Əsas Səhifə > Manşet / Cəmiyyət > Milli Qəhrəmanın oxuduğu məktəb ACINACAQLI DURUMDA

Milli Qəhrəmanın oxuduğu məktəb ACINACAQLI DURUMDA


27-09-2026, 07:19

Lənkəran rayonunun Ləj kəndində yerləşən Natiq Aslanov adına Ləj kənd tam orta ümumtəhsil məktəbinin mövcud vəziyyətindən kənd sakinləri və valideynlər narazıdırlar.

Bizimesr.media bildirir ki, söhbət Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əsgər Əliyevin də vaxtilə təhsil aldığı məktəbdən gedir.
Valideynlərin və kənd sakinlərinin redaksiyaya verdiyi məlumata görə, məktəbdə şagirdlərin normal təhsil alması üçün bir sıra vacib şəraitlər mövcud deyil. Belə ki, məktəbdə akt zalı, hərbi hazırlıq və çağırışaqədərki hazırlıq otağı, texnologiya otağı və idman zalı yoxdur. Bildirilir ki, idman dərsləri bəzən uyğun olmayan şəraitdə, açıq ərazidə və ya sinif otaqlarında keçirilir.

Məktəbdə müasir tədris vasitələrinin də çatışmazlığı qeyd olunur. Valideynlərin bildirdiyinə görə, təhsil ocağında elektron lövhə belə yoxdur. Bu isə şagirdlərin müasir və rəqəmsal təhsil imkanlarından istifadəsini məhdudlaşdırır.

Digər ciddi problem məktəbin təhlükəsizliyi ilə bağlıdır. İddialara görə, məktəbin ərazisini əhatə edən çəpər yararsız vəziyyətdədir və kənar şəxslərin məktəb ərazisinə asanlıqla daxil olması mümkündür. Belə vəziyyətin şagird və müəllimlərin təhlükəsizliyi baxımından risk yaratdığı bildirilir. Bundan əlavə, məktəbin bufet və yeməkxanasının vəziyyəti, eləcə də bəzi sinif otaqlarında işıqlandırmanın zəif olması da valideynlərin narazılığına səbəb olan məsələlər sırasındadır.

Kənd sakinləri bildirirlər ki, bu problemlərlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, onların sözlərinə görə, indiyədək məsələlərin həlli istiqamətində gözləntiləri qarşılayan nəticə əldə olunmayıb. Lənkəran-Astara Regional Təhsil İdarəsinin və Lənkəran Təhsil Sektoru rəhbərliyinə bu barədə müraciətlər edilsə də, qulaqardı edilib.


Geri qayıt