Əsas Səhifə > Manşet / Hadisə > "Beş-altı ildir evlərimizin qabağı qazılmış vəziyyətdə yaşayırıq..."

"Beş-altı ildir evlərimizin qabağı qazılmış vəziyyətdə yaşayırıq..."


22-09-2026, 08:24

Naxçıvan şəhərində aparılan genişmiqyaslı yol tikintisi sakinlərdə korrupsiya şübhəsi yaradıb. Məsələn, Xətai 32-də yaşayan beş ailə deyir ki, onların bərbad vəziyyətdə olan təxminən 100 metrlik yolu vaxtilə təmir edilmiş kimi sənədləşdirildiyindən, indiki asfaltlama işləri bu hissədən yan keçir.
Halbuki hazırda Xətai məhəlləsində ümumilikdə 7,7 kilometrlik yol asfaltlanır. Sakinlərin sözlərinə görə, onların yolu 5–6 il əvvəl qazılıb yarımçıq qoyulub, lakin sonradan sənədlərdə təmir edilmiş kimi göstərilib.
Sakinlərdən biri “Gündəlik Naxçıvan”a deyir ki, məhz əvvəlki sənədləşmə onların yolunun indiki layihədən kənarda qalmasına səbəb olub:
“Xətai məhəlləsində 7,7 kilometr yol asfaltlanır, bircə bizim beş evin qarşısındakı 100 metrlik yol təmirsiz qalır. Biz hesab edirik ki, bu, əvvəlki korrupsiyanın nəticəsidir. Bizə deyirlər ki, guya Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi bu yolu illər əvvəl təmir edib. Amma yol heç vaxt təmir olunmayıb, qazılıb və yarımçıq qoyulub. Sən demə, sənədlərdə təmir edilmiş kimi göstərilib, ayrılan pul da mənimsənilib. İndi də sənəddə yol təmir olunmuş göründüyünə görə yeni layihəyə salınmadığını deyirlər”.
Sakinlər bildirirlər ki, problemin həlli üçün qonşularla birlikdə əvvəllər də yerli icra nümayəndəliyinə müraciət etsələr də, nəticə olmayıb:
“Beş qonşu yığışıb icra nümayəndəliyinə getdik, bizə dedilər ki, problem həll olunacaq. İndi isə yolu çəkənlər deyirlər ki, ‘biz ayrı podratçıyıq, tenderi biz qazanmışıq, bu hissə bizim planda yoxdur’. Ətrafdakı yolların hamısına asfalt salınır, hətta ən ucqar yerlərdə də iş gedir. Amma bizim 100 metrlik yol yenə qalır. Beş-altı ildir evlərimizin qabağı qazılmış vəziyyətdə yaşayırıq”.
Rəsmi məlumata görə, Xətai məhəlləsində ümumilikdə 7,7 kilometr yolun birinci qat asfaltlanması nəzərdə tutulub.
Sakinlərin şikayət etdiyi 100 metrlik hissənin əvvəlki illərdə hansı layihə çərçivəsində təmir edilmiş kimi rəsmiləşdirildiyi və həmin yol üçün dövlət büdcəsindən vəsait ödənilib-ödənilmədiyi hələlik məlum deyil.
“Gündəlik Naxçıvan” məsələ ilə bağlı Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mövqeyini öyrənməyə çalışır.
"Gündəlik Naxçıvan"

Geri qayıt