Əsas Səhifə > Manşet / Hadisə > "İşə götürüləndə bizə söz verdilər ki, maaş ən azı 1000 manat olacaq..."
"İşə götürüləndə bizə söz verdilər ki, maaş ən azı 1000 manat olacaq..."23-09-2026, 10:59 |
|
Naxçıvana gətirilən yeni avtobusların sürücüləri aldadıldıqlarını və buna görə işləməkdən imtina etdiklərini deyirlər. Onların sözlərinə görə, işə qəbul zamanı 1000-1200 manat maaş vəd edilib, avtobuslar reysə buraxıldıqdan sonra isə 500–600 manat təklif olunub.
Bu haqda “Gündəlik Naxçıvan”a sürücülər şikayət ediblər.
Yeni avtobuslar avqustun 12-də Naxçıvanda yeni marşrut xətlərinə buraxılıb. Hakimiyyətyönlü media həmin vaxt avtobus parkında 222 nəfərin işlə təmin olunduğunu xüsusi vurğulayaraq bunu yeni iş yerlərinin yaradılması kimi təqdim etmişdi.
Sürücü A. Məmmədovun sözlərinə görə, əvvəllər sürücülər plan əsasında çalışır, müəyyən edilmiş məbləği ödədikdən sonra əlavə qazanc özlərinə qalırdı:
“Əvvəlki marşrutlarda plan əsasında işləyirdik. Planı ödədikdən sonra qazandığımız pul özümüzə qalırdı. Ayda ən azı 1000 manat qazanmaq mümkün idi. Çox qazanmaq üçün daha çox işləməyə də maraqlı olurduq. İndi isə 1000 manat söz verdikləri halda 500 manat maaş yazırlar. Bu pulla ailəni dolandırmaq mümkün deyil.”
Digər sürücü isə deyir ki, işə qəbul zamanı verilən vədlər avtobuslar reysə buraxıldıqdan sonra dəyişdirilib:
“İşə götürüləndə bizə söz verdilər ki, maaş ən azı 1000 manat olacaq. Prezident gəlib getdi, marşrutlar işə düşdü. İndi isə deyirlər ki, maaş 500 manatdır. İşləyən işləsin, işləməyən gedə bilər. Çoxları bu şərtlərlə razılaşmayaraq işləməkdən imtina edir. Buna görə də yeni avtobuslar marşrutlara buraxılsa da, bəzi istiqamətlərdə ciddi yubanmalar yaranır.”
Sürücülərin sözlərinə görə, çoxlarının işləməkdən imtina etməsi bəzi şəhərdaxili və rayonlararası marşrutlarda yubanmaların artmasına səbəb olub.
Geri qayıt |