Əsas Səhifə > Manşet / Hadisə > "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..."

"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..."


Bu gün, 11:33

Bakıda "Atəşgah" məbədini ziyarət edən bir qrup turist məbədin ərazisindəki "Atəşgah" restoranında onlara sifariş etdikləri yeməklərin dəyərindən xeyli artıq hesab təqdim edildiyini iddia edib.
"Bakupost" xəbər verir ki, bu barədə rusiyalı turist sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Çindən olan dostları ilə birlikdə məbədə ekskursiyaya gəliblər. Daha sonra yemək yemək üçün ərazidə yerləşən "Atəşgah" restoranına üz tutublar.
Turistin sözlərinə görə, sevgilisi Azərbaycan dilində danışdığı üçün turistlərə təqdim olunan menyunu deyil, adi menyunu istəyib. Sifarişlərini də həmin menyudakı qiymətlərə əsasən veriblər.
O iddia edib ki, sifarişin ümumi dəyəri 108 manat olduğu halda, onlara əvvəlcə 180 manatlıq hesab təqdim edilib. Narazılıqlarını bildirdikdən sonra hesab 160, daha sonra isə 130 manat olaraq dəyişdirilib. Turistlər yalnız menyudakı qiymətləri kalkulyatorla özləri hesabladıqdan sonra düzgün məbləği müəyyən edə biliblər:
"İndi burada dayanıb məsələni aydınlaşdırmağa çalışırıq. Bizi dörd dəfə aldatmağa cəhd etdiklərini düşündüyümüz üçün həmin hesabı ödəməyəcəyimizi bildiririk.
Qarşınızda Azərbaycan dilində danışan, sifariş verən və restoranlarda belə halların baş verə biləcəyini bildiyi üçün əvvəlcədən turistlər üçün nəzərdə tutulan menyunu deyil, adi menyunu istəyən bir insan var. Halbuki, prinsip etibarilə, belə bir ayrı-seçkilik qanunsuzdur. Siz isə qonaqlarınızın qarşısında ölkənizi bu cür biabır edirsiniz.
Baş verənlərə görə dəhşətli dərəcədə əsəbiləşmişəm. Xüsusilə ona görə ki, artıq bir saatdır burada dayanıb məsələni həll etməyə çalışırıq, amma heç bir nəticə yoxdur. Halbuki nə qədər əsəbi olduğumuzu görürlər.
Belə bir vəziyyətlə qarşılaşan olubsa, xahiş edirəm, bunun necə həll edilə biləcəyini desin. Çünki düşünürəm ki, bu "Atəşgah"da çox sayda turisti aldadırlar.
Təsəvvür edin, restoranda nə qədər yemək yediyinizi hesablamaq üçün kalkulyatordan istifadə etmək məcburiyyətində qalırsınız. Bu, nə qədər alçaldıcıdır! Sadəcə biabırçılıqdır! Heç utanmırsınız?!"

Geri qayıt