Əsas Səhifə > Manşet / Sosial > "Bu vəziyyətdə olan minlərlə "sarı taksi" sürücüsü var..."
"Bu vəziyyətdə olan minlərlə "sarı taksi" sürücüsü var..."9-10-2026, 05:45 |
"Hörmətli Ceyhun müəllim! Sizə açıq şəkildə müraciət edən ömrünün 27 ilini bu şəhərdə keçirən Emin Tarverdiyevdir..." "DİA-AZ" xəbər verir ki, bu sözlər Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsi Ceyhun Cəlilova "Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri Emin Tarverdiyev tərəfindən ünvanlanmış müraciətdə yer alıb.Müraciıtdə daha sonra deyilir: "Yəqin ki, Siz məni yaxından tanımırsınız, amma Naxçıvanda məni tanıyan, işlərimdən xəbərdar olan çox adam var. Onlar da təsdiq edərlər ki, mən lüzum olmadıqca heç kimi narahat etmərəm, kiçik məsələlərdən ötrü müraciət ünvanlamaram. Lakin Naxçıvana bu günlərdə etdiyim son səfərim zamanı müşahidə etdiyim və həllinə ehtiyac duyulan bir problem barədə Sizə yazmaq qərarına gəldim.
Doğma Naxçıvanımızın inkişafını, buradakı insanların rifahını və bu torpağın möhtəşəm gələcəyini mən də ən azı Sizin qədər ürəkdən istəyirəm. Əminəm ki, Siz də bunu istəyirsiniz və müraciətim diqqət yetirilməsi vacib olan məsələlərə aiddir.
Bu yaxınlarda Naxçıvana sırf bir hüzr məclisində iştirak etmək üçün 32 saatlıq səfərim oldu. Məclisdə və səfər boyunca keçirdiyim 24 saat ərzində çoxsaylı yerli sakinlərlə, sadə insanlarla yaxından söhbət etmək imkanım yarandı. İnsanların qayğılarını, gündəlik dolanışıq çətinliklərini dinlədim. Təəssüf ki, yerində müşahidə etdiyim vacib bir məsələni ictimailəşdirməyi və Sizin diqqətinizə çatdırmağı özümə mənəvi borc bildim.
"Sarı taksi" sürücülərinin çörək imtahanı və yeni iş yerləri zərurəti:
Bu gün Naxçıvanın ən başlıca ehtiyaclarından biri yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun təmin olunmasıdır. Lakin biz mövcud iş yerlərini də qorumağa məcburuq. Vaxtilə, təxminən 15 il öncə Naxçıvanda minlərlə taksi sürücüsünə məcburi qaydada "NAZ-Lifan" markalı avtomobillər aldırıldı. Bu gün həmin insanların çoxu hələ də o dövrdən qalan kredit və borc girdabında çabalayır. İndi isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yerli əməkdaşları bu sürücülərə göz açdırmır, onların fəaliyyətinə ciddi maneələr yaradırlar. Həmin sürücülər hətta hava limanı ərazisinə müştəri apara bilmirlər.
Naxçıvanda bu vəziyyətdə olan minlərlə "sarı taksi" sürücüsü var. Onsuz da iş yerlərinin məhdud olduğu bir şəraitdə süni maneələr yaratmaq təkcə bir sürücünün işinə yox, birbaşa minlərlə ailənin gündəlik qazancına, evinə apardığı halal çörəyinə toxunmaqdır. İnanıram ki, Sizin bir rəhbər kimi qətiyyətli müdaxilənizlə bu məsələ tənzimlənər və illərdir borc yükü altında əzilən bu insanlara öz halal ruzilərini qazanmağa şərait yaradılar.
Cənab Səlahiyyətli Nümayəndə!
Naxçıvanda yeni iş yerlərinin yaradılması, mövcud çörək qapılarının bağlanmaması və insanlara humanist münasibətin göstərilməsi bu gün muxtar respublikanın dirçəlişi üçün ən vacib addımlardır.
Sizin rəhbərliyiniz dövründə göstərdiyiniz humanist yanaşma bizdə belə bir inam yaradır ki, minlərlə taksi sürücüsünün fəryadı cavabsız qalmayacaq. Sizin ədalətli rəhbər qətiyyətinizə və insani alicənablığınıza ümid edirik.
Naxçıvan məhz Sizin kimi rəhbər şəxslərin mərhəməti, sevgisi və qətiyyəti ilə inkişaf edəcək..."
Geri qayıt |