dünyada iqtisadi statistikalar illər üzrə hesablanır. Məsələn, qeyd olunur ki, 2026-cı ildə filan sahədə 2025-ci illə müqayisədə filan qədər inkişaf baş verib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
O daha sonra bildirir: "Naxçıvanda isə bütün rəsmi iqtisadi statistikalar nədənsə 2023-cü illə müqayisə olunur. Son rəsmi statistikada olduğu kimi:
“2023-cü illə müqayisədə 2025-ci ildə muxtar respublikanın ümumi daxili məhsulu (ÜDM) real ifadədə 7,6 %, sənaye istehsalı 4,6 %, nəqliyyat və anbar təsərrüfatı 25,7 %, informasiya və rabitə sahəsi isə 2,1 % artıb. Hesabat dövründə əsas kapitala investisiyalar 2,5 dəfə, o cümlədən tikinti-quraşdırma işləri real ifadədə 2,1 dəfə artıb.
2023-cü ildən 2026-cı ilin ilk altı ayı da daxil olmaqla Naxçıvanda Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 342 sahibkarlıq layihəsi maliyyələşdirilib, bu məqsədlə müvəkkil bank və bank olmayan kredit təşkilatları vasitəsilə ümumilikdə 27,2 milyon manat güzəştli kredit verilib. Layihə sayının sürətlə artması fonunda bir layihəyə düşən orta kredit məbləğinin azalması güzəştli maliyyələşmənin daha geniş sahibkar təbəqəsini əhatə etdiyini, xüsusilə kiçik və orta sahibkarlığın, ailə təsərrüfatlarının dəstəklənməsinin gücləndiyini göstərir” və s. və ilaxır.
Muxtar Respublikada iqtisadi inkişaf tempinin 3 illik müqayisəsinin məncə bir səbəbi var – Vasif Talıbovdan sonrakı dövrdə Naxçıvanda inkişafın ekonometrikası ölçülür. Yəni iqtisadi göstəricilər illərlə deyil, eralarla hesablanır. Zira Vasif Talıbov 2022-ci ilin sonunda – 21 dekabrında istefaya gedib, postunu bu 3 ildə 2 dəfə dəyişilən xələflərinə həvalə edib. Dolayısıyla Naxçıvanda guya yeni era – “xansızlıq dövrü” başlayıb.
Vasif Talıbovdan sonrakı iqtisadi inkişaf statistikasının reallığı nə dərəcədə əks etdirib-etdirmədiyini deyə bilmərəm. Amma 100% ona əminəm ki, “xan” həzrətlərinin son 3 ildə 2 dəfə dəyişilən xələfləri Naxçıvan camaatına gündə bəlkə 1000 dəfə Vasif Talıbovun dədəsinə rəhmət oxudurlar. Buna ona görə əminəm ki, son 3 ildə Naxçıvandan zəng edən yüzlərlə şikayətçi mənim özümə bu həmd-sənalarını çatdırıblar.
Amma deyəsən, Naxçıvanda bu müddət ərzində tez-tez dəyişilən təkcə Muxtar Respublika hökuməti deyil. Tarix boyu Naxçıvanın simvoluna çevrilən, onun üzünü ağardan duz istehsalı da yeni hökumətlərin tempinə uyğunlaşıb, o da dəfələrlə dəyişilmək xəstəliyinə tutulub.
Məlum olduğu kimi, Naxçıvanda duz istehsalı ilk dəfə 2025-cü ilin oktyabr ayında dayanmışdı. Onda hələ mənim “Pendirsatan” adlandırdığım Fuad Nəcəfli hakimiyyətdə idi. Üzərindən 1 ay keçməmiş “Pendirsatan” yaylaqlarda pendir tutmağa göndərildi və bəzi “ağzıgöyçəklər” dedilər ki, onu guya, pendirə çox vurduğu duzun ahı tutub. Yerinə isə indiki “Tendersatan” gətirildi. İnsafən, “Tendersatan”ın ilk və yeganə müsbət işi duz istehsalına yenidən başlaması oldu.
29 aprel 2026-cı il tarixində Azərbaycanın rəsmi media orqanları bir sevindirici xəbərlə təkcə Naxçıvan əhalisini deyil, bütün Azərbaycan xalqını belə muştuluqladı: ““Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, müəssisədə daş duzun çıxarılması, emalı və qablaşdırılması istiqamətində fəaliyyət bərpa olunub”.
Bir neçə ay alış-veriş etdiyimiz marketlərdə həqiqətən də yenidən Naxçıvan duzu peyda oldu. Amma təəssüf ki, Naxçıvandan aldığım son məlumata görə, duz istehsalı yenidən dayanıb. Artıq Muxtar Respublikanın bir çox alış-veriş mərkəzlərində Naxçıvan duzu yenidən yoxa çıxıb. Yəqin ki, yaxın günlərdə paytaxt sakinləri də bu qıtlığı yaxından hiss edəcəklər.
Naxçıvan duz mədəninin rəsmən bağlanıb-bağlanmadığını anlamaq üçün Vergilər Xidmətinin rəsmi saytına baxdım. Duz mədəni aktiv fəaliyyətdə görünürdü. Belə təsəvvür yaranır ki, mədən işləsə də, istehsal olunan duz istehlak bazarına çıxarılmır. Ya da ola bilər ki, Muxtar Respublika rəhbərliyi gözdən pərdə asmaq, paytaxtı aldatmaq üçün işləməyən mədəni aktiv fəaliyyətdədir kimi göstərir. Bu iki ehtimaldan hansının düz olduğuna aydınlıq gətirmək, təəssüf ki, mənim iradəm xaricindədir. Amma inanıram ki, Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyinin yetkililəri bu müəmma barədə rəsmi bir açıqlama verəcək, mən də onu siz dəyərli oxucularımla paylaşacağam..."

Geri qayıt