Əsas Səhifə > Manşet / Hadisə > "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..."

"Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..."


Bu gün, 10:32

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Vüsal Nəsirli tərəfindən vəzifə verilən Fazil Musayevin həbsinə səbəb olduğu Nizam Mustafayev həbsxanadan saytımıza məktub göndərib.

Tribuna.az xəbər verir ki, N. Mustafayev Vüsal Nəsirlinin vəzifə verdiyi işçisinə görə həm pulundan, həm də azadlığından olduğunu qeyd edib.

V.Nəsirliyə həbsxanadan xitabən yazılmış məktubu təqdim edirik:

“Hörmətli Vüsal Nəsirli,

Bu məktubu Sizə azadlıqda olduğum vaxt deyil, həbsxanadan yazıram. Mənim üçün ən ağır olan isə təkcə burada olmağım deyil. Ağır olan odur ki, haqqımı tələb etdiyim, gördüyüm işin pulunu almaq istədiyim halda, bu gün həm maddi zərər çəkmişəm, həm də azadlığımdan məhrum olmuşam.

Mən azadlığımdam sizin əməkdaşlarınız üzündən məhrum olmuşam. Onlar sizə hər şeyin qaydasında olduğu ilə bağlı hesabat veriblər. Ancaq əməkdaşlarınız sizə yalan danışır, sizə yalan məlumat, yalan hesabat verirlər.

Sizin əməkdaşınız olan Fazil Musayev mənə faktiki olaraq 3900 manata qədər pul borcludur. Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm.

Mənim ailəm, övladlarım tək mənim qazancımla dolanırdı. İndi mən həbsxanadayam, onlar və siz isə övladlarınızın yanındasız, mənim övladlarım isə pərişan vəziyyətdədir.

Sizə sualım sadədir: mənim haqqımı ödəməyən, mənə olan borcunu qaytarmayan bir şəxsin vəzifəsinin yüksəldilməsi necə baş verir?

Söhbət rəhbərlik etdiyiniz Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan “Bakı 4 №-li Yol İstismarı” MMC-nin rəhbəri Fazil Musayevdən gedir.

Mənə Yasamal rayonunda, “Royal Park”ın yaxınlığında yerləşən sosial evlərə gedən yolun çəkilişi üçün ağır tonnajlı maşın və material lazım olduğunu bildirdilər. Mən də əvvəlcədən razılaşdırılmış məbləğ qarşılığında maşını işə verdim. İş görüldü, amma bu günə qədər haqqımı ala bilməmişəm.

Mən haqqımı tələb etdim. AAYDA-ya müraciət etdim. Düşündüm ki, dövlət qurumunun tabeliyində çalışan və işçilərin pulunu ödəmədiyi iddia olunan rəhbər şəxslə bağlı məsələ araşdırılacaq və haqqım bərpa olunacaq.

Amma nəticədə mən özümü daha ağır vəziyyətdə gördüm.

Bu gün həbsxanadayam.

Mən baş verən hadisələr nəticəsində həm pulumdan olmuşam, həm də azadlığımdan. Bütün bunların fonunda isə mənim haqqımı ödəmədiyini bildirdiyim şəxsin vəzifəsinin yüksəldildiyini görürəm.

Vüsal müəllim, Siz AAYDA-nın rəhbərisiniz. Ona görə də Sizdən soruşuram: mənim səsimi kim eşidəcək?

Mənim də ailəm, övladlarım, öhdəliklərim, zəhmətim var. Mənim qazancım kiminsə mənə etdiyi yaxşılıq deyil. Mən gördüyüm işin, verdiyim maşının haqqını tələb edirəm.

Mən bu məktubu kiməsə böhtan atmaq üçün yazmıram. Mən istəyirəm ki, haqqımda, mənə olan borc barədə və baş verənlərin səbəbləri barədə araşdırma aparılsın. Əgər mənim dediklərim doğru deyilsə, bunun da ortaya qoyulmasını istəyirəm. Əgər doğrudursa, onda mənim haqqım niyə bu qədər müddətdir ödənilmir?

Sizdən xahişim budur: bu məsələyə bir daha baxın. Mənim kimi insanların səsini həbsxanadan yazılan məktubda eşitmək məcburiyyətində qoymayın.

Mən həm pulumu itirmişəm, həm azadlığımı.

İndi heç olmasa haqqımın araşdırılmasını istəyirəm.

Nizam Musayev
Həbsxanadan”.


Geri qayıt