Əsas Səhifə > Manşet / Hadisə > DGK-də BMW X5-in gömrük dəyəri ilə bağlı narazılıq...

DGK-də BMW X5-in gömrük dəyəri ilə bağlı narazılıq...


10-10-2026, 11:35

ABŞ-dan gətirilən BMW X5 avtomobilinin gömrük rəsmiləşdirilməsi zamanı əlavə ödəniş hesablanması ehtimalı və qiymətləndirmənin əsasları ilə bağlı narazılıq yaranıb.
Moderator.az xəbər verir ki, Məmmədov Rahib Rafiq oğlu bu məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırova şikayət ərizəsi ilə müraciət edib.
Müraciəti olduğu kimi təqdim edirik:
"Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki cənab Şahin Bağırova
ŞİKAYƏT ƏRİZƏSİ
Mən, Məmmədov Rahib Rafiq oğlu, təxminən 6 ay əvvəl ABŞ-ın Manheim hərracından 2018-ci il istehsalı, 213.000 km yürüşü olan BMW X5 Plug-in Hybrid avtomobili almışam. Avtomobil hazırda gömrük terminalındadır.
08.10.2026-cı il tarixli gömrük bəyannaməsinə əsasən avtomobil üçün 10.277,41 manat gömrük ödənişi hesablanmışdır. Lakin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin qiymətləndirmə şöbəsinin rəisi Elamin Əhmədov tərəfindən həmin qiymətləndirməyə etiraz edilmiş, nəticədə gömrük ödənişinin təxminən 900–1000 manat artırılması vəziyyəti yaranmışdır.
Məsələyə aydınlıq gətirmək üçün Elamin Əhmədovun qəbulunda oldum. O, avtomobili ucuz aldığımı və Manheim-in qapalı hərrac olduğunu bildirdi. Mən isə faktiki alış qiymətini təsdiq edən sənədlərin, ödəniş məlumatlarının və digər sübutların mövcud olduğunu, bunları təqdim etməyə hazır olduğumu bildirdim.
Buna baxmayaraq, təqdim etməyə hazır olduğum sübutların obyektiv araşdırılması təmin edilmədi və gömrük dəyərinin artırılmasının konkret əsasları mənə izah olunmadı.
Cənab sədr!
Məni narahat edən təkcə əlavə 900–1000 manat deyil, vətəndaşın təqdim etdiyi sənədlərin hansı əsaslarla nəzərə alınmaması və gömrük dəyərinin hansı meyarlarla artırılmasıdır.
Həmçinin məndə belə bir ciddi şübhə yaranmışdır ki, gömrük ödənişlərinin artırılmasında vəzifəli şəxslərin maddi marağı ola bilər. Bu səbəbdən gömrük əməkdaşlarının əməkhaqqı, mükafatlandırma və maddi həvəsləndirmə mexanizmlərinin hesablanan və ya yığılan gömrük ödənişlərinin məbləğindən asılı olub-olmadığının araşdırılmasını xahiş edirəm. Bu şübhəmi təsdiqlənmiş fakt kimi deyil, araşdırılmalı məsələ kimi diqqətinizə çatdırıram.
Sizdən xahiş və tələb edirəm:
1. Elamin Əhmədovun hərəkətlərinin qanuniliyinin və əsaslılığının xidməti qaydada araşdırılmasını;
2. Manheim hərracından alınmış avtomobilin faktiki alış qiymətini təsdiq edən sənədlərin nəzərə alınmasını;
3. Gömrük dəyərinin artırılmasına səbəb olan qiymət mənbələrinin, müqayisələrin və hesablama üsulunun mənə yazılı təqdim edilməsini;
4. Gömrük dəyərinin müəyyən edilməsində ehtiyat üsulunun tətbiqinin hüquqi əsaslarının yoxlanılmasını;
5. Əməkdaşların əlavə gömrük ödənişlərinin hesablanmasında şəxsi və ya maddi marağının olub-olmadığının araşdırılmasını;
6. Qanunsuzluq aşkar edilərsə, müvafiq tədbirlərin görülməsini və avtomobilimin qanuni gömrük dəyəri əsasında rəsmiləşdirilməsini;
7. Şikayətimin barəsində şikayət etdiyim əməkdaşdan asılı olmayan şəxslər tərəfindən araşdırılmasını və nəticəsi barədə mənə əsaslandırılmış rəsmi cavab verilməsini xahiş edirəm.
Dövlət orqanının vəzifəsi vətəndaşdan mümkün qədər artıq ödəniş almaq deyil, qanunvericiliyin düzgün və ədalətli tətbiqini təmin etməkdir.
Ümid edirəm ki, müraciətimə formal deyil, obyektiv yanaşılacaq və vətəndaşın dövlət qurumlarına olan etimadının qorunması istiqamətində müvafiq tədbirlər görüləcəkdir.
Hörmətlə,
Məmmədov Rahib Rafiq oğlu
09.10.2026"
Qeyd edək ki, şikayətdə səsləndirilən iddialarla bağlı Dövlət Gömrük Komitəsinin və adı çəkilən əməkdaşın mövqeyi təqdim edilməyib. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Geri qayıt